İslam dini qadınlara qarşı edilən zorakılığa necə baxır?

    15.04.2020
Kimdən: 
leman
Sual: 
qadinlara qarsi zorakilig dinde nece buyurulub
Cavab: 

Salam aleykum. İslam dini mərhəmət dinidir. İslam dini hər bir zorakılığı və haqsızlığı pisləyir, eləcə də böyük günah olduğunu bildirir.  İslam sözünün mənası da məhz sülh, barışıq, salamatlıq deməkdir. İslam dini qadınlara xüsusi hörmət bəsləməyi buyurur. Qadınlar barədə Quranda "ən-Nisa" (Qadınlar) surəsinin nazil olması buna sübutdur. Bu surədə Uca Allah qadınların haqlarının qorunmasını və onlarla gözəl rəftar olunmasını əmr edərək buyurur: "Qadınlarla xoş rəftar edin. Əgər on­lar xoşu­nuza gəlmirsə, ola bilsin ki, xoş­la­­madığınız bir şeydə Allah si­zə çoxlu xeyir nəsib etmiş ol­sun" (ən-Nisa, 19). İslam alimi İbn Kəsir bu ayənin təfsirində demişdir:

"Yəni onlarla gözəl şəkildə danışın, davranışınızı və zahiri görünüşünüzü bacardığınız qədər yaxşılaşdırın. Qadının sənə qarşı necə olmağını istəyirsənsə, sən də ona qarşı elə ol. Uca Allahın digər bir ayədə buyurduğu kimi: "Kişilərin qadınlar üzərində şə­ri­ətə müvafiq haqları ol­duğu kimi, on­la­rın da kişilər üzərin­də haqları vardır" (əl-Bəqərə, 228). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Sizin ən xeyirliniz öz ailəsinə qarşı xeyirli olanınızdır. İçinizdə ailəsinə qarşı ən xeyirli olan mənəm" (ət-Tirmizi (4/367), İbn Məca, 1977). Gözəl rəftar daima gülərüz olmaq, ailə ilə arabir zarafat etmək, onlara qarşı mülayim olmaq, onların maddi dolanışığını təmin etmək və qadınları ilə deyib-gülmək Peyğəmbərin əxlaqı idi. Hətta o, bəzən möminlərin anası Aişə ilə yarışar və bununla ona olan sevgisini göstərərdi. Aişə (Allah ondan razı olsun) belə deyirdi: "Bir dəfə Peyğəmbər mənimlə qaçışda yarışdı və mən onu keçdim. Bu, mən kökəlməmiş idi. Mən kökəldikdən sonra bir daha yarışdıq və bu dəfə o məni keçdi və dedi: "Bu, əvvəlkinin əvəzi idi". (Əbu Davud, 2578)". Sonra İbn Kəsir Peyğəmbərin öz zövcələri ilə gözəl rəftarından danışaraq sonda demişdir: "Uca Allah buyurur: "Allahın Rəsulu sizlərə – Allaha və Axirət gününə ümi­dini bağ­layanlara və Allahı çox zikr edənlərə gözəl nümu­nə­dir" (əl-Əhzab, 21)".

Həmçinin Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Ən kamil imana sahib olan möminlər, əxlaqı ən gözəl olanlardır. Sizin ən xeyirliniz isə qadınlarına qarşı ən xeyirli olanlardır". (Əbu Davud, 4682). Başqa bir hədisdə Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) qadınlara qarşı ədalətli davranmağı əmr edərək: "Qadınların haqlarını yerinə yetirməkdə Allahdan qorxun! Çünki siz onları Allahın bir əmanəti olaraq aldınız" - deyə buyurmuşdur. (Muslim, 1218).

İslam dini qadına hələ qız uşağı ikən böyük hörmət bəsləmişdir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Kim qız uşağını gözəl tərbiyə edib, Uca Allahın verdiyi nemətlərlə bolluq içində yedirdər və geyindirərsə, o qız uşağı onun üçün xeyir-bərəkət olar, Cəhənnəmdən qurtulub asanlıqla Cənnətə girməyinə bir fürsət olar". (ət-Təbərani). 

Həmçinin İslam dini qadına ana olaraq da böyük hörmət bəsləmişdir. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi­: "Ya Rəsulullah, mən ən çox kimə qayğı göstərməliyəm?” Dedi: “Anana!” Adam yenə soruşdu: “Sonra kimə?” Dedi: “Ana­na!” Adam bir də so­ruş­du: “Sonra kimə?” Dedi: “Anana!” Axırıncı dəfə: “Sonra kimə?”– soruş­duq­da, o: “Atana!”– dedi.” (əl-Buxari, 5971).

Bütün bu deyilənlər İslam dininin qadına böyük ehtiramla yanaşmasına dəlalət edir. İslam dinində qadınla gözəl rəftar etmək barədə çoxlu ayə və səhih hədislər vardır. Həmçinin oxuyun:

Dinimizə görə qadını döymək günahdırmı?


Teqlər: 
Paylaş: