Qəzəblənmə!

    20.04.2014

İslam dini insanlara gözəl əxlaqı əmr edir. Mülayim olmaq və qəzəbi tərk etmək gözəl əxlaqdan irəli gəlir. Kim tez qəzəblənərsə, pisliklərə dözməz və bir pislik baş verəndə özünü idarə edə bilməz. Ona görə İslam mülayim olmağı və qəzəblənməməyi əmr etmişdir. Uca Allah buyurur: "Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan Cənnətə tələsin. O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da mallarından Allah yolunda xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir". (Ali İmran, 133‐134).

Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mülayimliyin Uca Allah tərəfindən sevilən xasiyyət olduğunu bildirərək Əşəc Abdulqeys adlı səhabəsinə (Allah ondan razı olsun) belə demişdir: "Səndə iki xislət var ki, Allah onları sevir. (Bunlar) mülayimlik və təmkinli olmaqdır". (əl-Buxari: "Ədəbu-l-Mufrad", 586).

Qəzəb bütün şəri özündə cəm edir.
Ağıllı və xeyirxah insan qəzəbli halda pis işlər və qatı cinayət törədə bilər. Rəvayət edilir ki, bir kişi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib dedi: "Mənə nəsihət et!" Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Qəzəblənmə! Həmin adam sualını bir neçə dəfə təkrar etdi və Peyğəmbər (salləllahu aleyhi və səlləm) də hər dəfəsində eyni cavabı verdi". (əl-Buxari, 6116).
Suleymən ibn Surad (Allah ondan razı olsun) demişdir: "İki nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanında söyüşməyə baş­ladı. Onlardan biri qəzəbləndi. Onun qəzəbi o qədər artdı ki, axırda o pört­dü və onun sifəti dəyişdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı oldu) dedi: "Mən elə bir kəlmə bilirəm ki, əgər o, bunu desə, qəzəb hissi ondan gedər!" Bir nəfər ge­dib Peyğəmbə­rin (ona Allahın salavatı və salamı oldu) dediyini ona bildirdi və: "Məlun şeytandan Allaha sı­ğın!" - dedi. O isə, belə cavab verdi: "Yoxsa, mənə nə isə olduğunu güman edir­sən?! Məgər, mən dəliyəm? Get (işinlə məşğul ol)!" (əl-Buxari, 6048).

İslam dini insanın ehtiyacı olan hər bir şey haqqında danışmışdır. İslam dini sadəcə olaraq gözəl əxlaqı əmr etmir, hətta buna nail olmağın yolunu göstərir. Qəzəb şeytan əməlindəndir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qəzəblənən adama su içməyi əmr etmişdir. Belə ki, su qəzəbin hərarətini soyudur. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Qoy sizdən biri qəzəb­lən­di­yi zaman sus­sun". (Əhməd ibn Hənbəl, 1/239).

Eləcə də ayaq üstədirsə, oturmaq əmr edilmişdir. Əgər qəzəbi getməsə, onda dirsəklənməlidir. Çünki ayaq üstə olan adam hərəkət etmək və həyəcanlanmağa hazır olur. Oturan qəzəblənməkdə ayaq üstə durandan bir pillə aşağıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Qoy siz­dən biri qəzəblən­diyi zaman otursun. Qə­zə­bi soyumasa, uzansın". ("Sahih əl-Cəmiu', 694).

İslam müsəlmana mülayimliyi, geniş qəlbli olmağı və əziyyətə dözməyi öyrədir. Bunlara əməl etdikdə insanın qəlbi rahat olur. Mülayim olan insanı hər kəs sevər. Əgər kimsə ona pislik etsə, o buna səbir edər, pislik edən adamın günahından keçər. Bunu görən həmin adam etdiyi pisliyə görə özünü məzəmmət edər və peşman olar. Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) yanına gəlib soruşdu: "Ey Allahın Elçisi, Allahın ən çox sevdiyi insanlar və ən çox sevdiyi əməllər hansılardır?" Allah Elçisi (salləllahu aleyhi və səlləm) buyurdu: "Allahın ən çox sevdiyi insanlar başqalarına ən fay­da­lı olanlardır. Allahın ən çox sevdiyi əməllər isə bir müsəlmanı sevindirmək, onun bir sıxıntısını aradan götürmək, bir borcunu ödəmək və ya aclığını aradan qaldırmaqdır. Bir ehtiyacından ötrü müsəlman qardaşımla getməyim mənim üçün məsciddə bir ay etikaf etməkdən daha sevimlidir. Allah hirsini cilov­layanın eyibini örtər. Qəzəbləndiyi halda qəzəbini boğan kimsənin qəlbini Qiyamət günü Allah razılıqla doldu­rar. Kim müsəlman bir qardaşının bir ehtiyacından ötrü onun ehtiyacı təmin edilənədək onunla gedərsə, ayaqların büdrədiyi gündə Allah onun ayağını sabit edər". (ət-Tabərani: "Mu'cəmu-l-Kəbir", 13468).

Qəzəbləndikdə özünə hakim olmaq 

Allah Rəsulu (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyur­muşdur: "Allah dərgahında, Uca Allahın Üzünü diləyərək qulun qəzə­bini boğmasından daha böyük mükafat yoxdur". (İbn Məcəh, 4189).

"Kim qəzəblənərək özündən çıxa biləcəyi halda qəzəbini boğarsa, Uca Allah Qiyamət günü onu məxluqlarının qarşısına çağıracaq və hurilərdən istədi­yini seçməkdə onu sərbəst buraxacaq". (Əbu Dəvud, 4777).
Əbu əd-Dərdə (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər gəlib Allah Elçisinə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: "Ey Allahın Elçisi! Məni Cənnətə salacaq bir əməl göstər!" Allah Elçisi (salləllahu aleyhi və səlləm) belə dedi: "Qəzəblənmə, sənə Cənnət verilər!" (ət-Tabərani: "Mu'cəmu-l-Kəbir", 1762).
Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demiş­dir: "(Hamını) yıxmaq güclü olmaq demək deyil. Güclü o kəsdir ki, qəzəbləndikdə özünü saxlaya bilsin". (əl-Buxari: "Ədəbu-l-Mufrad", 1317).

Allah Elçisi (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Mükafatın böyüklüyü bəlanın böyüklüyünə görədir. Həqiqətən, Allah bir qövmü sevərsə, onlara bəla verməklə imtahan edər. Kim razı olarsa, Allahın razılığını qazanar. Kim qəzəblənərsə, Allah da ona qəzəblənər". (ət-Tirmizi, 2396).

Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedilər: "Ya Rəsulullah, filan qadın gecəni namaz qılır, gündüzlər oruc tutur, yaxşı iş­lər görür, sədəqə paylayır, lakin qonşularına dili ilə əziyyət ve­rir". Rəsu­lullah (salləllahu aleyhi və səlləm) buyurdu: "O qadında xeyir yoxdur. O, Cəhən­nəm əh­lin­­dən­dir!" (İbn Hibban, 2054). 

Paylaş: