Hər zaman bar verən ağac

    29.03.2014

Uca Allah buyurur: “Allahın necə məsəl çəkdiyini görmürsənmi? Gözəl söz (lə ilahə illəllah) kökü yerdə möhkəm olan, budaqları isə göyə yüksələn gözəl bir ağac kimidir. O ağac Rəbbinin izni ilə öz bəhrəsini hər zaman verir. Allah insanlar üçün misallar çəkir ki, bəlkə, düşünüb ibrət alsınlar”. (İbrahim, 24-25).
Bu ayədə Uca Allah ən gözəl kəlmə olan iman kəlməsini misal göstərərək onu möhtəşəm bir ağaca bənzədir və onu bu cür gözəl vəsf edir: kökü yerdə möhkəm olan, davamlı inkişaf edən, hər zaman bar verən, öz sahibinə və başqalarına cürbəcür faydalar və faydalı məhsullar verən bir ağac. Bu ağac fərqli xüsusiyyətlərə malikdir. Belə ki, bizim bildiyimiz ağaclar ilin müəyyən vaxtı bar verdiyi halda bu ağac Allahın izni ilə hər an bar verə bilir.
Bu ağac möminlərin qəlbində müxtəlif ölçülərdə olur. İnsanın bu ağacdan olan payı nə qədərdirsə, dünya və axirətdə əldə edəcəyi xeyir və səadətin payı da o qədər olacaqdır. Bu ağacın kökü: iman və onun bilikləridir. Bu ağacın gövdəsi və budaqları: yaxşı əməllər, gözəl əxlaqi dəyərlər və Allahın Rəsuluna tabeçilikdir. Bu ağacın insana verdiyi bəzi faydaları isə bunlardır:

Allahın xüsusi dostluğunu qazanmaq

Uca Allah buyurur: “Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.” (Yunus, 62). 
Sonra da onları vəsf edərək buyurur: “Onlar iman gətirmiş və Allahdan qorxmuşlar.” (Yunus, 63).
Beləcə Allahdan qorxan hər bir mömin Allahın xüsusi dostu sayılır. İmanın digər səmərəsi haqqında Uca Allah buyurur: “Allah iman gətirənlərin Himayədarıdır, onları zülmətlərdən nura çıxarır.” (əl-Bəqərə, 257). Yəni Allah möminləri küfrün zülmətindən iman nuruna, cahilliyin zülmətindən elm nuruna, günahın zülmətindən itaət nuruna çıxarır. Allah onları müxtəlif pisliklərin zülmətindən çıxararaq dünya və Axirətdə olan xeyir nuruna çatdırır.

Allahın razılığını və Cənnəti qazanmaq

Uca Allah buyurur: “Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir. Allah mömin kişilərə və mömin qadınlara ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Allahın razılığı isə daha böyükdür. Bu, böyük uğurdur.” (Tövbə, 71-72).
Onlar Allahın razılığını, Onun mərhəmətini və Cənnətdə olan gözəl məskənləri öz imanları sayəsində qazanmışlar. Onlar Allaha və Onun rəsuluna itaət etmiş, insanları yaxşı işlərə dəvət edib pis işlərdən çəkindirmiş, bununla da ən yüksək məqamlara çatmışlar. 

Əməllərin puç olmaması

Uca Allah buyurur: “Kim mömin olduğu halda yaxşı işlər görsə, onun zəhməti inkar olunmaz. Şübhəsiz ki, Biz onun əməllərini yazırıq.” (əl-Ənbiya, 94).
Yəni onun zəhməti danılmaz, əməli puç olmaz və imanının gücünə görə əməli qat-qat artırılar. Uca Allah həmçinin buyurur:
“Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.” (əl-İsra, 19).
Axirət üçün çalışmaq insanı Axirətə yaxınlaşdıran əməlləri yerinə yetirmək deməkdir. O əməllər ki, onları Uca Allah peyğəmbəri Muhəmmədin vasitəsilə əmr etmişdir. Əgər əməllər iman üzərində olarsa, həmin səy məmnuniyyətlə qəbul olunaraq artar və ondan zərrə qədər belə itməz. Yox, əgər əməl imanla birlikdə olmazsa, o zaman onu edən gecə-gündüz çalışıb yaxşı işlər görsə belə ondan qəbul olunmaz. Uca Allah buyurur:
“Biz onların (kafirlərin) etdikləri əməllərə baxdıqdan sonra onları sovrulmuş toz dənəciklərinə çevirərik.” (əl-Furqan, 23).
Çünki həmin əməllər Allaha və Peyğəmbərə iman üzərində qurulmamışdır. O iman ki, onun əsasını tək Allaha ibadət etmək və peyğəmbərə tabe olmaq təşkil edir. Uca Allah buyurur: “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.” (əl-Zumər, 65).
Həmçinin buyurur: “Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı.” (əl-Ənam, 88).
Bu baxımdan imandan üz döndərmək insanın etdiyi bütün yaxşı əməlləri batil edir. Necə ki, İslama və imana gəlməklə böyüklüyündən asılı olmayaraq insanın əvvəllər etdiyi bütün günahları silinir. 

Haqqa yönəlmək

Uca Allah iman sahibini haqqı bilib ona riayət etməyə yönəldir. İman insanın başına sevindirici hadisə gəldikdə onu şükürlə, başına xoşagəlməz hadisələr və müsibətlər gəldikdə isə onu razılıq və səbirlə qarşılamağa yönəldir. Uca Allah buyurur: “İman gətirib saleh əməllər işlədənləri Rəbbi imanlarına görə doğru yola yönəldər.” (Yunus, 9). Həmçinin buyurur: “Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər.” (ət-Təğabun, 11).
İslam alimləri bu ayənin izahı barəsində belə demişlər: “Bu o kəsdir ki, onun başına bir müsibət gəldiyi zaman bunun Allah tərəfindən olduğunu bilir, bundan razı qalır və bunu qəbul edir.”

Allahın məhəbbətini qazanmaq

Uca Allah buyurur: “İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq. Biz Quranı sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən.” (Məryəm, 96-97).
Yəni imanlarının və yaxşı əməllərinin sayəsində Allah onları sevir və möminlərin qəlbində onlara qarşı sevgi yaradır. Allahın və möminlərin sevdiyi kəs isə səadətə və nicata nail olar. Həmçinin, Uca Allah möminlərə gələcək nəsillər həmişə yada salsın deyə yaxşı ad qismət edir. 

Həm dünyada, həm də Axirətdə ucalmaq

Uca Allah buyurur: “Allah sizdən iman gətirənlərin və özlərinə elm verilmiş kimsələrin dərəcələrini ucaldır.” (əl-Mücadilə, 11).
Uca Allah iman və elm sahiblərini həm bu dünyada, həm də axirətdə ucaldır və onlar bu dünyada və Axirətdə həm Allah yanında, həm də insanlar yanında məxluqatın ən xeyirliləri hesab olunurlar. Onlar bu yüksək məqama düzgün imanları, elmləri və yəqinlikləri sayəsində nail olurlar. Beləcə elm və yəqinlik imanın əsaslarından sayılır. 

Cənnətlə müjdələnmək və əmin-amanlıq əldə etmək

Uca Allah buyurur: “Möminləri müjdələ!” Bu ayə həm bu dünyada, həm də Axirətdə möminlərə veriləcək bütün xeyri ümumi olaraq özündə əhatə edir. Həmçinin, Allah buyurur: “İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlar üçün ağacları altından çaylar axan Cənnət bağları vardır.” (əl-Bəqərə, 25).
Həmçinin möminlərə əmin-amanlıq da verilmişdir. Uca Allah buyurur: “İman gətirdikdən sonra imanlarına zülm (şirk və küfr) qatışdırmayanları əmin-amanlıq gözləyir. Doğru yola yönəlmişlər də məhz onlardır.” (əl-Ənam, 82). 
Uca Allah bu barədə buyurur: “İman gətirib əməllərini islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.” (əl-Ənam, 48).
Uca Allah möminlərin gələcəkdə baş verənlərdən qorxmayacaqlarını və keçmişdə baş verənlərdən də kədərlənməyəcəklərini bildirir. Beləliklə də möminlər tam əmin-amanlığa sahib olurlar. Mömin olan kəs həm bu dünyada, həm də axirətdə tam əmin-amanlıq içində olur. Belə ki, o, Allahın qəzəbindən və əzabından, habelə hər növ şərdən və xoşagəlməz hallardan salamat olur. Möminlər hər bir xeyirlə də müjdələnmişlər. Uca Allah buyurur: “Dünya həyatında da, axirətdə də onlara müjdə vardır.” (Yunus, 64)
Aşağıdakı ayə bu müjdənin mahiyyətini açıqlayır:
“Həqiqətən də: “Rəbbimiz Allahdır!”– deyib sonra düz yol tutan kəslərə mələklər nazil olub deyirlər: “Qorxmayın və kədərlənməyin! Sizə vəd olunan Cənnətlə sevinin! Biz dünya həyatında da, axirətdə də sizin dostlarınızıq. Orada sizin üçün nəfsinizin çəkə biləcəyi hər şey hazırlanmışdır. Orada istədiyiniz hər şey vardır.” (əl-Fussilət, 30-31).
Uca Allah həmçinin buyurur: “Ey iman gətirənlər! Allahdan qorxun və Onun elçisinə iman gətirin! Onda O sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə düz yolla getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah Bağışlayandır, Rəhmlidir.” (əl-Hədid, 28).
Bu ayədə Uca Allah imanın savabını qat-qat artırdığını, mömin bəndənin həm bu dünyada, həm də axirətdə tam bir nura sahib olmasını təyin etmişdir. O nur ki, həm bu dünyada, həm də Axirətdə onun vasitəsilə gedirlər. 
Uca Allah buyurur: “O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. Onlara: “Bu gün sizin müjdəniz ağacları altından çaylar axan Cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!”– deyiləcək. Bu, böyük uğurdur.” (əl-Hədid, 12).
Mömin olan kəs bu dünyada elminin və imanının nuru ilə gəzir. Qiyamət günü bütün nurlar söndükdə o, sirat körpüsünün üzərindən öz nuru ilə keçərək Cənnətə daxil olacaqdır.

Yəqinliyə nail olmaq

Uca Allah buyurur: “Möminlər ancaq Allaha və Onun Elçisinə iman gətirən, sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə cihad edənlərdir! İmanlarında sadiq olanlar da məhz onlardır.” (əl-Hucurat, 15).
Yəni onlarda olan düzgün iman bütün şəkk-şübhələri dəf edərək onları tamamilə yox edir. Düzgün iman insanlardan və şeytanlardan, habelə pis işlərə əmr edən nəfsdən irəli gələn bütün şübhələrə qarşı müqavimət göstərir. Bu cür qəlb xəstəliklərinin yeganə dərmanı imanın varlığıdır. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “İnsanlar bir-birilərinə o qədər sual verəcəklər ki, axırda deyəcəklər: “Baxın, Allah məxluqatı yaratmışdır. Bəs Allahı kim yaratmışdır?” Kim qəlbində belə vəsvəsələrdən bir şey hiss etsə, qoy “Mən Allaha iman gətirmişəm”- desin, bu haqda düşünməyə son qoysun və şeytandan Allaha sığınsın.” (əl-Buxari, 3276).
Peyğəmbər bu hədisdə sahibini həlak edən bu xəstəliyin faydalı dərmanını açıqlayır ki, bu da üç şeydən ibarətdir:
1 – Şeytanın bu vəsvəsələrinə son qoymaq.
2 – İnsanları azdırmaq üçün şübhə salan şeytanın şərindən Allaha sığınmaq.
3 – Düzgün imana sarılmaq. Çünki ona sarılan həmişə əmin-amanlıqda olar.
Bu ona görədir ki, batil bir çox yollar vasitəsilə bəyan olur. Onların da ən başlıcası batilin haqqa zidd olmasını bilməkdir. Haqqa zidd olan hər bir şey isə batil hesab olunur. Uca Allah buyurur: “Haqdan sonra zəlalətdən başqa nə ola bilər?” (Yunus, 32).

Xeyirli insan olmaq

Ümumi olaraq insanlar dörd qismə bölünürlər:
1 – Həm özü xeyirli olan, həm də başqalarına fayda verənlər. Ən xeyirli insanlar bunlardır. Quranı oxuyub, dini biliklərə yiyələnən mömin həm özünə fayda verir, həm də harada olmasından asılı olmayaraq başqaları üçün faydalı və mübarək bir şəxs hesab olunur. Uca Allah İsa peyğəmbər barəsində buyurur: “Harada oluramsa olum, məni mübarək etdi.” (Məryəm, 31).
2 – Özü-özlüyündə xeyirli olan kəs. Yəni başqalarına fayda verə biləcək elmə sahib olmayan möminlər. Bu iki qisim, insanların ən xeyirliləridir. Onların sahib olduqları xeyir imanla əlaqəlidir. Möminlərin fərqli hallarından asılı olaraq onlar digərləri üçün də faydalı olurlar. 
3 – Xeyri olmayan, lakin başqalarına ziyan da verməyən kəslər. 
4 – Həm özünə, həm də başqalarına zərər toxunduran kəslər. Bu da ən pis qisimdir. Uca Allah buyurur: “Kafir olub insanları Allah yolundan sapdıranlara törətdikləri fitnə-fəsada görə əzab üstündən əzab artıracağıq.” (ən-Nəhl, 88).
Beləliklə hər bir xeyrin mənbəyi iman və ona aid məsələlərdir. Belə olduğu halda hər bir şərin əsası da imanın olmaması və imana zidd olan keyfiyyətlərə malik olmaqdır. Bütün bu deyilənlərdən bəlli olur ki, imanı olmayan kəsdə xeyir yoxdur. 

 

Paylaş: