Zinadan doğulan uşaq Cənnətə düşə bilərmi?

    10.04.2017
Kimdən: 
Abdullah
Sual: 
Salam aleykum. Zina nəticəsində doğulan uşaq Uca Allaha itaət edərsə cənnətə daxil olacaqmı? Yoxsa valideynlərinin günahına görə o cəhənnəm oduna məhkum olacaqmı? Həmçinin zinadan doğulan uşağın nə kimi haqqları var?
Cavab: 

Va aleykum Salam. Zinadan doğulan uşaq nə ittiham olunur, nə də anasının və anası ilə bu haram əməli edən kişinin günahına görə Uca Allahın bu ayələrinə əsasən məsuliyyət daşımır. Uca Allah buyurur: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qazandığı (şər də yalnız) öz əleyhinədir...". (əl-Bəqərə, 286); "Heç bir günahkar başqasının günah yükünü daşımaz". (ən-Nəcm, 38). 

Belə ki, onun aqibəti, sonu cəhənnəm odunda və yaxud cənnətdə olması Allaha itaətindən, saleh əməllər işləməsindən və islam dini üzərində müsəlman kimi ölməsindən asılıdır. Bu halda, o cənnətə daxil olacaqdır. Allaha asilik edərsə və küfr üzərində kafir olaraq ölərsə, o zaman onun son yeri cəhənnəm odu olacaqdır. Lakin onda həm xeyir, həm də şər əməllərin hər ikisi varsa, o zaman onun aqibəti Allahın istəyi altındadır. Zinadan doğulan uşağın cənnətə daxil olmayacağından bəhs edən hədisə gəldikdə isə, bu hədis uydurma hədisdir.

Zinadan doğulan (vələduz-zina) uşağı haqlarına gəldikdə, anası müsəlmandırsa, onun haqları digər müsəlman uşaqların haqları kimidir. Anası müsəlman olduğundan, uşağına görə məsuliyyət daşıyır və uşağının haqlarını yerinə yetirməlidir. Çünki bu vəziyyətdə uşaq anasına tabedir. Anası ilə zina edən kişi deyil, anası, sonra ondan miras alacaq olan qohumları, ümumiyyətlə isə müsəlman cəmiyyəti uşağa görə cavabdehlik daşıyır (uşağın onların üzərində haqqı var). Bunun səbəbi odur ki, islama görə o (anası ilə zina edən kişi) uşağın halal atası sayılmır. ("Fətavə əl-Ləcnə əd-Dəimə" cild 20, səh. 395-396).

Teqlər: 
Paylaş: