Uca Allahın insanı kamil yaratması qüsurlu və şikəst insanların varlığıyla bir ziddiyyət təşkil edirmi?

    02.08.2023
Kimdən: 
Mehriban
Sual: 
Salam aleykum. Allah Quranda buyurur: "Biz insanı ən gözəl biçimdə yaratdıq!" (ət-Tin, 4) – bu ayə qüsurlu və şikəst insanların varlığıyla bir ziddiyyət təşkil edirmi?
Cavab: 

Və aleykum Salam. Bu ayə ziddiyyət təşkil etmir, çünki bu ayəyə əsasən təkcə insanın zahiri görünüşü qəsd olunmur, insanın zahiri və batini cəhətdən mükəmməl yaradılışı, insanın bədən quruluşunun ən yaxşı şəkildə yaradılması nəzərdə tutulur. Lakin, bu ayənin zahirinə görə çirkin və gözəl insanların mövcudluğunun müqayisə olunması doğru deyil. Çünki, buradan insan cinsinin ümumən başqa canlılarla müqayisədə ortaya çıxan üstünlüyündən söhbət edilir, istisna hallar hər canlıda ola bilir. Lakin, ümumi dəyərləndirmədə istisna hallar deyil, insanın ümumi fiziologiyası əsas götürülür. Bu fiziologiya isə insan deyilən varlığın mükəmməl yaradılaraq heyvanlardan ağıl, üstün idrak ilə seçilməsi və s. bir çox amilləri özündə ehtiva edir.

Böyük təfsir alimi İbn Cərir ət-Təbəri bu ayənin mənası barədə demişdir: "Ayədə and içilən də elə budur. Allah insanı ən yaxşı surətdə və ən yaxşı quruluşda yaratmışdır. (Digər canlılarla müqayisədə) qaməti dikəldilmiş, əzaları mötədil və daha yaxşıdır". (ət-Tabəri "Cəmiul-Bəyən", ət-Tin, 4-cü ayənin təfsiri).

Alimlərin əksəriyyəti də bu mənanı təsdiqləmişdir. Odur ki, bu ayənin mənası ilə nadir hallarda rast gəlinən fiziki qüsurların mövcudluğu ziddiyyət kəsb etmir. Çünki, bu ayədə normal, sağlam insanın necə olmasından bəhs edilir. İnsanın ümumi halı bu təməl üzərində olduğu üçün nadir istisna hallar bu təmələ zərər yetirmir. Elə bu şübhəni gətirənlərin özləri də qəbul edirlər ki, insan əsas etibarilə heyvanlardan yüksək səviyyədədir. İnsanın ən yaxşı halda yaradılmış olmasına bir misal da onu heyvanlardan fərqləndirən ağılıdır. Bu şübhəni gətirənlərin özlərindən də soruşsan ki, insan ağıllıdır, yoxsa heyvan? Heç düşünmədən insanın ağıllı olduğunu deyəcəklər. Bu cavab məqamında isə nadir hallarda rast gəlinən əqli qüsurlu insanları qeyd etmək heç yadlarına düşməyəcək.

Teqlər: 
Paylaş: