Naməhrəmə əlcək ilə toxunmaq olarmı?
Salam aleykum. Naməhrəmə toxunmaq, onunla təklikdə qalmaq, zərurət olmadan söhbət etmək və s. haramdır və bu zinaya aparan yollardan hesab olunur. Uca Allah buyurur: "Zinaya yaxınlaşmayın. Çünki bu, iyrənc bir əməl və murdar bir yoldur!" (əl-İsra, 32). Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Sizdən biriniziz başına iynə ilə dürtülməsi onun üçün halal olmayan bir qadına toxunmaqdan daha xeyirlidir". (ət-Tabərani "Mu'cəmul-Kəbir", 20/212). "Adəm oğlunun zinadan bir nəsibi vardır. Heç şübhəsiz ki, o buna mütləq düşəcəkdir. Gözlərin zinası baxmaqdır. Qulaqların zinası dinləməkdir. Dilin zinası danışmaqdır. Əlin zinası tutmaqdır. Ayağın zinası addımlamaqdır. O, ki qaldı qəlbə o, arzu və təmənna edir. Övrət yeri ya bunu təsdiq edəcəkdir, ya da inkar". (əl-Buxari, 6243). Aişə (Allah ondan razı olsun) belə demişdir: "Allaha and içirəm ki, Rəsulullahın (salləllahu aleyhi və və səlləm) əli qadın əlinə toxunmamışdır. Yalnız sözlə onlardan beyət aldı". (əl-Buxari "Əhkam", 49).
Ancaq xüsusi zərurət hallarında müəyyən haram olan şeylər icazəli olduğu kimi, naməhrəmə toxunmaq da icazəlidir. Bu zaman imkan varsa, əlcəklə toxunmaq daha yaxşıdır.