Aşura gününün orucu

    29.09.2017

Aşura – hicri təqvimin ilk ayı olan Məhərrəm ayının 10-cu günüdür. Aşura sözü ərəb dilində "onuncu" deməkdir. Aşura günündə oruc tutmaq bəyənilən əməllərdən sayılır. İbn Abbas (Allah ondan razı olsun) deyir: “Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Mədinəyə gəldikdə yəhudilərin aşura günü oruc tutduqlarını görüb soruşdu: “Bu nədir?”
On­lar dedilər: “Bu, gözəl bir gündür! Bu, Allahın İsrail oğullarını onların düşmən­lə­rin­dən xilas etdiyi gündür! (Elə bu səbəbdən də) Musa həmin günü oruc tut­muş­dur”.
Peyğəmbər buyurdu: “Mən Musaya (onun etdiyini davam etməyə) siz­dən daha haqlıyam”. Sonra o, həmin günü oruc tutdu və səhabə­lərinə də oruc tutmağı əmr etdi. (əl-Buxari, 2004).

Peyğəmbərdən Aşura gününün orucu barədə soruşduqda, o belə buyurmuşdur: “Keçmiş il üçün işlənmiş günahları yuyacaq!” (Muslim, 1162, 2804).
Allah Elçisi buyurmuşdur: “Ramazandan sonra ən fəzilətli oruc ayı Allahın Muhərrəm ayıdır. Fərz namazlarından sonra ən fəzilətli namaz da gecə namazıdır”. (Muslim, 1163, 1982).
Aşura gününün orucu Məhərrəm ayının 9-u və 10-u, və ya 10-u və 11-i, yaxud da ardıcıl olaraq 9-u, 10-u və 11-ci günləri tutulur.

Paylaş: