Dua ibadətdir
Dua sözünün mənası çağırış deməkdir. Dua edən öz Rəbbinə üz tutaraq Onu köməyə çağırır. Duaları qəbul edən, çağırışlara cavab verən yalnız Uca Allahdır. Dua ibadətdir. Odur ki, dua edən yalnız Uca Allahdan istəməlidir. Allahdan qeyrisinə dua edib nəsə istəmək Allaha şərik qoşmaqdır. Allaha şərik qoşmaq isə günahların ən böyüyüdür.
Dua insanı Allaha yaxınlaşdıran ən gözəl ibadətdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah üçün duadan daha əziz heç nə yoxdur". (ət-Tirmizi, 3370, 3696).
Allaha doğru açılan əllər geriyə boş qaytarılmır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Həqiqətən, sizin Rəbbiniz həyalıdır, səxavətlidir; əllərini Ona doğru qaldırıb dua edən qulunun əllərini boş qaytarmağa həya edər". (Əbu Dəvud, 1490).
Allaha dua etdikdə üç şeydən biri baş verir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Hansı bir müsəlman, daxilində günah və qohumluq əlaqələrinin kəsilməsi olmayan bir dua edərsə, Allah ona üç şeydən birini verər - ya istədiyini ona bu dünyada verər, ya ona verəcəyini Axirət gününə saxlayar, ya da başına gələn bir müsibəti ondan uzaq edər". Əbu Səid (Allah ondan razı olsun) dedi: "Elə isə duaları çoxaldaq!" Allah Elçisi (salləllahu aleyhi və səlləm) dedi: "Allah daha çox verəndir!" (əl-Buxari: "Ədəbul-Mufrad", 710).
Allahdan nə qədər istəmək lazımdır? Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Biriniz Allahdan istədikdə, çox istəsin, çünki o, öz Rəbbindən istəyir".
Tələsməyənin duası qəbul olunur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Biriniz "Mən dua etdim, amma duam qəbul olunmadı" deyərək tələsmədikcə, duası qəbul olunar". (əl-Buxari, 6340).
Ən fəzilətli dua hansıdır? Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Qulun "Allahım, Səndən dünya və axirətdə salamatlıq diləyirəm" (Allahummə inni əs'əlukəl-muafətə fid-dunyə vəl-əxirati) - duasından daha fəzilətli ediləcək heç bir dua yoxdur".
Xoş gündə Allahı xatırla ki, Allah da səni dar gündə xatırlasın. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Kimi sıxıntı və kədər anında duasının qəbul olunması sevindirirsə, qoy xoş günündə duasını çoxaltsın".
Rədd olunmayan dualar
Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Üç dua rədd olunmur; valideynin övladı üçün etdiyi dua, oruc tutanın duası və müsafirin duası".
Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "İki dua rədd edilməz və ya nadir halda rədd edilər; azan verildikdə və döyüş meydanında düşmənlə qarşılaşdıqda edilən dua".
Həmçinin, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Və yağış vaxtı!"
Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Üç duanın qəbul olunmasına şübhə yoxdur; atanın, müsafirin və məzlumun duası".
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Üç nəfərin duası rədd edilməz; Allahı çox xatırlayanın, məzlumun və ədalətli rəhbərin duası".