Sədəqə verdiyini kiməsə bildirmək günahdırmı?

    27.04.2020
Kimdən: 
....
Sual: 
Salam. Deməli mən 1 nəfər ehtiyacı olan xəstəyə pul vermişdim. Yəni bank hesabına köçürmüşdüm 20 Azn. Bilirəm ki, elədiyin yaxşılığı gizli saxlamalısan. Deyirler sağ əlin verdiyini sol əl bilməsin. Mən bunu 3 nəfər adama dedim. 1)qrup yoldaşıma bilərəkdən dedimki, o da yardım eləsin. Bir növ həvəsləndirmək üçün. 2) anama-atama. Bir anlıq yadımdan çıxdı və dedim.Sonradan peşman oldum çox 3) otaq yoldaşıma çaşaraqdan dedim , və o anda yadımdan çıxdı verdiyim məbləğ, bir anlıq elə bildim 40 azn vermişəm. Elə 40 man dedim. Bundan sonra da çox peşman oldum. İndi bu 3 ayrı şəxsdə mənim günahım nə qədərdir. Yəni 1ci de nəyə görə günah qazandım, 2 cide nəyə görə, 3 cüde nəyə görə?
Cavab: 

Aleykum salam. Etdiyin yaxşılıqları gizlətmək riyadan uzaq olmaq üçün daha yaxşıdır. Lakin insanları xeyir işlərə rəğbətləndirmək və başqa müəyyən səbəblərə görə etdiyin yaxşılığı bildirmək günah sayılmır. Uca Allah buyurur: "Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. Allah sizin bəzi günahlarınızdan keçər. Allah nə etdiklərinizdən xəbərdardır" (əl-Bəqərə, 271).

Təfsir alimi İbn Kəsir bu ayənin təfsir edərkən demişdir: "Uca Allah buyurur: "Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl", yəni sədəqələri aşkar şəkildə verməyiniz gözəl əməldir. Sonra buyurur: "Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar". Bu ayə dəlalət edir ki, sədəqəni gizlində vermək aşkarda verməkdən daha fəzilətlidir, çünki belə etdikdə, insan riya təhlükəsindən daha uzaq olur. Lakin əgər insanlar üçün yaxşı əməli mənimsəmək kimi bir faydası olarsa, bu halda aşkarda vermək daha yaxşı olar. Peyğəmbər demişdir: "Quranı səslə oxuyan aşkarda sədəqə verən, Quranı səssiz oxuyan isə gizlində sədəqə verən kimidir". (ət-Tirmizi, 2919, 3169). 

Əslində isə bu ayəyə görə, sədəqəni gizlində vermək daha əfzəldir. Həmçinin əl-Buxari və Muslimin Əbu Hureyradan rəvayət etdikləri səhih bir hədis buna dəlalət edir. Bu hədisdə Peyğəmbər demişdir: "Yeddi qisim insan var­ ki, Allah onları Öz kölgəsindən başqa heç bir kölgənin olmayacağı bir gün­də Öz kölgəsi altında kölgələndirəcək: (bunlar) ədalətli rəhbər, Rəbbinə iba­dət etməklə bö­yüyüb boya-başa çatmış gənc, qəlbi məscidlərə bağlı olan kişi, bir-birini Allah xatiri­nə sevən, Onun yolunda birləşib, Onun yolunda ayrılan iki nəfər, gözəl və zadəgan bir qadın tərəfindən zinaya çağırıldıqda: "Mən Allah­dan qorxuram!" – deyən kişi, sağ əli ilə verdiyi sədəqəni sol əlindən gizlədən adam və xəlvətə çəkilib Allahı yad etdikdən sonra gözləri yaşla dolan insan". (Muslim, 1031, 1712). Bu ayə ümumi olaraq gizlində verilən sədəqənin daha əfzəl olmasına dəlalət edir. İstər bu sədəqə fərz olan zəkat, istərsə də nafilə (adi sədəqə) olsun, fərqi yoxdur". Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: