Maidə surəsinin 54-cü ayəsi türklərə aiddirmi?

    22.02.2017
Kimdən: 
Turab Se
Sual: 
Allahın Salamı olsun gözəl bəndələrə! "Maidə, 54 - Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə, (bilsin ki) Allah (onun yerinə) elə bir tayfa gətirər ki, (Allah) onları, onlar da (Allahı) sevərlər. Onlar möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olar, Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah (öz lütfü ilə) genişdir, (O, hər şeyi) biləndir!" - ayədə bir çox alimlər həmin o tayfanın "türk milləti" olduğunu iddia edirlər. Ayə haqqında biraz açıqlama verərdiniz zəhmət olmasa. Allah bu ayədə türklərimi nəzərdə tutur?
Cavab: 

Və aleykum Salam. Uca Allah buyrur: "Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatəedəndir, Biləndir". (əl-Məidə, 54). İbn Kəsir, ət-Tabəri, əs-Sə'di (Allah onlara rəhmət etsin) və s. mötəbər təfsir alimlərinin kitablarında bu ayə haqqında qeyd etdiyiniz izah verilməyib. Zəhmət olmasa ayədə keçən tayfanın türk milləti olduğunu deyən alimlərdən bəzilərinin adlarını bilirsinizsə, qeyd edərdiz. Abdurrahmən ibn Nasir əs-Sə'di "Müqəddəs Quranın Təfsiri" adlı kitabında bu ayəyə belə izah vermişdir: "Uca Allah bildirir ki, O, yaratdıqlarına qətiyyən möhtac deyil və buna görə, dinindən imtina edən insan Allaha heç bir zərər vurmur, ancaq özü-özünə zərər verir. Çoxsaylı səmimi qullar və doğruçu insanlar var ki, Mərhəmətli olan Uca Rəbbimiz onları düz yolla aparacağına söz vermişdir. Bu insanlar ən qüsursuz keyfiyyətlərə, ən mətin qəlbə və ən gözəl mənəvi simaya malikdirlər. Onların ən yaxşı cəhəti Allahın onları sevməsi və onların da Onu sevməsidir. Allahın bəndəsinə bəslədiyi sevgini, doğrudan da, ən şərəfli lütfkarlıqdır ki, ona göstərilir və ən böyük qiymətdir ki, ona verilir. Uca Allah Öz qulunu sevdikdə, onun qarşısında geniş imkanlar açılır və Allah onun hər çətin işini asanlaşdırır, onu xeyirxah əməllərə ruhlandırır, qınanılan əməllərdən çəkindirir və qullarının qəlbini Ona məhəbbət və dostluq münasibəti ilə doldurur. Ancaq öz Rəbbinin sevgisini qazanmaq üçün bəndə bütün varlığı ilə Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yolu ilə getməli, sözlərində, əməllərində və rəftarında ona (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bənzəməlidir. Bu barədə Quranda deyilir: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali-İmran, 31). Uca Allahın sevgsinə layiq olmaq üçün qul daima vacib və könüllü saleh əməllər vasitəsilə Ona yaxınlaşmalıdır. Səhih hədislərinin birində rəvayət edilir ki, Uca Allah buyurmuşdur: "Qulumun onların vasitəsilə Mənə yaxınlaşdığı ən sevimli əməlləri, Mənim ona həvalə etdiklərimdir. Könüllü ayinləri yerinə yetirməsi sayəsində Mənim qulum Mən onu sevənədək Mənə yaxınlaşmaqda davam edir. Mən onu sevdikdə isə, Mən onun eşitdiyi qulağı, gördüyü gözü, tutduğu əli, yeridiyi ayağı oluram. O Məndən bir şey istədikdə, Mən ona hökmən əta edirəm. Əgər o Mənim himayəmə sığınarsa, Mən hökmən onu qoruyaram". (əl-Buxari, 6502).
Uca Allahın sevgisinə layiq olmaq üçün Onu dərk etmək və Onu tez-tez xatırlamaq lazımdır. İnsan Allahı dərk etmədikcə onun Ona bəslədiyi məhəbbəti kamil olmur. Daha doğrusu, onda belə məhəbbət heç yoxdur, halbuki o bunun əksini iddia edir. Lakin, əgər insan Allahı həqiqətən sevirsə, o hökmən Onu tez-tez yadına salacaq və əgər Allah Öz qulunu sevərsə, O, ondan ən cüzi əməllərini belə qəbul edəcək və onun çoxlu səhvlərini və günahlarını bağışlayacaqdır. Belə qulların keyfiyyətlərindən biri də onların möminlərə qarşı mülayim olmalarıdır. Onlar iman sahiblərinin qarşısında özlərini uca tutmur, çünki onları sevir və onlara səmimiyyətlə xeyirxahlıq arzulayırlar. Onlarla ünsiyyətdə yumşaq, xeyirxah davranır, güzəştə gedir və möminlər onlardan istədiklərinə əziyyətsiz nail olurlar. Uca Allah buyurur: "Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən...". (əl-Fəth, 29).
Sonra Uca Allah xəbər verir ki, möminlər söz və əməlləri ilə haqdan uzaq olanları haqqın yoluna dəvət edərlər və onları qınayanların məzəmmətindən çəkinmirlər. Əksinə, onlar ancaq öz Rəbbinin lütfkarlığına can atır və Onun məxluqlarının qınağından daha çox, Onun Öz qınağından qorxurlar. Bu, onların məqsədyönlülüyü və qətiyyətli əzmkarlığına dəlalət edir, əks halda, ətrafdakılar qorxaq insanları qınadıqda onlar cəsarətdən məhrum olur, gücdən düşürlər. Onların ürəklərində məxluqların qarşısında əyilmək hissi yaşayır ki, bunun dərəcəsi isə onların insanların rəyinə bəslədikləri diqqətdən və insanların onları bəyənib və ya qınamalarından asılı olur. İnsan Allah xatirinə məzəmmət edənlərin qınağından ehtiyat etməsinə son qoyanadək, öz qəlbini məxluqlar qarşısında baş əyməkdən təmizləyə bilməz. Uca Allah möminləri Özünün bəxş etdiyi və onlara bu ayədə xatırlanmamış digər xeyirxah əməllər işlətməyi həvalə edən gözəl və yüksək keyfiyyətlərinə görə təriflədikdən sonra, bildirir ki, bütün bunlar Uca Allahın onlara göstərdiyi mərhəmətidir. Möminlər özlərini aldatmamalı, onlara əzəmətli lütfkarlığını göstərmiş Allaha həmd etməlidirlər və əgər onlar şükür etsələr, O, onlara daha böyük nemətlər bəxş edər. Bütün qalan insanlar isə bilməlidirlər ki, onlar Uca Allahın mərhəmətini qazanmaq imkanından məhrum edilməmişlər. Allah nemətini istədiyi kəsə bağışlayır. O, hədsiz-hüdudsuz səxavətə malikdir. O, Öz rəhmi ilə bütün varlığı qaplayır və Öz sevimli qullarını başqalarına layiq görmədiyi mərhəməti ilə himayə edir. O, kimin Onun mərhəmətinə layiq olduğunu bilir və O, onu onlara bəxş edir. Allah kimin peyğəmbərliyi layiqincə yerinə yetirəcəyini və kimin də Onun peyğəmbərlərinin ardınca getməyə layiq olacaqlarını çox gözəl bilir".

Teqlər: 
Paylaş: