Evlənmək, mehr və qan davası haqqında sual

    07.04.2014
Sual: 
Salam aleykum. 1)Evlenmemek gunahdirmi? 2)Birde mehrin verilmesi niye vacibdir ki? Sanki qul, eshya satirlar? 3)Dinde qan davasi varmi?
Cavab: 

Aleykum salam.
1. Üzrlü səbəb olmadan evlənməmək bəyənilməyən əməldir. Ənəs ibn Malik (Allah ondan razı olsun) demişdir: "Bir gün üç nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) zövcələrinin evinə gəlib onun ibadəti haqqında soruşdular. Onlara bu haqda xəbər verildi və sanki onlar Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bundan daha az ibadət etdiyini başa düşürdülər. Lakin onlar işin həqiqətini bildikdə, "biz hara Peyğəmbər (salləllahu aleyhi və səlləm) hara!? Onun bütün keçmiş və gələcək günahları bağışlanıb!" - deyərək özlərinə sual verdilər. Onlardan biri dedi: Bundan sonra mən daima gecələri namaz qılacağam. O biri dedi: Mən il boyu oruc tutacam, bir gündə olsun iftar etməyəcəm. Digəri isə dedi: Mən isə qadınlardan uzaq durub heç vaxt evlənməyəcəyəm. Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) gəldi və dedi: Belə-belə sözləri deyən siz idiniz!? Allaha and olsun ki, mən sizin aranızda Allahdan daha çox qorxan, təqvalı olanam. Amma mən həm oruc tutur, həm də iftar edirəm. Həm namaz qılır, həm də yatıram. Qadınlarla da evlənirəm. Kim mənim sünnəmdən imtina edərsə məndən deyildir". 

2. Mehrin verilməsi qadını satın almaq demək deyildir. Mehrin verilməsi qadının hüquqlarının qorunmasıdır. Allah Təala buyurur: "Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq, nuşcanlıqla yeyin!" (ən-Nisa, 4).
Mehr, qadının kişi üzərində olan borcu və onun şəxsi mülküdür. Heç kəsin, istər ata, istərsə də başqasının qadının icazəsi olmadan onun mehrindən götürməyə haqqı yoxdur. Şəriət mehrin nə azına, nə çoxuna məhdudiyyət qoymamışdır. Bununla belə cavanlar çətinlik qarşısında qalıb evlənməkdən imtina etməsinlər deyə evlənməyi asanlaşdırmaq məqsədi ilə mehrlərin az miqdarda təyin edilməsinə təşviq etmişdir. Ənəs ibn Malik (Allah ondan razı olsun) denəql etmişdir ki, "Abdurrahmən ibn Avf (Allah ondan razı olsun) Peyğəmbərin (salləlahu aleyhi və səlləm) yanına gəldi. Onun üzərində ətir izi qalmışdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bu haqda ondan soruşdu və o, ənsarlı bir qadınla evləndiyini bildirdi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: Ona nə qədər mehr vermisən? O dedi: Xurda dənəsi ağırlıqda qızıl vermişəm. Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: Elə isə heç olmasa bir qoyun kəs və ziyafət ver". 

3. İslam dini haqsız yerə qəsdən öldürülən şəxsin ailəsinə qatildən qisas almaq və ya diyə (qanbahası) almaq hüququnu vermişdir. Səhvən baş verən qətlə görə qatilin üzərinə kəffarə, öldürülənin qohumlarına isə diyə verilmək düşər. Uca Allah buyurur: "Xəta istisna olmaqla heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Hər kəs səhvən bir mömini öldürərsə, bir mömin kölə azad etməli və ölənin ailəsinə qanbahası verməlidir. Onların sədəqə verməsi (qatili əfv etməsi) isə istisnadır. Əgər o ölən kimsə, mömin olduğu halda, sizə düşmən olan bir camaatdandırsa, onda qatil mömin bir kölə azad etməlidir. Əgər o, sizinlə aralarında müqavilə olan bir camaatdandırsa, onda qatil onun ailəsinə qanbahası verməli və mömin bir kölə azad etməlidir. Bunları etməyə imkan tapa bilməyən kəs Allah tərəfindən tövbəsinin qəbul olması üçün iki ay ardıcıl oruc tutmalıdır. Allah Biləndir, Müdrikdir". (ən-Nisa, 92). 
Qəsdən törədilən qətlə görə ölən şəxsin varisləri qatildən qisas, yaxud onu bağışlayıb qanbahası ala bilərlər. Uca Allah buyurur: "Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından qisas alın! Əgər qatil qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və qanbahası ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün ağrılı-acılı bir əzab vardır". (əl-Bəqərə, 178).
Bu qanbahası qətlə görə vacib edilməmişdir. Sadəcə olaraq qisasın əvəzində verilir. Amma qanbahası almadan bağışlamaq daha yaxşı sayılır. Çünki Uca Allah bağışlamağı sevir.  

Paylaş: