Cənnətdə insanlar nə işlə məşğul olacaqlar?

    08.12.2018
Kimdən: 
Süleyman
Sual: 
Salam.Cennetde insanlar ne isle mesgul olacaqlar.
Cavab: 
Və aleykum Salam. Dünya həyatında insanlar ruzi qazanmaq, özlərini və ailələrini dolandırmaq üçün işləyirlər. Bu səbəbdən insan ömrünün böyük bir hissəsi işləməyə, ruzi qazanmağa sərf olunur. Cənnətdə isə insana dünyadakından qat-qat gözəl və ağıla gəlməyən nemətlər əziyyətsiz verildiyi üçün işləməyə ehtiyac olmayacaq. Allah Elçisi (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər hansı birinizin Cənnətdəki ən aşağı məqamı ona: "İstədiyini arzu et!" - deyilməsidir. O da istədiyi qədər arzulayacaq. Sonra ona: "Arzuladıqların bitdimi?" - deyiləcək. O: "Bəli!" - deyə cavab verdikdə ona: "Arzuladıqların və bir o qədəri də sənindir" - deyiləcək. (Səhih Muslim, 268).
Cənnətdə həmçinin nemətlərdən bezib usanmaq da olmayacaq. Bununla belə işləmək istəyən insan bunu edə biləcək. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə bədəvilərdən birisi Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında ikən Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə bir hədis danışdı: "Cənnət əhlindən biri Rəbbindən orada əkinçiliklə məşğul olmaq üçün izn istəyəcək". (Rəbbi ona) buyuracaq: "Məgər istədiklərinə nail olmamısan?" Adam deyəcək: "Elədir, lakin mən əkin əkməyi sevirəm". (Onda ona izn veriləcək və o) torpağa toxum səpəcək. Toxumlar bir göz qırpımında cücərib yetişəcək və bol məhsul verəcək; (o məhsul) dağ boyda olacaq”. Onda Allah ona buyura­caq: "Götür onları, Ey Adəm övladı! Həqiqətən, heç bir şey sənin gözünü doydura bilməz". (Peyğəmbərin salləllahu aleyhi və səlləm yanındakı) bədəvi dedi: "Vallahi, bu adam olsa-olsa ya qureyşdən, ya da ənsardan olan bir kimsə olacaq. Əkinçiliklə məşğul olan onlardır, biz yox". Peyğəmbər (salləllahu aleyhi və səlləm) (onun bu sözünə) gülümsədi". (Səhih əl-Buxari, 2177, 2221, 2348). Həmçinin oxuyun: Cənnətin vəsfi belədir
Teqlər: 
Paylaş: