Bəzi uydurma ocaq və pirlərin adları

    18.02.2023

Bakının bir çox kəndlərində (Buzovna, Günəşli və s.) “Əli ayağı” adlanan pirlər var. Tarixdə Əlinin Azərbaycan torpaqlarından keçməsi haqda bir cümlə belə yoxdur. Bu coğrafi baxımdan da mümkün deyil.

“Xıdır Zində” deyilən pir var. Guya, Peyğəmbər ﷺ qılıncla qayanı ikiyə bölüb və bu ərazi müqəddəsləşib. Peyğəmbərin, peyğəmbərlərin məqsədi qılıncla qaya bölmək olmayıb!
Hələ deyirlər, Cərcis adlı peyğəmbər də Beyləqanda yaşayıb. Həqiqətdə isə Cərcis – Georgius adlı xristian dəvətçisi olub və dəvət üçün Azərbaycan ərazisinə gəlib, burda da ölüb.
Hər rayon və kənddə bu kimi az qala adambaşı minlərlə ocaq və pirlər var!

Bəzən Allah pirə gedən, Allahdan qeyrisindən şəfa və digər şeylər uman insana istədiyini verir. Bu cahil insan da duasının qəbul olunmasında qəbrin xüsusi bir rol olduğunu zənn edir və bununla da zəlalətini artırır. Lakin Allahın şəfa və digər şeyləri verməsi, o insan üçün bir imtahandır. Uca Allah bu nemətlərin Allahdan olmasını, şəfanı Allahın verməsini və insanların bu nemətlərə şükür edəcəyinimi, yoxsa nankorluq edərək Ona şərik qoşacaq­la­rınımı sınayır.

Uca Allah buyurur:
“Gəmiyə mindikləri zaman (dəryada batacaqlarından qorxub) dini (ibadəti) yalnız Ona məxsus edərək Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar” (əl-Ənkəbut, 65);
“Sizə dənizdə bir çətinlik (batmaq təhlükəsi) üz verdiyi zaman (Allahdan) qeyri ibadət etdiyiniz bütlər qeyb olar. Lakin O sizi xilas edib quruya çıxartdıqda (itaətindən) üz döndərirsiniz. İnsan nankordur! (əl-İsra, 67).

Məsələn, bir insan oğlunun əsgərlikdən sağ-salamat qayıdacağı halda hansısa pirdə qurban kəsəcəyinə niyyət edir. Onun oğlu qayıdanda, bunun pir sayəsində oldu­ğuna iman gətirmək gülünc deyilmi? Uca Allah Qurani-Kərimdə dəfələrlə ölümün əvvəlcədən təqdir edilmiş yazı olduğunu bildirmişdir:
“Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür". (Ali-İmran, 145).

Sözsüz ki, həmin pirdəki qəbirdə yatan ölü bacarsaydı, ilk növbədə özünü ölümdən qurtarardı. Buna görə Uca Allah Ondan uzaqlaşanı daha da uzaqlaşdırar. Necə ki, Allah Qurani-Kərimdə buyurur:
“Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir” (ən-Nisa, 115);
“Biz onları tovlayıb bilmədikləri bir yöndən tədricən əzaba sürükləyirik (əl-Qələm, 44).
Ona görə də, çətinlik anında pirdən yox, Allahdan istəmək, nemət veriləndə qəbirdə yatan ölünün vasitəsilə yox, bu nemətin birbaşa Allahdan olduğuna iman gətirmək və şükür etmək lazımdır.