Məscidə getməyin savabı

    26.07.2017
Məscid – Allaha ibadət olunan məkandır. Bu, Allahın yad olunduğu yer olunduğuna görə məscidlərin İslam dinin böyük və əvəzolunmaz yeri var. Məscidə getməyin üstünlükləri haqda Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) bir çox hədislər varid olmuşdur. Onlardan bəziləri:
 
“Kim xeyir öyrənmək və ya öyrətmək üçün səhər məscidə gedər­sə, ona tam bir həcc savabı verilər”. (ət-Tabərani “Mucəmul-Kəbir” 7346, 7473).
 
Osmanın azad etdiyi qul Humran demişdir: “Bir gün Osman ibn Əffan gözəl şəkildə dəstəmaz aldı. Sonra belə dedi: “Mən Peyğəmbəri (salləllahu aleyhi və səlləm) gördüm. O, dəstəmaz aldı və bunu gözəl şəkildə yerinə yetirdi. Son­ra bu­yur­du: “Kim bu şəkildə dəstəmaz alar, sonra da nəfsini yalnız na­maz qıl­mağa təhrik edərək məscidə gedərsə, keçmiş günahları bağışla­nar”. (Muslim, 548).
 
“Kim gözəl bir şəkildə dəstəmaz alar, sonra məscidə gəlib insanların namazı bitir­diklərini görsə belə, Uca Allah ona namazda iştirak edənlərin savabına bəra­bər mükafat yazar və onların savabından heç bir şey əskilməz”. (Əbu Davud, 564).
 
“Evində gözəl bir şəkildə dəstəmaz aldıqdan sonra məscidə gələn Allahın ziyarətçisidir. Ziyarət edənə ehtiram göstərmək isə ziyarət oluna­nın üzə­rində bir haqdır”. (ət-Tabərani “Mucəmul-Kəbir” 6139).
 
“Kim səhər və axşam­üs­tü məscidə gedərsə, hər gedişində Allah onun üçün Cənnətdə bir yer ha­zır­la­yar”. (əl-Buxari 662).
 
“Kim zülmət gecədə məscidlərə gedərsə, Qiyamət günü nur içində Uca Allahla görüşəcək”. (ət-Tabərani “Müsnəduş-Şəmiyyin” 3513).
 
“Dəs­tə­ma­zı­ pozul­madıqca məsciddə namazı gözlədiyi müd­dət ərzində qul namazda olduğu ki­mi sayılır”. (əl-Buxari, 17).
 
“Məscidə ən uzaq yerdən gələnin mükafatı daha böyükdür”. (Əbu Davud, 556).
 
“Kim Cümə günü yaxşıca yuyunaraq qüsl edər, tezdən məscidə miniksiz, yeriyərək gedər, imama yaxın oturub onu sakitcə dinləyərsə, evdən məscidə qədər atdığı hər addıma görə ona bir illik oruc və bir illik gecə namazı savabı yazılar”. (Əbu Davud, 345).
 
Uqbə ibn Amir (Allah ondan razı olsun) demişdir: “Biz Suffədə (məsciddə evsizlər üçün ayrılan yer) olarkən Allah Elçisi salləllahu aleyhi və səlləm gəlib dedi: “Hansınız hər səhər Büthan və ya əl-Əqiq vadisinə gedib günah etmədən və qohumluq əlaqələrini kəsmədən oradan hörgüclü iki maya dəvə gətirmək istəyir?” Biz dedik: “Ey Allahın Elçisi! Biz bunu istəyirik”. O dedi: “Sizdən biri səhər məscidə gedib, Allahın kitabından iki ayə öyrənərsə və ya (onları) oxuyarsa, bu onun üçün iki dəvədən daha xeyirli olar. Üç ayə onun üçün üç dəvədən, dörd ayə onun üçün dörd dəvədən daha xeyirli olar. (Öyrənilən və oxunulan) ayələrin sayı nə qədər­dirsə, o qədər də dəvələrdən daha xeyirlidir”. (Muslim, 1909).
 
Peyğəmbər salləllahu aleyhi və səlləm demiş­dir: “(İnsanın) camaatla qıl­dığı namazı öz evində və ya bazarda (fərdi şəkil­də) qıldığı namaz­dan iyirmi beş dəfə artıqdır, çünki sizdən biri lazımı qaydada dəstəmaz alıb ancaq namaz qılmaq məqsədilə məscidə gəlsə, məscidə daxil olanadək atdığı hər ad­dıma görə Allah onu bir dərəcə yük­səl­dər və onun bir günahını silər. Məscidə daxil olduqdan sonra orada qal­dı­ğı vaxt ərzində namazda olduğu kimi sayılar. Namazını qılacağı yerdə gözlə­diyi vaxt ərzində, dəstəmazı pozulanadək mə­lək­­­lər: “Allahım, onu bağışla! Allahım, ona rəhm et!” - deyə onun üçün dua edərlər”. (əl-Buxari, 477).
Paylaş: