Paxıllıq hissinə necə qalib gəlmək olar?

    07.01.2020
Kimdən: 
ilahə
Sual: 
Salam bir suallm var.Hər insanın özüneməxsus xususiyyetleri var bu xasiyyetleri bize Allah verib yoxsa özümüz idare edirik ?meselen paxıllıq hissi men istemirem kiminse paxıllığını çekim ama ele olirki görürem paxıllıq hissi qelbimde oyanır biruze vermirem mehv elemek istiyrem o hissi ama yenede baş qaldırır.
Cavab: 

Va aleykumus-sələm.

İnsanın sahib olduğu gözəl xüsusiyyətlərin bəziləri insanda fitri olaraq yaradılmışdır, bəzi gözəl xüsusiyyətləri isə insan özünü tərbiyələndirməklə əldə edir. Lakin bu gözəl xüsusiyyətlərlə bərabər insanda "nəfs" deyilən bir xislət var və bu xislət insanı kibir, qürur, eqoizm, həsəd, haqsızlıq, düşmənçilik və buna bənzər  şeytani xüsusiyyətlərə təşviq edir. Uca Allah bu xüsusda buyurur: "Çünki, Rəbbimin rəhm etdiyi kəs istisna olmaqla, nəfs adama pis işləri əmr edər" (Yusuf, 53). Bu səbəbdən nəfsi daim tərbiyələndirmək, və nəzarətdə saxlamaq lazımdır. Nəfs, özbaşına, nəzarətsiz buraxıldığı təqdirdə sahibini insanlıq mərtəbəsindən endirməyə münasib yaradılmışdır. Buna baxmayaraq çalşmaqla və gözəl xüsusiyyətlərə yiyələnməklə nəfsdəki mənfi təmayülləri xeyirxahlığa və ya yaxşı əməllərə yönləndirmək mümkündür. Həmçinin, əgər nəfs islah olunarsa, onu “artıq bu kifayətdir” deməklə nəzarətsiz buraxmaq olmaz. Uca Allah qullarını nəfsi tərbiyələndirməyə yönəldərək buyurur: "Nəfsini təmizləyən artıq nicat tapıb. Nəfsini təmizləyən artıq nicat tapıb" (əş-Şəms, 9-10). Nəfsi yalnız Uca Allaha itaət və ibadət etməklə, nəfsin şərindən Allaha sığınmaqla və Allaha dua etməklə islah etmək olar. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) dualarında deyərdi: "Allahım, acizlikdən, tənbəllikdən, qocalıqdan, qorxaqlıqdan, xəsislikdən və qəbir əzabından Sənə sığınıram. Allahım, nəfsimə öz təqvasını ver və onu təmizlə! Sən təmizləyənlərin ən yaxşısısan! Sən onun dostu və himayədarısan! Allahım, qorxmayan qəlbdən, doymayan nəfsdən, faydasız elmdən və qəbul olmayan duadan Sənə sığınıram!" (Muslim, 2722). Həmçinin, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) xütbəyə başlayarkən deyərdi: "Nəfslərimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq"  (İmam Əhməd, 1/392-393,432; Əbu Davud, 2188; ət-Tirmizi, 1105; ən-Nəsai, 3/104-105, 6/69 və başqaları). 

Həsəd (paxıllıq) nəfsi xəstəliklərdən biridir. Göy üzündə və yerdə Allaha asi olmağa səbəb olan ilk əməl həsəd olmuşdur. Belə ki, İblisin Adəmə səcdə etməsinə həsəd aparmağı mane olmuşdu. Adəmin iki oğlundan birinin - Qabilin, digərini - Habili öldürməsinə səbəb yenə də həsəd aparmağı olmuşdur. Alimlər həsədə belə tərif vermişlər: Həsəd - bir şəxsin başqa birində olan nemətin yox olmasını və ya ona keçməsini arzu etməsidir. Əgər insan başqa birində olan nemətin yox olmasını deyil, sadəcə özündə də belə bir nemətin olmasını arzu edirsə, bu, həsəd deyil qibtə adlanır və qibtə etmək günah sayılmır. Həsəd elə bir qəlbi xəstəlikdir ki, bu xəstəlikdən yalnız az insanlar xilas ola bilirlər. Ərəblərdə belə bir hikmətli söz var: "Həsəddən heç kəs yaxa qurtara bilməz. Ağıllı insan bu hissi gizlədə bilir. Ağılsız isə biruzə verir". Bir nəfər əl-Həsən əl-Bəsridən soruşur: "Mömin insan paxıllıq edə bilərmi?" əl-Həsən əl-Bəsri cavabında deyir: "Yusuf peyğəmbərin qardaşlarının ona etdiklərini nə tez unutdun?! Kiməsə qarşı paxıllıq hiss etdikdə onu gizlət. Nə qədər ki, paxıllıq etdiyin adama əlinlə və ya dilinlə əziyyət verməmisən, bil ki bu hiss sənə zərər verməz". İnsan bacardığı qədər həsəd etməkdən çəkinməlidir. Çünki həsəd etmək Uca Allahın başqasına verdiyi nemətlə razılaşmamaq deməkdir. Bu isə Uca Allahın qəzavü-qədərinə etiraz etmək sayılır. Həsəd etmək başqasına deyil, insanın özünə zərər verir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) həsəd etməkdən çəkindirərək demişdir: "Həsəd etməkdən çəkinin! Həqiqətən həsəd etmək savabları od odunu yandırdığı kimi yandırıb yox edir" (Əbu Davud, 4903). Həsəddən xilas olmağın bir neçə yolu var:

1) Həsəd etməyin və həsəd edənin şərindən Allaha sığınmaq. Uca Allaha bu qəlbi xəstəlikdən sağalmaq üçün dua etmək. 

2) Həsəd etmək həsəd olunanadan çox həsəd edənin özünə zərər verdiyini düşünmək. Belə ki, həsəd edən daim özü sıxıntı və üzüntü içində olur. Hər dəfə həsəd etdiyi adamı gördükdə gərginlik və sıxıntı keçirir. Bu hisslər isə həsəd olunan adama təsir etmir. 

3) Həsəd etdiyi adam üçün dua etmək. Onu hər yerdə xeyirlə yad etmək. Bu, insana ağır gəlsə də, həsədi müalicə etmək üçün ən yaxşı yoldur. Uca Allah buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur. Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir" (Fussilət, 34-36). 

4) Həsəd etməklə Uca Allahın qəzəbinə gəlmək olar. Həsəd etməyən isə ən fəzilətli insanlardan biridir. Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisindən (salləllahu aleyhi və səlləm) soruşdular: "Hansı insanlar ən fəzilətlidir?" O buyurdu: "Məxmum qəlbli və düz danışan mömin". Dedilər: "Düz danışanı bilirik, bəs "məxmum qəlbli" nədir?”"Allah Elçisi salləllahu aleyhi və səlləm buyurdu: "Allah­dan qorxan, tərtəmiz, içində nə günah, nə zülm, nə də həsəd olma­yan qəlbdir". (İbn Məcəh, 4216, 4356).

Həsəd barədə həmçinin bu linkləri oxuyun:

Teqlər: 
Paylaş: