Fərqli məzhəbdə olan imamın arxasında namaz qılmaq olarmı?

    22.04.2014
Kimdən: 
Aqil Məmmədzadə
Sual: 
Salam aleykum. Size bir sualim var idi. Ehli sünneden birinin camaat namazinda ehli shie imamin arxasinda namaz qilmasi ve ya ehli shie qardashlardan birinin ehli sünne imaminin ardinda namaz qilmasi mumkundurmu? Eger mumkundurse ehli shie imamin arxasinda ehli sunneler de imam kimi qunut tutmalidirlarmi? Chox sag olun!
Cavab: 

Aleykum salam. Kim dəstəmazı Uca Allahın buyurduğu şəkildə alırsa, habelə namazı Allah Rəslunun (salləllahu aleyhi və səlləm) buyurduğu şəkildə qılırsa, onun arxasında qılmaq olar. Kim bundan kənara çıxarsa, onun arxasında namaz qılmaqdan çəkinmək lazımdır. Malik ibn əl-Huveyris (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə uyurub: "Məni necə namaz qılan gördünüzsə, siz də namazı elə qılın...". (əl-Buxari, Kitəbul-Əzən, Bəb: əl-Əzənu lil-musəfirinə izə kənu cəməah", №: 631; "Fəthul-Bari", 2/111; Əhməd, 5/53).
Çünki Uca Allah Qurani Kərimdə bir çox ayələrdə hər bir məsələdə peyğəmbərə (salləllahu aleyhi və səlləm) tabeçiliyi və onu örnək tutmağı əmr edir: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
"Allaha və Peyğəmbərə itaət edin ki, bəlkə sizə rəhm olunsun". (Ali İmran, 132).
"Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (əl-Əhzəb, 21).

"Allah və Onun Elçisi bir işə hökm verdiyi zaman heç bir mömin kişi və mömin qadın öz işlərində istədikləri qə­­rarı verə bilməzlər. Allaha və Onun Elçisinə asi olan kəs, əlbəttə ki, açıq-aydın azğınlığa düşmüşdür". (əl-Əhzəb, 36). 
"...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin...". (əl-Həşr, 7).
"Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq...". (ən-Nisə, 115).
"Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam təslim olmayınca iman gətirmiş olmazlar". (ən-Nisə, 65).
"Ey iman gətirənlər! Allaha və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə (şəriətə uyğun şəkildə itaət edin). Əgər bir şey haqqında mübahisə etsəniz, Allaha və Axirət gününə inanırsınızsa, Allaha və (Onun) Elçisinə müraciət edin. Bu, (sizin üçün) daha xeyirli və nəticə etibarilə daha yaxşıdır". (ən-Nisə, 59).
"Kim Peyğəmbərə itaət edərsə, Allaha itaət etmiş olar, kim üz çevirərsə, (bil ki,) Biz səni onlara gözətçi göndərməmişik". (ən-Nisə, 80).
"Ey iman gətirənlər! (Peyğəmbər) sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin...". (əl-Ənfəl, 24).
"...Elə isə Allaha və Onun Elçisinə – yazıb oxumaq bilməyən, həm də Allaha və Onun kəlmələrinə inanan peyğəmbərə iman gətirin. Onun ardınca gedin ki, bəlkə doğru yola yönələsiniz". (əl-Əraf, 158).

Teqlər: 
Paylaş: