Rəsulullahın adları

    06.03.2014

      Rəsulullah - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Mənim bir çox adlarım var: mən həm Muhəmməd, həm də Əhmədəm, mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi Mahiyəm, mən insanların, arxasınca gedib məhşərə toplandığı Haşirəm və mən Aqibəm, o Aqib ki, özündən sonra bir peyğəmbər gəlməyəcək.”

Muhəmməd – təriflənən deməkdir. Bu adı ona atası qoymuşdur.

Əhməd – Allaha hamıdan çox həmd-səna edən deməkdir. Bu ad Qurani Kərimdə bir yerdə zikr olunur. Uca Allah buyurur:
Bir zaman Məryəm oğlu İsa demişdi: "Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı elçisi ilə sizi müjdələyən bir elçisiyəm!" Allahın elçisi onlara açıq-aydın dəlillər gətirdikdə onlar: "Bu, aşkar bir sehrdir!"– dedilər” (əs-Saff, 6).

Mahi – silib yox edən deməkdir. Peyğəmbərin gəlişi ilə ondan əvvəlki dinlərin hökmü aradan qaldırılmışdır. Uca Allah buyurur:
“Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək məqsədilə Öz Elçisini hidayət və haqq dinlə göndərən Odur” (əs-Saff, 9).

Haşir – bir yerə toplayan deməkdir. Qiyamət günü Peyğəmbərimiz öndə, insanlar da onun arxasınca gedib məhşərə  toplanacaqlar. Peyğəmbər demişdir: “Qiyamət günü mən Adəm övladının ən hörmətlisi olacağam, lakin mən bununla lovğalanmıram. Həmin gün mən əlimdə həmd bayrağı tutacağam, lakin mən bununla lovğalanmıram. O gün peyğəmbərlərin hamısı mənim bayrağımın altında toplanacaqlar. Habelə qəbri açılacaq ilk kimsə də mən olacağam, lakin mən bununla lovğalanmıram”. (Sunən ət-Tirmizi, 3975).
 
Aqib – sonuncu. Uca Allah buyurur:
“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Elçisi və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi bilir” (əl-Əhzab, 40).
 
Huzeyfə demişdir: “Bir gün mən Mədinənin küçələrindən birində Peyğəmbərə rast gəldim.  O mənə öz adlarını sadalayıb dedi: “Mən həm Muhəmməd, həm də Əhmədəm, mən həm Rəhmət peyğəmbəri, həm də Tövbə peyğəmbəriyəm, mən həm Muqəffəyəm, həm də Haşirəm və bir də Döyüşlər peyğəmbəriyəm”. (əl-Buxari, 3339).
 
Nəbiyyu-Rahmə - rəhmət peyğəmbəri. Peyğəmbərimizin rəhmət peyğəmbəri olması barədə Uca Allah buyurur:
“Səni də aləmlərə ancaq bir rəhmət olaraq göndərdik” (əl-Ənbiya, 107).

Nəbiyyut-Tovbə - tövbə peyğəmbəri. Tövbə xüsusunda da Peyğəmbərimiz bütün bəşəriyyətə nümunə olmuşdur. Peyğəmbər buyurmuşdur: “Vallahi, mən hər gün yetmiş dəfədən çox Allahdan həm bağışlanma diləyir, həm də Ona tövbə edirəm” (Səhih əl-Buxari, 6307).
 
Hədislərdə bu ad həm Muqəffi, həm də Muqəffə kimi gəlmişdir.
Muqəffi - peyğəmbərlərin yolunu addımbaaddım gedib, onların axırıncısı olan deməkdir. Onların yolunu getmək barədə Uca Allah Quranda Öz peyğəmbərinə belə buyurur:
“O peyğəmbərlər Allahın doğru yola yönəltdiyi kəslərdir. Sən də onların haqq yoluna yönəl” (əl-Ənam ,90).
Peyğəmbər buyurmuşdur: “Dünyada da, Axirətdə də insanların Məryəm oğlu İsaya ən yaxın olanı mənəm. Əslində, peyğəmbərlər ata bir, ana ayrı övladlardır. Anaları ayrı olsa da, dinləri birdir”. (Səhih əl-Buxari, 1433).

Muqəffə isə sonuncu deməkdir. Peyğəmbərlərin bir-birinin ardınca gəlişi Muhəmməd peyğəmbərin gəlişi ilə başa çatmışdır. Peyğəmbərlərin bir-birinin ardınca göndərilməsi barədə Qurani Kərimdə belə xəbər verilir:
“Sonra bir-birinin ardınca elçilərimizi göndərdik. Hər dəfə hər hansı bir ümmətə peyğəmbər gəldikdə, onlar onu yalançı saydılar. Biz də onları bir-birinin ardınca məhv edib əfsanələrə çevirdik. Məhv olsun iman gətirməyən adamlar!” (əl-Muminun, 53).

Döyüşlər peyğəmbəri adı Peyğəmbərə Allah yolunda apardığı çox saylı döyüşlərə görə verilmişdir.
 

Paylaş: