Rəsulullahın dünyaya gəlməsi

    23.04.2020

Muhəmməd peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - bazar ertəsi günü rabiul-əvvəl ayında Fil adlanan ildə Məkkədə dünyaya gəlmişdir. Bu, miladi tarixlə 571-ci ilin aprel ayına təsadüf edir. Həmin ildə həbəşistanlı hökmdar Əbrəhə əl-Əşrəm yəmənli tərəfdarları ilə birgə Allahın Evini (Kəbəni) dağıtmağa gəlmişdir. Onlar fillərin üzərində Kəbəyə yaxınlaşmaq istədikdə, Allah onların üstünə dəstə-dəstə ağ rəngli quşlar göndərdi. O quşlardan hər biri caynaqlarında və dimdiyində gətirdiyi daşları onların üstünə yağdırmağa başladı və Uca Allah onları məhv etdi. Bu hadisə Muhəmməd peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun! – dünyaya gəlməsindən əlli və ya əlli beş gün əvvəl baş vermişdir. Uca Allah Qurani-Kərimdə bu hadisə ilə bağlı əl-Fil surəsini nazil etdi. Uca Allah buyurur: “Mərhəmətli və Rəhmli Allahın adı ilə! 1. Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi? 2. Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı? 3. Onların üzərinə qatar-qatar quşlar göndərdi. 4. O quşlar ki, onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı. 5. Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.
Utbə ibn Abdus-Suləmidən rəvayət olunan hədisdə Peyğəmbərin anası demişdir: "Mən onu dünyaya gətirəndə bətnimdən bir nur saçdığını və Şamın saraylarını aydınlatdığını gördüm". (Musnəd İmam Əhməd, 17648, 17798).
Anasından sonra Peyğəmbəri ilk dəfə Əbu Ləhəbin azad etdiyi köləsi Suveybə əmizdirmişdi. O, bundan əvvəl Peyğəmbərin əmisi Həmzə ibn Abdulmuttalibin də süd anası olmuşdu. Daha sonra Peyğəmbəri Həlimə bint Əbu Zueyb əmizdirdi. Həlimə onu Səd ibn Bəkr oğullarının diyarına apardı və bir müddət ona dayəlik etdi. 
Peyğəmbər yetim olaraq dünyaya gəlmiş və kiçik yaşlarında ikən anasını itirmişdi. Bütün bunlar onun qəlbində dərin iz buraxdı. Anası vəfat etdikdən sonra babası Abdulmuttalib ona qəyyumluq etdi. Onun qulluqçusu Ummu Əymən Peyğəmbərə dayəlik etmiş və onu tərbiyə etmişdi.
Abdulmuttalib səksən iki yaşında fəvat etdikdə, Əbu Talibə Peyğəmbəri öz himayəsinə götürməyi vəsiyyət etdi. Peyğəmbər həmin vaxt səkkiz yaşında idi. Əbu Talib onun halına acımış və qəlbən ona bağlanmışdı. Əbu Talib Şama səfər etdiyi zaman onu özü ilə aparması onu həddən çox sevdiyindən irəli gəlirdi. Peyğəmbər Əbu Talibin himayəsində olduğu müddətdə onun qoyunlarını otarmaqda ona köməklik edirdi. Əbu Talibin güzəranının ağır olması onu bu işə sövq etmişdi. O, həmçinin, Məkkə sakinləri üçün günəmuzd olaraq çobanlıq edirdi. O, kiçik yaşlarından zəhmətə və insanlara kömək etməyə alışmışdır.             
 

Paylaş: