Allah qəlbimizdən keçənlərə görə bizi cəzalandıracaqmı?

    25.04.2018
Sual: 
Salam aleykum.Sual cavab bölməsində yazmısınız ki, insan qəlbindən keçənlərə qarşı hesaba çəkilməz.Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir.(Bəqərə 284) Allah sizi qərəzsiz içdiyiniz andlara görə cəzalandırmaz, lakin O, sizi qəlbinizin qərəzinə (qəsdən içdiyiniz andlara) görə cəzalandıracaqdır. Allah Bağışlayandır, Həlimdir.(Bəqərə 225).Axı bu ayələrdə Allah bzə qəlbizimdən keçənlərdən də məsul olduğumuzu bildirir.Xahiş edirəm bu barədə geniş yazardınız.Əvvəlcədən təşəkkür edirəm.Allah razı olsun.
Cavab: 
Va aleykum Salam. Uca Allah insana fikir azadlığı vermişdir. İnsan qəlbindən keçən pis fikirlərə əməl etmədikcə, ona günah yazılmaz. Yuxarıda qeyd etdiyiniz əl-Bəqərə surəsinin 284-cü ayəsi 285 və 286-cı ayələr ilə nəsx olunmuşdur, yəni hökmü ləğv edilmişdir. Bu ayələrin nazil olma səbəbi haqda Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Uca Allah: "Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir". (əl-Bəqərə, 284) - ayəsini Allah Elçisinə (salləllahu aleyhi və səlləm) nazil etdikdən sonra, onu eşidən səhabələr böyük sıxıntılar keçirərək Allah Elçisinin (salləllahu aleyhi və səlləm) yanına gəlib diz üstə oturdular və dedilər: "Ey Allahin Elçisi! Biz bacardığımızı - namaz qılmaq, oruc tutmaq, cihad etmək və sədə­qə vermək kimi əməlləri yerinə yetirməyə mükəlləf edildik, lakin sənə nazil olan bu ayəyə əməl etməyə gücümüz çatmır”. Allah Elçisi buyurdu: "Sizdən əvvəlki iki kitab əhli kimi (yəhudi və xristianlar): "Eşitdik və asi olduq!" - demək istəyir­siniz?" Xeyr, deyin: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!" Onlar bunu dedikdən sonra Allah bu ayəni nazil etdi: "Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də (iman gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. (Onlar dedilər): "Biz Onun elçiləri arasında fərq qoymuruq!" Onlar dedilər: "Eşitdik və itaət etdik! Ey Rəbbimiz! Səndən bağışlanma diləyirik, dönüş də yalnız Sənədir!" (əl-Bəqərə, 285). Onlar bunu dedikdə Uca Allah ayəni nəsx (hökmünü ləğv) etdi və Allah bu ayəni endirdi: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər. Hər kəsin qazandığı (xeyir yalnız) onun özünə, qa­zandığı (şər də yalnız) öz əleyhinədir. "Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!" (əl-Bəqərə, 286). Möminlər bu ayəni oxu­duqda, hər dəfə: "Ey Rəbbimiz!..." - deyə dua edib Allaha xitab etdikdə, O: "İstədiyinizi sizə verdim!" - deyə cavab verir". (Muslim, 125, 180, 344).
Bu ayələrdə insanın qəlbindən kəçən, niyyəti və əməli ilə heç bir bağlılığı olmayan pis fikirlər nəzərdə tutulur. Qeyd etdiyiniz əl-Bəqərə surəsinin 225-ci ayəsində isə insanın qəsdən, şüurlu şəkildə etdiyi andlara görə məsuliyyət daşıması haqda xəbər verilir. Çünki, bəzi insanlar and içməyə adət edərək nəyə and içdiklərinin fərqinə varmırlar. Uca Allah insanın sadəcə fikirləşdiyinə görə deyil, niyyət edib əməl etdiyinə görə sorğu-sual edəcək. 
 
Teqlər: 
Paylaş: