“Bismilləhir-Rahmənir-Rahim” - “Mərhəmətli və Rəhmli Allahın adı ilə!”

    04.11.2018

Səhabələr Allahın Kitabını (Quranı) “Bəsmələ” ilə[1] başlamışlar. Alimlər yekdilliklə qəbul etmişlər ki, “Bəsmələ” ən-Nəml surəsinin bir ayəsidir.[2] Daha sonra fikir ayrılığna düşmüşlər. “Bəsmələ” hər surənin əvvəlində müstəqil ayədirmi? Yoxsa surənin bir hissəsi olub əvvəldə yazılmışdır? Yaxud da ilk ayənin bir hissəsidirmi? Yoxsa bu deyilənlər əl-Fatihə surəsinə aid olub digər surələrə aid deyildir? Yoxsa “Bəsmələ” ayə deyil sadəcə surələri biri-birindən ayırmaq üçün yazılmışdır? Bu barədə əvvəlki və indiki alimlərin bir çox rəyləri vardır. Bu mövzuda başqa yerdə geniş danışılacaqdır. Əbu Davudun “əs-Sünən” əsərində səhih sənədlə İbn Abbasdan N rəvayət olunur ki, “Bismilləhir-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə) nazil olmayana qədər Pey­ğəmbər r surələri biri-birindən ayıra bilmirdi”.[3] Hədisi həmçinin əl-Həkim “əl-Mustədrək” kitabında rəvayət etmişdir. İbn Xuzeymənin “əs-Səhih” kitabında Ummu Sələmədən O rəvayət olunan hədisdə deyilir:  “Bir dəfə Pey­ğəmbər r namazda ikən “Bəsmələ”ni əl-Fatihə surəsinin əvvəlində oxudu və onu bir ayə saydı”. Lakin bu hədis Ömər ibn Harun əl-Bəlxinin rəvayətidir və onun İbn Cureycdən, onun da İbn Əbu Muleykədən, onun da Ummu Sələmədən O rəvayəti zəif sayılır. əd-Dəruqutni Ömər ibn Harun əl-Bəlxinin rəvayətini Əbu Hureyranın y Pey­ğəmbərdən r rəvayətini gücləndirmək üçün gətirib. Bu hədisin eynisini Əlidən, İbn Abbasdan M və başqalarından rəvayət edib.
“Bəsmələ”nin “Bəraət” (Tövbə) surəsi istisna olmaqla[4] digər surələrdən hər birinin ayəsi olması rəyini səhabələrdən: İbn Abbas, İbn Ömər, İbn əz-Zubeyr, Əbu Hureyra, Əli, tabiinlərdən isə: Ata, Tavus, Səid ibn Cubeyr, Məkhul, əz-Zuhri demişlər. Həmçinin, Abdullah ibn Mubərak, əş-Şafii, Əhməd ibn Hənbəldən gələn bir rəvayətdə, İshaq ibn Rahaveyh, Əbu Ubeyd əl-Qasim ibn Səlləm (Allah onlara rəhmət etsin) də bu rəyi demişlər.[5]
Malik, Əbu Hənifə və onların davamçıları demişlər: “Bəsmələ” nə əl-Fatihə surəsi, nə də başqa surələrin ayəsi deyildir”. Davud demişdir: “O hər surənin əvvəlində müstəqil ayədir, lakin surədən deyildir” Bu rəy həmçinin İmam Əhməddən rəvayət olunan bir rəydir. Əbu Bəkr ər-Razi bu rəyi Əbul-Həsən əl-Kərxidən rəvayət etmişdir. Onların hər ikisi Əbu Hənifənin böyük davamçılarıdır.
Bu, “Bəsmələ”nin əl-Fatihə surəsindən olub-olmaması ilə əlaqəli idi. “Bəsmələ”nin (namazda) səslə deyilib-deyilməməsi məsələsinə gəlincə isə, bu məsələ də əvvəlki məsələdən şaxələnir. “Bəsmələ”ni əl-Fatihə surəsindən saymayanlar onu səslə deməməyi görmüşlər. Həmçinin, “Bəsmələ”ni hər surənin əvvəlində müstəqil ayə hesab edənlər də bu rəydədirlər. Lakin “Bəsmələ” surələrin əvvəlidir deyən alimlər özləri fikir ayrılığına düşmüşlər. İmam əş-Şafiinin rəyinə görə “Bəsmələ” əl-Fatihə və digər surələrlə birlikdə səsli oxunmalıdır. Bu rəy həmçinin səhabə, tabiin, bir çox keçmiş və indiki alimlərin rəyidir. Səhabələrdən Əbu Hureyra, İbn Ömər, İbn Abbas və Muaviyə (Allah onlardan razı olsun) “Bəsmələ”ni səslə oxumuşlar. Həmçinin, əl-Xatib əl-Bağdadi bu rəyi Səid ibn Cubeyr, İkrimə, Əbu Qiləbə, əz-Zuhri, Səid ibn əl-Museyyib, Ata, Tavus, Mucahid, Ömər ibn Abdul-Əziz və başqalarından nəql etmişdir.
Əbu Davud və ət-Tirmizi İbn Abbasdan M rəvayət edirlər ki, Pey­ğəmbər r namazı “Bismilləhir-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə) başlayardı. Hədisin ardından ət-Tirmizi deyir: “Hədisin sənədi o qədər də güçlü deyil”. Həmçinin, əl-Həkim “əl-Mustədrək” kitabında İbn Abbasdan N rəvayət etmişdir ki, Pey­ğəmbər r  “Bismilləhir-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə) cümləsini səslə deyərdi. Hədisin ardınca “Səhihdir” demişdir.
Səhih əl-Buxaridə rəvayət edilən hədisdə Ənəs ibn Məlikdən Pey­ğəmbərin r  Quran oxuması barədə soruşulduqda Ənəs: “Uzadaraq!”– deyə cavab verdi, sonra da: “Bismillahir-Rəh­­manir-Rəhim” ayəsini – “Bismillah”, “ər-Rəhman” və “ər-Rəhim” kəl­mə­­lərinin (hər birini) uzadaraq oxudu”.
İmam Əhmədin “Musnəd”, Əbu Davudun “əs-Sünən”, İbn Xuzeymənin “əs-Sahih”, əl-Hakimin “əl-Mustədrək” kitablarında Ummu Sələmədən O rəvayət olunan hədisdə “Pey­ğəmbər r (əl-Fatihə surəsini oxuyarkən) fasilə verərək oxuyardı: “Bismilləhir-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə!). Əlhəmdu lilləhi Rabbil aləmin. Ər-Rahmənir-Rahim. Məliki yəumiddin. ...”. əd-Dəruqutni demişdir: “Hədisin sənədi səhihdir”. İmam əş-Şafii və əl-Hakimin “əl-Mustədrək” kitabında Ənəsdən y rəvayət edilir ki, bir dəfə Muaviyə y Mədinədə namaz qılarkən “Bəsmələ”ni səssiz oxudu. (Namazdan sonra) iştirak edənlər bunu ona irad tutdular. Növbəti dəfə namaz qılanda “Bəsmələ”ni səslə oxudu”.
Gətirdiyimiz hədislər və rəvayətlər bu rəyin digər rəylərdən daha üstün olmasına kifayətdir, lakin rəyə etirazlara və bu mövzuda qəribə rəvayətlərə, bu rəvayətlərin araşdırılması, zəifləşdirilməsi və rəvayətlərdə olan zəifliklərin bəyan edilməsinə gəlincə, bu məsələlər öz yerində gələcək.
Digər alimlər imamın namazda “Bəsmələ”ni səssiz oxuması rəyindədirlər. Bu rəy dörd xəlifədən,[6] Abdullah ibn Muğəffəldən və sair sələf tabiinlərdən və onlardan sonra gələnlərdən sabit olmuşdur. Həmçinin, bu rəy Əbu Hənifənin, əs-Səurinin və Əhməd ibn Hənbəlin məzhəbidir.
İmam Malikə görə isə imam ümumiyyətlə “Bəsmələ” oxumur. İstər səssiz, istərsə də səsli olsun. Bu rəyi deyənlər dəlil olaraq Səhih Muslimdə Aişədən O gələn hədisə əsaslanırlar. Hədisdə Aişə O deyir: “Allah Elçisi r namazını təkbir (Allahu Əkbər) gətirib aləmlərin Rəbbi Allaha həmd etməklə başlayardı”. Bu rəydə olanların həmçinin istinad etdikləri hədislərdən biri də əl-Buxari və Muslimin Ənəs ibn Məlikdən y rəvayət etdikləri: “Mən Peyğəmbərin r, Əbu Bəkrin, Ömərin və Osmanın M arxasında namaz qılmışam. Onların hamısı namazlarını aləmlərin Rəbbi Allaha həmd etməklə başlayardı”- hədisdir. Muslimin rəvayətində isə: “Qiraətin nə əvvəlində, nə də sonunda “Bismilləhir-Rahmənir-Rahim” (Mərhəmətli və Rəhmli Allahın adı ilə!) deməzdilər”. Bu mənada hədislər həmçinin “əs-Sünən” kitablarında Abdullah ibn Muğaffəldən y varid olunmuşdur.
Sünnə imamlarının bu məsələdə istinad etdikləri mənbələr bunlardır. Onların rəylərinin hamısı biri-birinə yaxındır, çünki onların hamısı “Bəsmələ”ni istər səsli, istərsə də gizli oxuyanın namazının səhih (düzgün) olduğunu yekdilliklə bildirmişlər.
 

Fəsil: “Bəsmələ”nin fəziləti

 
İmam Əhməd “Musnəd” kitabında Asimdən rəvayət edir ki, o demişdir: “Əbu Təmimənin Peyğəmbərlə r eyni miniyin tərkində olan bir səhabədən belə rəvayət etdiyini eşitdim: “Peyğəmbərin miniyi büdrədi və mən dedim: “Bədbəxt olsun şeytan!” Peyğəmbər r dedi: “Bədbəxt olsun şeytan!”- demə. Sən: “Bədbəxt olsun şeytan!”- dedikdə, şeytan get-gedə böyüyər və deyər: “Gücümlə onu yıxdım”. Əgər “Bismilləh”- desən şeytan milçək boyda olana qədər get-gedə kiçilər”. İmam Əhmədin rəvayətində belə varid olub.[7] ən-Nəsəi “əl-Yəum vəl-Leylə” kitabında və İbn Mərdəveyh Usamə ibn Umeyrdən y rəvayət etdikləri hədisdə o demişdir: “Peyğəmbərlə r eyni miniyin tərkində idim...” sonra bu hədisi rəvayət etdi. Sonra Peyğəmbər r dedi: “Elə demə! Belə dedikdə, o, ev boyda olana qədər böyüyər, lakin “Bismilləh” de. Belə desən, o, milçək boyda olana qədər kiçilər”.[8]
Bu, “Bismilləh” sözünün bərəkətinin təsirindəndir. Bu səbəbdən hər əməl və sözün əvvəlində “bismilləh” demək müstəhəbdir. Həmçinin, Peyğəmbərin “Bismilləhir-Rahmənir-Rahim” ilə başlamayan hər bir iş naqisdir” hədisinə görə hər xütbənin əvvəlində demək müstəhəbdir. Habelə, ayaqyoluna daxil olarkən də “bismilləh” demək müstəhəbdir. Bu barədə hədislər var. Dəstəmazın əvəlində də “bismilləh” demək müstəhəbdir. Bu barədə İmam Əhmədin “Musnəd”i və Sünnə kitablarında Əbu Hureyra, Səid ibn Zeyd və Əbu Səiddən Peyğəmbərə r isnad edilərək rəvayət olunur: “Dəstəmaza başlayarkən Allahın adını çəkməyənin dəstəmazı yoxdur”.[9] Bu  hədis dərəcə etibarilə “həsən”dir.[10] Bəzi alimlər yada düşdüyü halda bunu vacib saymış, bəziləri isə istənilən halda vacib saymışlar. Həmçinin, İmam əş-Şafiinin məzhəbinə və bir çox alimlərin rəyinə görə heyvan kəsərkən deyilməsi müstəhəbdir. Digər alimlər yada düşüldüyü halda vacib görmüşlər. Bəziləri isə hər bir halda vacib görmüşlər. Allahın izni ilə, bu mövzu lazım olan yerdə ətraflı qeyd olunacaq.
Həmçinin, “bəsmələ” demək yemək yeyərkən də müstəhəbdir. Səhih Muslimdə gələn hədisdə Peyğəmbər r oğulluğu Ömər ibn Əbu Sələməyə demişdir: “Bismilləh” de, sağ əllə və qarşından ye!”[11] Bəzi alimlər bu halda “bəsmələ”ni vacib etmişlər. Həmçinin, cinsi əlaqə zamanı da “Bəsmələ” demək müstəhəbdir. Bu barədə əl-Buxari və Muslimdə Abdullah ibn Abbasdan N gələn hədisdə Peyğəmbər r demişdir: “Bilin ki, əgər biriniz ailəsi ilə yaxınlıq etməzdən əvvəl: “Bismilləh, Allahummə cənnibniş-şey­ta­nə və cənnibiş - şeytanə mə rəzəq­tə­nə!”[12] – desə və əgər onların qismətində varsa, yaxud Allah onların qədərinə övlad yazmışdırsa, şeytan o uşağa heç vaxt zərər toxundura bilməz”.[13]
Buradan sənə aydın olur ki, ərəb dilçiləri arasında بِسْمِ اللَّهِ “Bismilləh” kəliməsindəki بـ “bə” (ilə) önqoşmasının aid olduğu sözün feil və ya isim olması biri-birinə yaxın rəydir. Hər iki rəy Quranda gəlmişdir. Bu önqoşmanın aid olduğu sözün isim olduğunu deyənlərin rəyinə görə məna بِسْمِ اللَّهِ ابتدائِي “Başlamağım Allahın adı ildədir”. Uca Allahın bu ayəsinə görə: “Nuh dedi: “Gəmiyə minin! Onun üzüb getməsi də, dayanması da Allahın adı ilədir. Şübhəsiz ki, Rəbbim Bağışlayandır, Rəhmlidir” (Hud, 41). Bu önqoşmanın aid olduğu sözün feil olduğunu deyənlər isə Uca Allahın bu ayəsinə əsaslanırlar: “Yaradan Rəbbinin adı ilə oxu!” (əl-Ələq, 1). Hər iki rəy doğrudur, çünki hər bir feilin məsdəri var. Nəzərdə tutulan sözü həm feil, həm də cümlənin əvvəlində qeyd etdiyin feilə uyğun məsdər edə bilərsən. Əgər edilən əməl, məsələn qalxmaq, oturmaq, yemək, içmək, oxumaq, dəstəmaz almaq, namaz qılmaq və s. olarsa, şəriətə uyğun olan budur ki, xeyir-bərəkət ummaq və əməlin tamamlanması və qəbul olunmasında yardım diləmək üçün bu əməllərə başlayarkən Allahın adı çəkilsin. Allah ən yaxşı Biləndir.
[ اللَّهُ ] “Allah” Xeyirxah və Uca Rəbbin adıdır. Ən əzəmətli adın məhz bu olamsı da deyilir, çünki bu adla bütün sifətlər vəsf olunur. Necə ki, Uca Allah buyurur: “O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir. O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır. O, Xaliq, yoxdan Yaradan, Surət verən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir” (əl-Həşr, 22-24). Bu ayələrdə digər adlar Allahın sifətləri olaraq qeyd edilmişdir. Necə ki, Uca Allah buyurur: “Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin” (əl-Əraf,180). Başqa bir ayədə: “De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. (əl-İsra,110).
əl-Buxari və Muslimdə Əbu Hureyradan gələn hədisdə Allah Elçisi r demişdir: “Allahın doxsan doq­quz – yüzdən bir əskik – adı var. Kim onları sadalasa, Cənnətə daxil olar”.[14] ət-Tirmizi və İbn Məcənin rəvayətlərində bu adların sadalanması gəlmişdir. İki rəvayət arasında əlavə və azaltma olmaqla ixtilaf vardır.
Bu adla Allahdan başqa heç kəs adlanmamışdır. Bu səbəbdən ərəb dilində bu sözün törəndiyi ((فعل يفعل kimi hər hansı feil yoxdur. Bəzi dilçilər isə bu sözün dəyişməz olub törənmədiyini deyirlər. əl-Qurtubi əş-Şafii, əl-Xattabi, İmamul-Harameyn,[15] əl-Qazəli və başqalarından nəql etməklə, əl-Xalil və Sibəveyhdən isə rəvayət etməklə bildirmişdir ki, “Allah” sözündəki “Əlif” və “ləm” hərfləri sözün kökündəndir. əl-Xəttabi demişdir: Məğər sən يَا الله “Ey Allah” dediyində görmürsənmi?![16] يَا الرحمن “Ey Ər-Rahmən” isə deyə bilməzsən. Əgər bu hərflər kökdən olmasaydı يَا xitab ədatını tərkibində “Əlif” və “ləm” olan sözə daxil edə bilməzdin. Bəzi dilçilər isə bu sözün törəmə olması rəyindədirlər. Buna dəlil kimi Rubə ibn əl-Əccəcin bu sözlərini gətirirlər:
 
للَّهِ دَرُّ الغَانِيَاتِ الْمُدَّه       سَبَحْنَ وَاستَرْجَعْنَ مِنْ تَألُّهي
 
Tərifəlayiq gözəl qadınların etdikləri necə də yaxşıdır!
İbadətlərini görən isə “Subhənallah, İnnə lilləhi və innə ileyhi raciun”- deyər.[17]
 
Bu beytdə şair məsdər işlətdi. Bu məsdər تَألُّهٌ  “ibadət etmək”وَتَألُّهاً   أَلَهَ – يَأْلَهُ إلَاهَةً “ibadət etmək” feilindəndir. Belə ki, İbn Abbasdan N “həm səni, həm də sənə ibadət etməyi bir kənara atsınlar”[18]- rəvayət olunur. İbn Abbas N demişdir: “Sənə ibadət etməyi”- yəni o (Firon), ibadət olunurdu özü isə ibadət etmirdi”. Həmçinin, Mucahid və başqaları da belə demişlər.
[  اللَّهُ ] “Allah” kəlməsinin əsli الإلَهُ “əl-İlah” sözüdür. Burada sözün birinci kökü olan “həmzə” hərfi pozulmuşdur. Bu zaman sözün ikinci kökü olan “ləm” hərfi sözün əvvəlinə müəyyənlik üçün əlavə olunan “ləm” hərfi ilə birləşmişdir. Nəticədə, eyni hərflər qoşalaşmışlar və sözdə bir şəddəli “ləm” hərfi əmələ gəlmişdir. Təzim səbəbindən qalınlaşmış[19] və [  اللَّهُ ) “Allah” olaraq deyilməkdədir.
[الرَّحْمَنِ الرَّحِيمِ  ] “Mərhəmətli və Rəhmli” Uca Allahın rəhmət sizfətindən düzəlmiş və mübaliğə vəznində olan iki adıdır. الرَّحْمَنِ “ər-Rahmən” - “Mərhəmətli” adı الرَّحِيمِ  “ər-Rahim” - “Rəhmli” adından daha çox mübaliğə bildirir. İbn Cərir ət-Tabərinin S sözündən belə başa düşülür ki, alimlər bu barədə yekdil rəydədirlər. əl-Qurtubi S deyir: “Bu adların sifətdən düzəlmə olmasına dəlil ət-Tirmizinin səhih görərək Abdur-Rahman ibn Aufdan rəvayət etdiyi hədisdir. Bu hədisdə o, Peyğəmbərin r belə dediyini eşitmişdir: “Mən ər-Rahmənəm. Rəhmi (qohumluq əlaqələrini) Mən yaratdım və ona adlarımdan birini ayırdım. Onu birləş­dirəni birləşdirərəm, kəsəni də kəsərəm”.[20] əl-Qurtubi S demişdir: “Bu hədis adın törəmə olduğuna dəlildir və bu barədə ixtilaf edib fikir ayrılığına düşməyin mənası yoxdur. O ki, qaldı ərəblərin ər-Rahmən adını inkar etmələrinə, bu onların Allah və Allaha qarş üzərilərinə düşən vacibləri bilmədiklərinə görə idi”. Sonra əl-Qurtubi deyir: “Buna iki adın eyni məna daşıması deyilir. Necə ki, “nədmən” və “nədim” sözləri kimi[21]. Bu rəyi Əbu Ubeyd[22] demişdir. فَعْلانُ “fələn” formasının فَعِيل “fəil” formasından mənaca fərqləndiyi də deyilir. فَعْلانُ “fələn” formasına feilin mübaliğə mənasını bildirdiyi deyilir. Buna misal رَجُلٌ غَضْبَانُ “raculun gadbənu” (qəzəbli kişi) qəzəblə dolmuş kişiyə deyilir. فَعِيل “fəil” forması isə “fail” (indiki zaman feili sifət) və ya “məful” (keçmiş zaman feili sifət) mənasını verə bilər. Əbu Əli əl-Farisi[23] demişdir: الرَّحْمَنِ “ər-Rahmən” - “Mərhəmətli” bütün rəhmət növlərini şamil edir və bu ad Uca Allaha xas olan addır. الرَّحِيمِ “ər-Rahim” - “Rəhmli” isə möminlərə qarşıdır. Uca Allah buyurur: “Allah möminlərə qarşı Rəhmlidir” (əl-Əhzab, 43). İbn Abbas N deyir: “Onlar (“ər-Rahmən” və “ər-Rahim” adları) iki zərif adlardır. Biri digərindən daha zərifdir. Yəni, rəhmət baxımından daha çoxdur. Sonra əl-Xəttabi və başqalarından rəvayət etmişdir ki, onlar bu sifət (zərif) barədə tərəddüd etmişlər. Demişlər: “Ola bilsin ki, burada “daha zərif” dedikdə, “daha mülayim” qəsd olunur. Necə ki, hədisdə gəlmişdir: “Həqiqətən, Allah mülayimdir və hər işdə mülayimliyi sevir. Sərtlikdən dolayı vermədiyi mükafatı mülayimliyə görə verir”.[24] İbn əl-Mubərak[25] S demişdir: “ər-Rahmən” - “Mərhəmətli” istədikdə verəndir. “ər-Rahim” - “Rəhmli” isə istənilmədikdə qəzəbi tutandır. Necə ki, ət-Tirmizi və İbn Məcanın Əbu Hureyradan y rəvayət etdikləri hədisdə Peyğəmbər r demişdir: “Allahdan istəməyənə Allah qəzəblənər”.[26]
Deyirlər: “Bu səbəbdən Uca Allah buyurur: “Sonra da Ərşə ucaldı. O, Mərhəmətli olan Allahdır” (əl-Furqan, 59), həmçinin buyurur: “Mərhəmətli Allah Ərşə ucaldı” (Taha, 5). Bu ayələrdə ucalmağı “ər-Rahmən” - “Mərhəmətli” adı ilə qeyd etmişdir ki, rəhməti ilə bütün məxluqatı əhatə etsin. “Allah möminlərə qarşı Rəhmlidir” (əl-Əhzab, 43) ayəsində isə möminləri “ər-Rahim” - “Rəhmli” adı ilə xüsusiləşdirdi. Alimlər deyirlər: “Bu dəlalət edir ki, rəhmət baxımından “ər-Rahmən” - “Mərhəmətli” adı həm bu dünyada, həm də Axirətdə bütün məxluqatı əhatə etdiyinə görə “ər-Rahim” - “Rəhmli” adından daha geniş məna bildirir. “ər-Rahim” - “Rəhmli” isə möminlərə xasdır, lakin Peyğəmbərdən r gələn bir duada deyilir: “Ey dünya və axirətin Mərhəmətlisi və Rəhmlisi!”[27]
Uca Allahın “ər-Rahmən” - “Mərhəmətli” adı Özünə xas olan addır. Allahdan başqası bu adla adlanmaz. Becl ki, Uca Allah buyurur: “De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. (əl-İsra, 110). Həmçinin buyurur: “Səndən əvvəl göndərdiyimiz elçilərdən (onların davamçılarından) soruş; Biz Mərhəmətli Allahdan başqa ibadət ediləsi məbudlarmı icad etmişik?” (əz-Zuxruf, 45). Yalançı Museylimə[28] özünü “Rahmənul-Yəməmə” (Yəməmə xalqının Mərhəmətlisi) adlandırmaqla həddini aşdığı zaman Allah ona yalan libası geyindirib bu adla onu məşhur etdi. Bu səbəbdən adı çəkiləndə ona yalnız Museylimə əl-Kəzzəb (yalançı) deyilir. Həm yerli, həm də köçəri ərəb xalqları arasında yalançılıqda onu misal çəkirlər.
Amma “ər-Rahim” - “Rəhmli” adına gəlincə, Uca Allah bu adla Özündən başqasını vəsf etmişdir. Belə ki, Uca Allah buyurur: “Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir” (ət-Tövbə, 128). Həmçinin, digər adlarından bəziləri ilə də Özündən başqalarını vəsf etmişdir. O buyurur: “İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik” (əl-İnsan, 2).
Nəticə: Uca Allahın adlarından eləsi var ki, onunla Allahdan başqaları da adlandırıla bilər, elələri də var ki, bu adlarla Allahdan başqaları adlandırıla bilməz. Məsələn, Allah, ər-Rahmən (Mərhəmətli), əl-Xaliq (Yaradan), ər-Razzəq (ruzi verən) və s. buna bənzər adlar kimi. Buna görə də Uca Allah (Kitabını) Allah adı ilə başladı, ardınca icə “ər-Rahmən” - “Mərhəmətli” adı ilə vəsf etdi. Çünki, bu ad “ər-Rahim” - “Rəhmli” adından daha xüsusi və daha tanınandır. Adlandırma ən çox məşhur olan adlarla olur. Bu səbəbdən daha xüsusi olanlarla başladı.
Bəziləri elə düşünür ki, ərəblər “ər-Rahmən” adını tanımırdılar. Bu səbəbdən Allah onlara bu ayə ilə cavab vermişdir: “De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. (əl-İsra, 110). Məhz buna görə Hudeybiyyə sülhü bağlanan gün Peyğəmbər r Əliyə “(Ey Əli!) “Bismilləhir-Rahmənir-Rahim” - “Mərhəmətli və Rəhmli Allahın adı ilə!” yaz”- dedikdə, Qureyş kafirləri dedilər: “Biz nə ər-Rahməni, nə də ər-Rahimi tanımırıq”.[29] əl-Buxari rəvayət etmişdir. Hədisin bəzi rəvayətlərin­də isə “Biz Rahmənul-Yəməmə”dən[30] (Yəməmənin Mərhəmətlisindən) başqa ər-Rahmən tanımırıq”- varid olmuşdur. Uca Allah bu xüsusda buyurur: “Onlara: “Mərhəmətli Allahdır səcdə edin!”– deyildikdə: “Mərhəmətli Allah nədir? Məgər bizə əmr etdiyin şeyə səcdə etməliyik?”- deyərlər. Bu da onların nifrətini artırar” (əl-Furqan, 60).
Görünən budur ki, onların (Qureyş kafirlərinin) bunu (ər-Rahmən adını) inkar etmələri haqqı danmaq və küfrlərində inadkarlıq etməklərindən irəli gəlirdi, çünki cahiliyyə şeirlərində Uca Allahı ər-Rahmən adı ilə adlandırmaları gəlmişdir. İbn Cərir S deyir: “Cahiliyyə dövrünün bəzi cahilləri oxuyurdu:
 
أَلا ضَرَبَتْ تِلْكَ الْفَتَاةُ هَجِينَهَا       أَلاَ قَضَبَ الرَّحْمنُ رَبَى يَمِينِهَا
 
Heyif ki, o gənc qız atını qamçılayardı
Kaş ki, Rəbbim ər-Rəhman onu sağ əlindən yaxalayardı.[31]
 

عَجِلْتُم عَلَيْنَا عَجِلْتَيْنَا عَلَيْكُمْ       وَمَا يَشَأ الرَّحْمَنُ يَعْقِدُ ويُطْلِقُ

 
Siz bizə tərəf tələsdiz biz də sizə tərəf
ər-Rəhman istədiyini saxlayır, istədiyini isə azad edər.

 
[1] Bəsmələ - “Bismilləhir-Rahmənir-Rahim”.
[2] “Qadın dedi: «Ey əyanlar! Mənə çox əhəmiyyətli bir məktub atıldı. O məktub Süleymandandır və onda deyilir: "Mərhəmətli və Rəhmli Allahın adı ilə!” (ən-Nəml surəsi, 29-30).
[3] Hədis zəifdir. Bax; “Silsilə əd-Daifə” 4182.
[4] Çünki “Tövbə” surəsinin əvvəlində “Bismilləhir-Rahmənir-Rahim” yoxdur.
[5] Doğru olan rəy də budur. Quran və Sünnədən səhih dəlillər bu rəyin doğru olmasını gücləndirir. Bu dəlillərdən ən güclüsü odur ki, Osman ibn Affanın (Allah ondan razı olsun!) yazdığı və bütün səhabələrin iqrar etdikləri Quran kitablarının hamısında “Bəraət” (Tövbə) surəsi istisna olmaqla bütün surələrin əvvəlində “Bəsmələ” yazılmışdır. Səhabələr Quranı kitab halında səhifələrə yığarkən Qurandan olmayan hər şeyi oradan çıxarmışlar. Surələrin adlarını, ayələrin nömrələrini, “آمين” “Əmin” (Allahım qəbul et!) sözünü belə yazmamışlar. Kiminsə Qurandan olmayan bir sözün kitaba yazmasını qadağan etmişlər. Bu onların Allahın Kitabını qorumağa hərisliklərindən və özlərindən sonra gələnlərin şübhəyə düşüb Qurandan olmayan bir sözün Quran zənn etməsinin qarşısını almaqlarından irəli gəlirdi. Bununla belə necə ağıla gələ bilər ki, səhabələr Peyğəmbərə   nazil olmuş Qurana yüz on üç ədəd əlavə “bəsmələ” əlavə etmiş olsunlar? Bütün bu qeyd etdiklərimiz əsaslı, çoxsaylı əməli və yazılı sübutlarla “Bəsmələ”nin Quranın lazımi yerlərdə yazılmış bir ayəsi olmasına dəlalət etmirmi? Bu barədə ət-Tirmizinin şərhində daha geniş şəkildə danışmışıq (2/16-25).
[6] Əbu Bəkr, Ömər, Osman və Əli M.
[7] Əhməd, 5/59, 71, 365. Dörd sənədlə rəvayət olunub. (Əhməd Şakir). Hədis səhihdir. Bax; “Səhih Tərğib vət-Tərhib” 3129.
[8] Əbu Davud (4982) Əbu Muleyhdən, o da bir kişidən rəvayət edərək deyir: “Peyğəmbərlə eyni miniyin tərkində idim...”. (Əhməd Şakir). Hədis həsəndir. Bax; “Səhih əl-Cəmi” 7401.
[9] Hədis səhihdir. Bax; “Səhih əl-Cəmi” 7573.
[10] Həsən hədis – dərəcə etibarilə səhih hədisdən aşağı olan, lakin qəbul olunan hədislərə deyilir. .
[11] Muslim, 3767, 5388.
[12] Tərcüməsi: Allahın adı ilə! Allahım, məni şeytan­dan uzaq­laşdır, şeytanı da bizə bəxş etdiyin övlad­dan uzaqlaş­dır! .
[13] əl-Buxari, 6388, 7396; Muslim, 2591, 3606.
[14] əl-Buxari, 2736, 7392; Muslim, 4836, 6986; ət-Tirmiz, 3506; İbn Məcə, 3860.
[15] İmamul-Harameyni - İki Haramın (Məkkə və Mədinənin) imamı deməkdir. Bu ləqəb sahibi Əbul-Məali Abdul-Məlik ibn Abdullah əl-Cuveynidir. Hicri 419-cu ildə doğulub. Məkkə və Mədinədə təhsil aldığına görə belə adlanmışdır. 478-ci ildə vəfat etmişdir. .
[16] Yəni يَا “ey” xitab ədatından sonra “əlif” və “ləm” hərfləri düşmədi. Deməli, bu hərflər sözün kökündən olan hərflərdir. Əgər kök hərflər olmasaydı, qaydaya görə bu hərflər düşməli idi.
[17] Burada şair çox ibadət edən gözəl qadınları tərifləyir. Gözəlliklərindən əlavə ibadətlərini görən təəccübdən “Subhənallah” “Allah Pak və Müqəddəsdir”, həsrətdən isə “İnnə lilləhi və innə ileyhi raciun” - “Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!”- deyərlər.
[18] Uca Allahın “Firon xalqının əyanları dedilər: “Sən Musanı və onun qövmünü buraxırsan ki, yer üzündə fəsad törətsinlər, həm səni, həm də sənin məbudlarını bir kənara atsınlar”. Firon dedi: “Biz hökmən onların oğlan uşaqlarını öldürəcək, qadınlarını isə sağ buraxacağıq. Şübhəsiz ki, onların üzərində sarsılmaz hökmranlığa malik olan bizik”. (əl-Əraf, 127) ayəsi İbn Abbasdan N bu cür də rəvayət olunub.
[19] Çünki, əslində “ləm” hərfi incə hərfdir.
[20] ət-Tirmizi, 1907, 2031. Hədis səhihdir. Bax; “Silsilə əs-Səhihə” 520.
[21] Hər ikisi “peşman olan” mənasını verir.
[22] Əbu Ubeyd əl-Qasim ibn Səlləm əl-Həravi, əl-Bağdadi hicri 154-cü ildə anadan olmuş, 224-cü ildə vəfat etmişdir. Böyük dilçi və alimdir.
[23] Əbu Əli əl-Həsən ibn Əhməd ibn Abdul-Gaffər əl-Farisi (hicri 288-377). Ərəb dili üzrə alimlərdən biridir.
[24] İmam Əhməd “Musnəd” kitabında (902) Əlidən o da Peyğəmbərdən buna oxşar rəvayət etmişdir. Həmçinin, buna oxşar rəvayəti Buxari və Muslim də Aişədən rəvayət etmişlər. Bax: Səhih Muslim (2/282). (Əhməd Şakir).
[25] Abdullah ibn əl-Mubərak (hicri 118-181) dövrünün böyük alimi olmuşdur.
[26] ət-Tirmizi, 3373, 3700; İbn Məcə, 3827. Hədis həsəndir. Bax; “Silsilə əs-Səhihə” 2654.
[27] ət-Tabərani “Mucəmul-Kəbir” 16739. Hədis həsəndir. Bax; “Səhih ət-Tərğib vət-Tərhib” 1821.
[28] Museylimə ibn Həbib əl-Hənəfi – Peyğəmbərin dövründə peyğəmbərilik iddia etmişdir. Bu səbəbdən Peyğəmbər onu əl-Kəzzəb (yalançı) adlandırmışdır. Əbu Bəkrin xilafəti dövründə məğlub olmuş və öldürülmüşdür.
[29] əl-Buxari, 2731-2732.
[30] Yalançı Museyliməni nəzərdə tuturlar.
[31] Bu beytdən görünür ki, şair Allahın ər-Rahmən adını bilir və bunu etiqad edirdi.