"əs-Saff" surəsinin izahı

əs-Saff (Səf) surəsinin izahı. Bu surənin nazil olması haqda rəvayət edilir ki, Abdullah ibn Səlam demişdir: “Biz səhabələrdən olan bir camaat: “Hansı əməlin Allah üçün daha sevimli olduğunu bilsəydik, onu edərdik!”– deyərək bəzi əməllərdən danışırdıq. Bu səbəblə: “Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. Ey iman gətirənlər! Nə üçün siz etməyəcəyiniz şeyləri danışırsınız? Etməyəcəyiniz şeylərdən danışmağınız Allah tərəfindən böyük nifrətlə qarşılanır” (əs-Saff, 1-3) - surəsi nazil oldu və Peyğəmbər bu surəni sonuna qədər bizə oxudu. (Sünən əd-Darimi; Sünən ət-Tirmizi).
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Hikmət sahibidir.
Bu ayə Uca Allahın əzəmətini və mütləq hakimiyyətini insanlara xatırladır. Göylərin və yerin bütün sakinləri Onun hökmünə boyun əyməkdədirlər. Məxluqların hamısı həm hərəkətləri, həm də dilləri ilə Allahı bütün naqis sifətlərdən uzaq tutaraq Onun şəninə təriflər deyirlər. Uca Allah buyurur: "Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır" (əl-İsra, 44).
O, hər şeyə qalib gələn və hər şeyi öz hikməti ilə idarə edən qüdrətli və müdrik Allahdır.
2-3. Ey iman gətirənlər! Nə üçün siz etmədiyiniz şeyləri danışırsınız?! Etmədiyiniz şeylərdən danışmağınız Allah yanında böyük nifrətlə qarşılanır.
Yəni, ey Allaha və Onun elçisi Muhəmmədə iman gətirənlər! Nə üçün siz insanlara xeyirxahlıq haqda danışır, özünüz əməl etmədiyiniz halda onları yaxşı işlər görməyə həvəsləndirirsiniz?! Sizin belə etməyiniz Allahı qəzəbləndirir. Uca Allah İsrail oğulları barədə buyurur: “Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüzü unudursunuz? Məgər anlamırsınız?” (əl-Bəqərə, 44).
Rəvayət edilir ki, Usamə ibn Zeyd demişdir: “Mən Peyğəmbərin belə dediyini eşitmişəm: “Qiyamət günü bir nəfər gətirilib Cəhənnəm oduna atılacaq. Onun bağırsaqları atəşin içinə töküləcək və o, dəyirmanın ətrafında fırlanan uzunqulaq kimi fırlanacaq. Cəhənnəm sakinləri onun başına yığışıb deyəcəklər: “Ay filankəs! Niyə bu kökə düşmüsən? Məgər sən bizə yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan etmirdinmi?” O deyəcək: “Mən sizə yaxşı işlər görməyi buyururdum, lakin özüm buna əməl etmirdim, pis əməlləri qadağan edirdim, amma özüm o işləri görürdüm.” (Səhih əl-Buxari, 3267).
Həmçinin, burada Uca Allah vəd etdikdən sonra sözündə durmayanları qınayır. Rəvayət edilir ki, Abdullah ibn Amir ibn Rabiə demişdir: “Bir gün Allahın elçisi - ona və ailəsinə Allahın salavatı və salamı olsun - evimizdə olarkən anam məni çağırıb: “Bura gəl, gör sənə nə verəcəm?” – dedi. Allah elçisi isə ona buyurdu: “Ona nə vermək istəyirsən?” Anam dedi: “Ona xurma verirəm.” O buyurdu: “Əgər sən ona bir şey verməsən, sənin əleyhinə bir yalan yazılar.” (Əbu Davud, 4991).
Bu hədisdə Peyğəmbər nəyisə vəd edərək uşaqları aldatmaqdan çəkindirmişdir. Çünki bu, kiçik yaşdan onları yalana alışdırır və tərbiyyələrinə mənfi təsir göstərir. Xırda bir əməldə olsa belə, istənilən halda yalan danışmaq qadağan edilmişdir.
4. Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.
Bu ayədə Uca Allah daşları bir-birinə sıx tikilmiş bir divar kimi Allah yolunda cərgələrə düzülüb vuruşanları sevdiyini xəbər verir. Rəsulullah demişdir: “Üç qisim insan vardır ki, Allah onların üzünə gülər. Bunlar gecənin bir vaxtı oyanıb namaz qılan adam, namaz qılmaq üçün səflərə və döyüşmək üçün də cərgələrə düzülən insanlardır.” (İbn Macə, 200).
Allahın möminlərə buyurduğu kimi Rəsulullah ordunu cərgələrə düzməyincə, düşmənlə döyüşməzdi. Səhabələr döyüşdə cərgələrə düzülərək bir-birinə sıx şəkildə dayanırdılar. Bu cür nizam onların birliyini sarsılmaz edir və düşmənin qəlbinə qorxu salırdı.
5. Bir zaman Musa öz qövmünə demişdi: “Ey qövmüm, nə üçün siz mənim Allahın rəsulu olduğumu bildiyiniz halda, mənə əziyyət verirsiniz?!” Onlar doğru yoldan sapdıqda, Allah da onların qəlbini sapdırdı. Allah fasiqləri doğru yola yönəltməz.
Yəni, ey Peyğəmbər, qövmünə xatırlat ki, Allahın peyğəmbəri Musa bir zaman İsrail oğullarına demişdi: “Nə üçün siz mənim peyğəmbərliyimin haqq olduğunu bildiyiniz halda mənə əziyyət verirsiniz?!” Musanın qövmü itaətsizlik edir, həm hərəkətləri, həm də dilləri ona əziyyət verirdilər. Onlar bildikləri halda haqdan üz çevirdilər və Allah da onların qəlblərini doğru yoldan uzaqlaşdırdı. Uca Allah haqdan üz döndərən və küfr edən fasiqləri doğru yola yönəltməz. Fasiq Allahın itaətindən çıxan deməkdir. Fasiqlik bəzən mütləq mənada istifadə edilərək küfrə, bəzən də küfr həddinə çatmayan digər böyük günahlara aid edilir.
Uca Allah bu ayədə Muhəmməd peyğəmbərə öz qövmündən olan kafirlərin ona verdiyi əzab-əziyyətlərə görə təsəlli verir və ona səbir etməyi buyurur. Həmçinin, bununla Uca Allah möminləri Peyğəmbərə əziyyət verməkdən çəkindirir. O buyurur: “Ey iman gətirənlər! Musanı incidən şəxslərə oxşamayın. Allah onu onların dediklərindən təmizə çıxartdı. O, Allahın yanında çox ehtiram edilən şəxsdir” (əl-Əhzab, 69).
6. Bir zaman Məryəm oğlu İsa demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən Allahın sizə göndərdiyi, məndən əvvəl nazil edilmiş Tövratı təsdiqləyən və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyən bir elçisiyəm!” Allahın elçisi onlara açıq-aydın dəlillər gətirdikdə onlar: “Bu, aşkar bir sehrdir!”– dedilər.
Bu ayədə, eləcə də Qurani-Kərimin başqa ayələrində İsa peyğəmbər möcüzəvi şəkildə atasız dünyaya gəldiyinə görə İmranın qızı Məryəmə nisbət edilir. Bununla Uca Allah İsanın Allahın oğlu, Allahın bir hissəsi, onun və anasının ilahi keyfiyyətlərə sahib olmalarını inkar edir. İsrail Yəqub peyğəmbərin ləqəbidir. İsrail oğulları dedikdə Yəqub ibn İshaq ibn İbrahimin – onlara Allahın salamı olsun - nəsli nəzərdə tutulur.
Uca Allah bu ayədə İsa peyğəmbərin özündən əvvəl Musa peyğəmbərə nazil edilmiş Tövratı təsdiqləyən və özündən sonra gələcək Əhməd, yəni Muhəmməd peyğəmbərlə İsrail oğullarını müjdələyən olaraq göndərdiyini xəbər verir. Peyğəmbərimiz - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Əhməd adı haqqında belə demişdir: “Mənim bir çox adlarım var: mən həm Muhəmməd, həm də Əhmədəm, mən Allahın mənim vasitəmlə küfrü yox etdiyi Mahiyəm, mən insanların, arxasınca gedib məhşərə toplandığı Haşirəm və mən Aqibəm, o Aqib ki, özündən sonra bir peyğəmbər gəlməyəcək.” (Səhih əl-Buxari, 3532).
Allahın elçisi Muhəmməd insanlara açıq-aydın Quran ayələrini gətirdikdə, kafirlər: “Biz sənə tabe olmayacağıq, çünki sənin bizə gətirdiyin haqq ola bilməz, bu, ancaq aşkar bir sehrdir!” - dedilər. Əbu Hureyra rəvayət edir ki, Peyğəmbər demişdir: “Peyğəmbərlərdən elə bir peyğəmbər olmamışdır ki, insanların ona inandığı möcüzələrdən verilmiş olmasın. (Əsas möcüzə olaraq) mənə verilmiş şey isə Allahın mənə vəhy etdiyi Qurandır. Ümid edirəm ki, Qiyamət günü mənim ardıcıllarım onların ardıcıllarından çox olacaq”. (əl-Buxari, 4981).
Əgər Uca Allah öz peyğəmbərlərini açıq-aydın möcüzələrlə göndərməsəydi, insanların onları təsdiq etməmək üçün bəhanəsi olardı. Uca Allah buyurur: “Biz müjdə verən və qorxudan elçilər göndərdik ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir” (ən-Nisa, 165).
7. İslama dəvət edildiyi halda, Allah barəsində yalan uydurandan daha zalım kim ola bilər?! Allah zalım qövmü doğru yola yönəltməz.
Yəni, İslam dinini qəbul etməyə çağrıldığı zaman Allahın ayələri barəsində: “Bu, adi insan kəlamıdır!” - və ya: “Bu, aşkar bir sehrdir!” - deyərək onu yalan hesab edən və Allaha şəriklər qoşan kimsədən daha böyük haqsızlığı kim edə bilər?!
Zülm hər hansı bir şeyi layiq olmadığı yerə qoymağa deyilir. Zülm etmək haqqı tapdalamaq və ya həddi aşmaqdır. Uca Allah şirk, küfr və digər haqsızlıqları edərək inadkarlıq edənləri doğru yola yönəltməz.
8-9. Onlar öz ağızlarıyla Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaq. Müşriklərin xoşuna gəlməsə də, İslam dinini bütün dinlərdən üstün etmək üçün Öz rəsulunu hidayət və haqq dinlə göndərən Odur.
Kafirlər Allahın öz peyğəmbərinə göndərdiyi haqqı batil və çirkin sözləri ilə puç etmək istəyirlər. Onların misalı günəşin şüasını üfürərək söndürmək istəyənə bənzəyir. Bu, mümkün olmadığı kimi Allahın nurunu söndürmək də mümkün deyildir. Kafir sözü bir şeyi örtən deməkdir. Gecə öz qaranlığı ilə hər şeyi örtdüyünə görə ərəblər onu kafir adlandırırlar. Küfr imanın tam ziddidir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – İslamın və imanın əsaslarına dair məşhur hədisdə Cəbrailin: “Mənə iman haqqında xəbər ver!” – buyruğuna belə cavab vermişdir: “İman Allaha, Onun mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və şərinə qəti inanmaqdır.” Kafir imanın bu altı əsasına inanmır.
Müşrik sözü şərik qoşan deməkdir. Allaha şərik qoşmaq ibadətin hər hansı bir növünü Allahla yanaşı başqasına həsr etməkdir. Allaha şərik qoşmaq ən böyük günah və Ona qarşı edilən ən böyük haqsızlıqdır. Allaha şərik qoşan kafir hesab olunur.
Kafirlər istəməsələr belə, Uca Allah Öz dinini dünyanın hər bir tərəfinə yayaraq onu bütün dinlərdən üstün edəcək. Çünki, Uca Allah bu dini öz elçisi Muhəmmədə həqiqi elm və doğru yol üzərində göndərmişdir.
10-13. Ey iman gətirənlər! Sizi ağrılı-acılı əzabdan xilas edəcək bir ticarəti sizə bildirimmi? Bu, Allaha və Onun rəsuluna iman gətirməyiniz, malınız və canınızla Allah yolunda cihad etməyinizdir. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir. Belə olduğu təqdirdə O sizin günahlarınızı bağışlayar və sizi altından çaylar axan cənnətlərə və Ədn cənnətlərindəki gözəl məskənlərə daxil edər. Bu, böyük uğurdur. Sevdiyiniz başqa şey də vardır: Allah tərəfindən kömək və yaxın qələbə. Möminləri bununla müjdələ.
Uca Allah müsəlmanları şərəfləndirərək onlara "Ey iman gətirənlər!" deyə müraciət edir və onları Cəhənnəmin şiddətli əzabından xilas edəcək, heç vaxt tələf olmayaraq daima onlara uğur qazandıracaq bir ticarət haqda xəbər verir. Bu ticarət insanın tək olan Allaha və Onun elçisi Muhəmmədə iman gətirməsi, var-dövləti və canı ilə Allah yolunda döyüşərək Onun dininə kömək göstərməsidir. Bu ticarət iman gətirənlər üçün dünyanın alış-verişindən qat-qat daha xeyirlidir.
Cihad sözü cəhd etmək, səy göstərmək deməkdir. Cihad var qüvvəsi ilə bütün çətinliklərə sinə gələrək düşmənə qarşı döyüşməkdir. Cihad Allah rizası üçün yerinə yetirilməlidir. Kim vəzifəyə nail olmaq, qənimət sahibi olmaq, şöhrət qazanmaq üçün döyüşərsə, onun axirətdə heç bir payı olmaz. Əbu Musa demişdir: “Bir dəfə bir nəfər Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - yanına gəlib dedi: “İnsanlardan kimisi qənimət əldə etmək üçün, kimisi ad-san qazanmaq üçün, kimisi də özünü göstərmək üçün vuruşur. Bunlardan hansı biri Allah yolundadır?” Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - buyurdu: “Kim Allahın Sözü hər şeydən uca olsun deyə vuruşursa, o, Allah yolundadır.” (əl-Buxari, 2810).
Rəvayət edilir ki, Peyğəmbər demişdir: “Ən üstün dinar kişinin öz ailəsinə xərclədiyi dinar, sonra Allah yolunda dostlarına xərclədiyi dinar və Allah yolunda cihadda olan heyvanına xərclədiyi dinardır” (Səhih Ədəbul Mufrad).
Kim bunları yerinə yetirərsə, Uca Allah onun günahlarını bağışlayıb qəsrləri və ağacları aşağısından çaylar axan, gözəl məskənləri və uca mənzilləri olan Cənnətə daxil edər. Ədn Cənnətin adlarından biridir. Ədn sözü daimi iqamətgah deməkdir. Möminlər orada olan mükəmməl nemətləri gördükdə onları başqası ilə dəyişmək istəməyəcəklər. Uca Allah buyurur: “Onlar orada əbədi qalacaq, oranı başqa bir yerə dəyişmək istəməyəcəklər” (əl-Kəhf, 108).
Həmçinin, axirətdəki bu nemətlərdən başqa dünyada möminlərin sevdikləri digər xeyirlər də vardır. Onlara Allah tərəfindən daima gələn kömək və qələbə ilə müjdə verilir.
14. Ey iman gətirənlər! Allahın köməkçiləri olun. Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda kimlər mənə köməkçi olacaq?”– demiş, həvarilər də: “Bizik Allahın köməkçiləri!”– demişdilər. İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər.
Yəni, ey möminlər, həm özünüz əməl etməklə, həm də başqalarını doğru yola çağırmaqla hər zaman Allahın dininə kömək edənlərdən olun və İsa peyğəmbərin həvariləri onun çağrışına cavab verdikləri kimi siz də Rəbbinizin və Onun elçisi Muhəmmədin çağrışına cavab verin. Həvari seçilmiş səhabə deməkdir. İsa peyğəmbər öz həvarilərinə: “İnsanları Allahın yoluna dəvət etməkdə kimlər mənə köməkçi olar?” - dedikdə, onlar: “Bizik sənə göndərilmiş dinin köməkçiləri” - deyə cavab vermişlər. Bu səbəblə İsa peyğəmbər İsrail oğullarını və yunanları doğru yola dəvət etmək üçün onları Şama göndərdi. Rəsulullah da həcc mövsümündə buna oxşar sözlər demişdir: “Rəbbimin dinini insanlara təbliğ etmək üçün kişilərdən kim mənə sığınacaq verər? Çünki, Qureyş qəbiləsi Rəbbimin dinini təbliğ etməyimə əngəl oldular.” (Musnəd İmam Əhməd, 3/322).
Bundan sonra Uca Allah ona kömək etmək üçün Mədinə şəhərində yaşayan Əus və Xəzrəc qəbilələrini ona tərəf yönəltdi. Onlar Peyğəmbərə sadiq qalaraq ona kömək etmələrinə dair beyət etdilər və Peyğəmbərin onların yanına hicrət etdiyi təqdirdə onu bütün insanlardan qoruyacaqlarını vəd etdilər. Peyğəmbər səhabələri ilə birlikdə Mədinəyə hicrət etdikdə, onlar əhdlərinə sadiq qaldılar və buna görə Allah və Onun elçisi onları ənsar, yəni dinin köməkçiləri adlandırdı. Allah onların hamısından razı olsun!
İsa peyğəmbər İsrail oğullarına dini təbliğ edəndə həvarilər ona kömək etdilər, qövmünün bir hissəsi onun vasitəsilə doğru yola gəldi, digəri isə onun peyğəmbərliyini inkar edərək yolunu azdı, ona və anasına çoxlu əzab-əziyyətlər verdi. Ona tabe olanlardan bəziləri dində hədlərini aşaraq onu peyğəmbərlik məqamından daha üstün məqama yüksəltdilər və firqələrə bölündülər. Rəvayət edilir ki, İbn Abbas demişdir: “Allah İsanı səmaya qaldırmaq istədiyi zaman İsa səhabələrinin qarşısına çıxdı. O zaman onlar evdə on iki nəfər idilər. (İsa evin içindəki bulaqda yuyunduğuna görə) onun saçlarından su damcılayırdı. İsa dedi: “Kim istər ki mənim surətim ona verilsin və mənim yerimə qətlə yetirilsin, sonra cənnətdə mənimlə eyni dərəcədə olsun!” Onların arasından çox gənc bir oğlan ayağa qalxıb dedi: “Mən”. İsa ona: “Otur” - dedi. Sonra o yenə soruşdu. Həmin oğlan ayağa qalxıb yenə: “Mən” - deyə cavab verdi. İsa ona: “Otur” - dedi. Sonra üçüncü dəfə soruşduqda, o yenə ayağa qalxıb: “Mən” - deyə cavab verdi. İsa dedi: “Yaxşı, onda sən olacaqsan”. İsanın surəti ona verildi və İsa evin bacasından səmaya qaldırıldı. Yəhudilərdən olan cəsurlar İsaya oxşadığına görə həmin oğlanı tutdular və öldürdükdən sonra çarmıxa çəkdilər. İnsanlar (İsa barəsində) üç dəstəyə ayrıldılar. Bir dəstə dedi: “Uca Allah istədiyi qədər bizim aramızda qaldı, sonra səmaya yüksəldi”. Bunu deyənlər yəqubiyyə firqəsidir. Digər dəstə dedi: “Allahın oğlu Allahın istədiyi qədər bizim aramızda qaldı, sonra Allah onu öz dərgahına yüksəltdi”. Bunu deyənlər nəsturiyyəlilərdir. Başqa bir dəstə isə belə dedi: “Allahın qulu və elçisi Allahın istədiyi qədər aramızda qaldı, sonra Allah onu Öz dərgahına qaldırdı”. Bunu deyənlər isə (doğru dinə tabe olan) müsəlmanlar idi. Hər iki kafir dəstə birləşib müsəlmanları qətlə yetirdilər. Buna görə də (həqiqi) İslam dini Muhəmmədin Allah tərəfindən göndərilməsinə qədər gizli qaldı. Bu səbəblə Uca Allah bu ayəni nazil etdi: “İsrail oğullarından bir zümrə iman gətirdi, digər bir zümrə isə kafir oldu.” Yəni, İsa peyğəmbərin zamanında iman gətirən və küfr edən zümrələr nəzərdə tutulur. “Biz də - Muhəmmədin dinini kafirlərin dinindən üstün etməklə - iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar üstün gəldilər” (əs-Saff, 14)." (Sunən ən-Nəsəi, 11527, 11591).
Beləliklə, Muhəmmədin ümməti Qiyamət qopana qədər haqq üzərində sabit qalacaq və İsa peyğəmbərlə birlikdə Dəccala qarşı vuruşacaqlar. Bu haqda bir çox səhih hədislərdə xəbər verilmişdir.