Bütün peyğəmbərlər namaz qılıblarmı?

    03.03.2014
Sual: 
Salam aleykum. Butun peygemberler namaz qiliblarmi?
Cavab: 

Aleykum salam. Bəli, Uca Allah Quranda peyğəmbərlərin namaz qıldığını bildirmişdir. Uca Allah Məhəmməd peyğəmbərə (salləllahu aleyhi və səlləm) buyurur: "Ailənə namaz qılmağı əmr et, özün də onu səbrlə yerinə yetir. Biz səndən ruzi istəmirik, (əksinə) sənə ruzi verən Bizik. (Gözəl) aqibət təqvaya bağlıdır". (Ta Ha, 132).
"Biz Musaya və onun qar­­daşına: "Camaatınız üçün Misirdə evlər tikin, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!" - (deyə) vəhy etdik". (Yunus, 87).
İsa (aleyhis-sələm) körpə ikən dil açıb demişdi: "Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi". (Məryəm, 30-31).
İbrahim (aleyhis-sələm) demişdir: "Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə!" (İbrahim, 37).
"Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O, bir elçi və peyğəmbər idi. O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı". (Məryəm, 54-55).
"Onlar dedilər: "Ey Şueyb! Atalarımızın ibadət etdikləri (tanrılardan), yaxud mallarımızı istədiyimiz kimi istifadə etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir? Doğrudan da, sən yumşaq xasiyyətlisən, ağıllısan". (Hud, 87).
"O (Zəkəriyyə), mehrabda durub namaz qılarkən mələklər onu çağırdılar: "Allah səni, Allah tərəfindən olan Kəlməni təsdiq edən, qövmünün ağası, nəfsinə hakim və əməlisalehlərdən bir peyğəmbər olacaq Yəhya ilə müjdələyir". (Ali-İmran, 39).
"Ey Məryəm! Rəbbinə itaət et, səcdə et və rükuya gedənlərlə birlikdə rükuya get!" (Ali İmran, 43). 
Həmçinin, hədislərdən birində Peyğəmbər (Allahın ona və ailəsinə salamı və salavatı olsun) demişdir: "Biz peyğəmbərlər toplumu Rəbbimiz tərəfindən üç şeyə əmr olunduq. Namazda sağ əlimizi sol əlimizin üstünə qoymaqla sinəmizin üzərində bağlı tutmaq, oruc tutduğumuz zaman sahuru (səhər yeməyini) gecikdirməyə və iftar açdığımız zaman tələsməyə". (əd-Dəraqutni).

Teqlər: 
Paylaş: