Sübh namazının və imsak vaxtının təqvimdə göstəriləndən 20-30 dəqiqə sonra girməsi fikri doğrudurmu?

    15.05.2020
Sual: 
Salam aleykum Bəziləri təqvimlərdə Sübh namazının vaxtının doğru göstərilmədiyin deyirlər. Əslində sübh namazının vaxtını təqvimdə göstəriləndən 20-30 dəqiqə sonra girdiyini iddia edirlər. Elə buna görə də oruc tutanda təqvimdə olan sübh namazının girdiyi vaxtdan 20-30 dəqiqə sonraya qğdər uzadırlar. Belə etmək düzgündürmü?
Cavab: 

Əssələmu aleykum. Bizim etimad etdiyimiz təqvim "Ummul-Qura" təqvimidir və bu təqvim mötəbər təqvimdir. Bu təqvim dövlət tərəfindən də təsdiqlənmişdir. Bu təqvimdə hər hansı səhvin olduğu müəyyən edilməmişdir. Həmçinin, bu təqvim təcrübə ilə də öz təsdiqini tapmışdır. Uca Allah Quranda Sübh namazının vaxtının daxil olmasını dan yerinin sökülməsi ilə müəyyən etmişdir. Dan yerinin sökülməsini isə şəhərlərdə müşahidə etmək mümkün deyil, bunu yalnız açıq ərazidə müşahidə etmək olar. Dan yerinin sökülməsini açıq ərazidə müşahidə edən insanlar isə dan yerinin sökülməsinin təqvimə uyğun olduğunu demişlər. Havanın qaranlıq olması isə dan yerinin hələ sökülməməsi anlamına gəlmir. Çünki, dan yerinin sökülməsi üfüqdə nazik ağ xəttin əmələ gəlməsidir. Bunu isə yalnız qaranlıqda və açıq ərazidə görmək mümkündür. Uca Allah sübh namazının girdiyi vaxtı ağ sapın qara sapdan ayrılması kimi ifadə etmişdir. Uca Allah buyurur: "Ağ sap qara sapdan seçilənə qə­dər yeyin için". (Səhih əl-Bəqərə, 187). Bu ayədəki "ağ sap" və "qara sap" sözlərinin mənasını Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) hədisi açıqlamışdır. Rəvayət edilir ki, Adiy ibn Hatim demişdir: "Ağ sap qara sapdan seçilənə qə­dər yeyin için" ayəsi nazil olduqda mən bir ağ və bir qara ip götürüb yas­tı­ğı­mın altına qoydum və gecə boyunca bu iplərə baxdım, lakin heç bir şey ayırd edə bil­mədim. Səhəri gün Peyğəmbərin (Allahın ona salavatı və salamı olsun) yanına gəlib nə etdiyimi ona xəbər ver­dim. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) mənə dedi: "Əslində, bu, gecənin qaranlığı və gün­dü­zün aydınlığı­dır" (Səhih əl-Buxari, 1916). 
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) məsciddə sübh namazını qılar­kən onun­la bərabər mömin qadınlar da ipəkdən və ya yundan olan örtüklərinə bü­rünərək namaz qılardılar və evlərinə qayı­danda qaranlıq olduğu üçün heç kəs onları tanımazdı. (Səhih əl-Buxari, 372) Bu hədis göstərir ki, Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sübh namazını qıldıqdan sonra hələ hava qaranlıq olurmuş. Başqa bir hədisdə bildirilir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) sübh azanı verildikdən sonra sübh namazının sünnəsini evində qılırdı, sünnə namazı bitirdikdən sonra bir müddət sağ tərəfi üzərində uzanardı, sonra Bilal gəlib sübh namazına iqamə demək üçün ondan izin istəyərdi, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) namaza çıxıb insanlarla sübh namazını qılardı. Namazında 60-100 ayə oxuyardı. (Səhih əl-Buxari, 626; Səhih Muslim, 736). Bütün bu müddətdən sonra namazı bitirdikdən sonra hələ hava qaranlıq olduğu üçün insanlar qadınları tanımırdılar. 
Beləliklə, aydın olur ki, təqvimdə göstərilən vaxt sübh namazının həqiqi girdiyi vaxtdır və sualda qeyd olunan etirazın heç bir əsası yoxdur. Bu səbəbdən oruc tutanlar təqvimdə göstərilən vaxtda yeyib-içməyi saxlamalıdırlar.

Teqlər: 
Paylaş: