Neçə dəfə və hansı əl ilə salavat çəkilməlidir?

    09.04.2014
Kimdən: 
Amil Sumqayıt
Sual: 
Salam aleykum. Zəhmət olmasa deyə bilərisinzimi neçə dəfə və hansı əl ilə salavat çəkmək lazımdır? Sağ yoxsa, sol əl ilə?..
Cavab: 

Aleykum salam. Uca Allah möminlərə Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat və salam gətirməyi buyurur: "Doğrudan da, Allah və Onun mələkləri Peyğəmbərə xeyir-dua verirlər. Ey iman gətirənlər! Siz də ona xeyir-dua verib kamil ədəb-ərkanla salamlayın". (əl-Əhzəb, 56). Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat dilədikdə ona Uca Allahdan xüsusi rəhmət diləmiş oluruq. Salam sözü isə salamatlıq deməkdir. Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) salavat gətirərkən əli üzə çəkərək salavat gətirmək olmaz. Çünki bu, sonradan dinə gətirilən yenilikdir (bidətdir). Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) adı çəkildikdə əli üzə sürtmədən "salləllahu aleyhi va alə əlihi va səlləm - Ona və ailəsinə Allahın salavatı və salamı olsun" demək kifayətdir. Salavat sadəcə dillə tələffüz olunur. Həmçinin, onu da qeyd etmək istəyirik ki, salavatın deyiliş formaları çoxdur. Say məsələsinə gəldikdə isə hədisdə belə deyilir: "Kim səhər on dəfə, axşam da on dəfə mənə salavat gətirsə, (Allahummə salli va səllim alə nə­biyyinə Muhəmməd) "Allahım! Peyğəmbərimiz Muhəmmədə salavat və salam yetir!), Qiyamət günü şəfaətim ona çatar". (Sahihu-t-Tərğib və-t-Tər­hib, 1/273).
Ümumiyyətlə gün ərzində istənilən sayda Peyğəmbərə salavat göndərmək olar. Abdullah ibn Əbu Talhə atasından (Allah onlardan razı olsun) rəvayət edir: "Bir gün Allah Elçisi (salləllahu aleyhi və səlləm) sevinərək yanımıza gəldi. Biz dedik: "Biz sənin üzündə sevinc görürük". O buyurdu: "Həqiqətən, mələk yanıma gəlib dedi: "Ey Muhəm­məd! Rəbbin buyurur: "Sənə bir salavat göndərənə Mənim on sala­vat göndərəcəyim və sənə bir salam göndərənə də Mənim on salam göndərəcəyim səni məmnun edərmi?!" (ən-Nəsəi, 1266). 
Cümə günü isə çoxlu salavat demək daha yaxşıdır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demiş­dir: "Hər Cümə günü mənə çox salavat deyin! Həqiqətən, hər Cümə günü ümmətimin salavatı mənə bildirilir. Kimin mənə dediyi salavatı daha çox olarsa, (Qiyamət günü) o, mənə daha yaxın mərtəbədə olacaq". (əl-Beyhəqi: "Sunənu-l-Kubra", 5791). 
Həmçinin, dua etdikdə salavat demək duanın qəbul olunmasına səbəbdir. İbn Məsud (Allah ondan razı olsun) deyir: "Namaz qılırdım. Əbu Bəkr və Ömər (Allah onlardan razı olsun) də Peyğəmbərlə (salləllahu aleyhi və səlləm) birlikdə idilər. Mən oturduqda Uca Allaha həmd-səna etməyə başladım, sonra Peyğəmbərə (salləllahu aleyhi və səlləm) salavat gətirdim və sonra özüm üçün dua etdim. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "İstədiyini dilə, sənə veriləcək". (ət-Tirmizi, 593). 

 

Paylaş: