Ailədə qadın kişidən yaşca böyük ola bilərmi?

    16.04.2020
Sual: 
Salam Aleykum.6 sualım olacaq,zehmet olmasa cavablandırardınız: 1)Əgər ailədə qadın kişidən yaşca böyük olarsa(və ya ay fərqi ilə),bu dinə görə düzgündürmü? 2)İslamda yetkinlik(Həddi buluq,Namaz qılmaq)yaşı neçədir? 3)psixoloji cəhətdən(nevroz) problemi olan insan çox qısa da olsa namaz qılmağa fasilə verə bilərmi? 4)mənəvi(ruhən) xəstəliyi(depresiya) olan insan namaz qılması vacibdirmi? 5)Dərs oxumaqla(gecə-gündüz fasiləsiz dərs oxumaq,az yemək yemək) özünə əziyyət vermək günahdırmı? 6)Uşaqlara Ən ağır günahlar da yazılmır? 7)"Hər bir insanın ömründə ən azı 1 səhvi olur" cümləsi nə qədər düzgündür?
Cavab: 

Və aleykum Salam. 

1) Ailədə kişinin yaşca qadından böyük olması şərt deyil. Həmçinin qadının kişidən yaşca böyük olması da qəbahət sayılmır. Belə ki, Peyğəmbərimizin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) zövcəsi Xədicə (Allah ondan razı olsun) yaşca Peyğəmbərdən böyük idi. Onlar ailə qurarkən Xədicənin 40, Peyğəmbərin isə 25 yaşı vardı.  
 
2) İslamda yetkinlik yaşına çatmanın aşağıdakı əlamətləri vardır: 
Birincisi, qızlarda heyz olmaq, oğlanlarda isə yuxuda spermanın gəlməsi. 
İkincisi, həm oğlan, həm də qızlarda qasıqda (övrət yerində) tüklərin bitməsi.
Üçüncüsü isə, əgər əvvəlki iki əlamət olmazsa, 15 yaşa çatmaqla bilinir. Həmçinin oxuyun: Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
 
3) Həddi-büluğa çatmış və ağlı başında olan müsəlman namaz qılmağa fasilə verə bilməz. Yalnız qadınlar heyz və ya nifas hallarında təmizlənənə qədər namazı saxlayırlar. 
 
4) Əgər xəstənin ağlı başındadırsa, namazını qılmalıdır. Namaz insanı qəlbən rahatlaşdırır. Uca Allah buyurur: "Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, o (namaz), Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir". (əl-Bəqərə, 45).
Səhih hədisdə bildirilir ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir çətinliyə düşdükdə dərhal namaza tələsərdi. (Əbu Davud, 1319).
 
5) Ümumiyyətlə insan gərək hər bir işini planlı şəkildə görsün. Bir işdə özünü çətinliyə salmaq, o işin yarımçıq qalmasına səbəb ola bilər. Bu səbəbdən istirahətə də vaxt ayırmaq lazımdır. 
 
6) Həddi-büluğa çatmayan uşaqlara etdiyi günahlar yazılmır, hətta böyük günah etmiş olsalar belə. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır); yatandan oyanana qədər, dəlidən ağıllanana qədər, uşaqdan həddi-büluğa çatana qədər". (Əbu Davud, 4401; İbn Məcəh, 2041). 
 
7) Peyğəmbərlərdən (salləllahu aleyhi və səlləm) başqa bütün insanların günahları olur. Peyğəmbərləri (salləllahu aleyhi və səlləm) isə Uca Allah kiçik vaxtlarından günahlardan qoruyur. Digər insanlara gəlincə, hər bir kəsin günahları və səhvləri vardır. Günah edənlərin ən yaxşıları isə tövbə edənlərdir. 
 
Teqlər: 
Paylaş: