Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) döyüşlərdə iştirak edib?

    08.12.2020
Kimdən: 
Mömin insan
Sual: 
Salam.Bir kasıb insan gəlib Məhəmməd peyğəmbərə dərdini danışırdı.Lakin həmin kasıb insan Onun xoşuna gəlməmişdir və saymamışdır onu.Bədir, Ühüt və Xəndək döyüşlərində Məhəmməd peyğəmbər özü də savaşırdı? O döyüşdə adam öldürüb? Bunlar Qurani-Kərimin hansı sürəsində və neçənci ayəsində yazılıb? Sualıma tez cavab verin zəhmət olmasa. Hər dəfə girib baxıram.
Cavab: 
Va aleykum Salam. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ona müraciət edən insanlara qarşı daim diqqətli və qayğıkeş olmuşdur. Uca Allah bu xüsusda buyurur: "Sizə özünüzdən elə bir Elçi gəl­di ki, sizin əziyyətə düş­mə­yi­niz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəf­qətli, rəhm­lidi". (ət-Tövbə, 128). Siz dediyinizə oxşar hadisə bu surənin izahında var: "Əbəsə" surəsinin izahı
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) döyüşlərdə şəxsən iştirak edirdi və onun öz şərəfli əlləri ilə yalnız bir nəfəri öldürdüyü dəqiq bilinir. Bu da Ubey ibn Xələf olmuşdur. Uhud döyüşündə Ubey ibn Xələf Peyğəmbəri (salləllahu aleyhi və səlləm) öldürmək üçün ona hücum çəkir və Peyğəmbər (salləllahu aleyhi və səlləm) yanındakı səhabə əl-Həris ibn əs-Sammədən nizəni alır və ona atır. Ubey bu zərbədən yaralanır, sonra yolda ölür. (Ətraflı bax: Təfsir İbn Kəsir, 2/296; Zadul-Məad, 3/199). 
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) Uhud döyüşündə əli ilə ön dişlərinə işarə edib demişdir: "Peyğəmbərinə bunu edən millətə Allah bərk qəzəblənmişdir. Həm­çinin, Rəsulullahın Allah yolunda öldürdüyü kimsəyə Allah bərk qə­zəb­lənmişdir". (əl-Buxari, 4073; Muslim, 1793).
Teqlər: 
Paylaş: