Fironun tövbə etmək istəyərkən Cəbrailin onun ağzını bağlaması doğrudurmu?

    10.09.2019
Kimdən: 
İlkin
Sual: 
Salam aleykum. Yunus surəsi 90-92-də fironun tövbə etdiyi, ancaq qəbul olmadığı bildirilir. Bəs Cəbrayıl aleyhissəlamın onun ağzını bağlaması necə? Hədisdə Cəbrayıl aleyhissələm: Qorxdum ki, Allah onu bağışlayar və ağzını bağladım - deyir (yadımda qalan).
Cavab: 

Va aleykum salam. Uca Allah Yunus surəsində buyurur: "Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət Firon dənizdə batdığı vaxt dedi: "İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!" Firona deyildi: "İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan". Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir" (Yunus, 90-92) 

Bu ayələrdə Uca Allah Fironun Allahın əzabını gördüyü zaman tövbə etdiyini və Allahın da onun tövbəsini qəbul etmədiyini bildirir. Uca Allah əzab gəldiyi zaman edilən tövbəni qəbul etmir, çünki bu zaman edilən tövbə səmimi qəlbdən olmur. Uca Allah əzab gəldiyi an yalnız Yunus peyğəmbərin qövmünün tövbəsini qəbul etmişdir. Ola bilsin ki, Allah onların səmimi qəlbdən tövbə etdiklərini bilmişdir. Uca Allah buyurur: "Əzab gəldiyi an, Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət əhli olubmu? Yunusun qövmü iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər fani nemətlərdən faydalanmaq imkanı verdik". (Yunus, 99). 

Cəbrailin (Ona salam olsun) Fironun ağzına torpaq doldurması hadisəsi səhihdir. Bu hədisi ət-Tirmizi, İmam Əhməd və başqaları rəvayət etmişlər. Hədisin mətni belədir: "İbn Abbas (Alah onlardan razı olsun) rəvayət edir ki, Firon boğulduğu zaman: "İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!" - dedi. Cəbrail dedi: "Ey Muhəmməd! Mən dənizin qara torpağından Fironun ağzına salırdım. Qorxurdum ki, Allahın rəhmətinə nail olar". Başqa bir rəvayətdə deyilir: "Qorxurdum ki, "Lə iləhə İlləllah" deyər və Allah buna görə onu bağışlayar".

Cəbrailin (Ona salam olsun) belə etməsi zalım və kafir Firona nifrətindən irəli gəlirdi. Çünki mələklər Allahın saleh qullarını sevirlər, kafir və həddini aşan qulları isə sevmirlər. Bu səbəbdən Cəbrail onun bağışlanmasını istəmirdi. Bu hədis Allahın rəhmətinin genişliyinə və "Lə iləhə İlləllah" kəliməsinin fəzilətinə dəlalət edir.

Həmçinin, Musa da Allaha dua etmişdi ki, Firon əzabı görməyincə, iman gətirməsin. Uca Allah Yunus surəsində bu xüsusda buyurur: "Musa dedi: "Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar insanları Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər" (Yunus, 88).

Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: