Peyğəmbərimiz ﷺ yalnız üç məscidi ziyarət üçün səfərə çıxmağa icazə vermişdir

    18.02.2023

Üç məsciddən başqa yerlər üçün ziyarətə çıxmaq şirkə düşmək səbəblərindəndir.

Rəvayət edilir ki, Əbu Hureyra  Tur dağından gələn Bəsrə ibn Əbu Bəsrə əl-Ğifari ilə qarşılaşdı. Əbu Hureyra: “Haradan gəlirsən?”- deyə soruşdu. Bəsrə dedi: “Tur dağından, orada namaz qılırdım”. Əbu Hureyra dedi: “Əgər ora çıxmamışdan qabaq səni görsəydim bunu etməyə imkan verməzdim, çünki mən Peyğəmbərin ﷺ belə buyurduğunu eşitmişəm: “Miniyə ancaq üç məscidə getmək üçün minilir”. (Əhməd, 23850, 27230)

Digər rəvayətdə Peyğəmbər ﷺ belə buyurmuşdur: “Üç məsciddən başqa ziyarət üçün yola çıxılmaz; Haram Məscidi (Kəbə), mənim bu məscidim və Əqsa (Qüds) məscidi”. (əl-Buxari, 1115, 1189)

Vacib qeyd: Uca Allah bizə bu məscidlərdən yalnız birinə - Allahın evi adlanan – Kəbəyə getməyi (ziyarət etmək) və təvaf etməyi (ətrafına dövrə vurmaq) vacib buyurmuşdur. Bu da müsəlmana vacib olan beş şərtdən biridir. Digər ikisinin ziyarəti vacib deyil, sadəcə icazə verilir və oranı təvaf etmək olmaz.

Bu üç yerdən başqa digər yerlərə getmək və ya oraya getmək üçün nəzir etmək olmaz. Hətta Peyğəmbərin ﷺ qəbrini ziyarət etmək məqsədilə də çıxmaq olmaz. Lakin bu üç məscidə getməyi nəzir edən bu nəziri həyata keçirməlidir. Əgər kimsə Mədinə məscidini ziyarət etmək üçün gedirsə, onda həmin məqamda Peyğəmbərin ﷺ qəbrini də görmək olar, çünki Peyğəmbərin ﷺ qəbri Mədinə məscidinin yanındadır. Səhabələrdən heç kəs Peyğəmbərin ﷺ vəfatından sonra uzaq və yaxın yerlərdən Peyğəmbərin ﷺ qəbrini ziyarət məqsədilə gəlməzdilər. Əksinə Peyğəmbər ﷺ belə buyurmuşdur: “Evlərinizi qəbirlərə çevirməyin. Qəbrimi də bayram yeri etməyin! Mənə xeyir-dua edin! Çünki salamınız harada olsanız da mənə çatar!” (Əbu Davud, 2044)

Həmçinin Peyğəmbərin ﷺ qəbrinə yönələrək dua etmək olmaz.

Qeyd: Bunlardan başqa içərisində qəbir olmayan, Allahın adına olan bütün məscidlərdə ibadət etmək (namaz qılmaq, Quran oxumaq, dua etmək və s.) icazəlidir.
 

Məscid  – içərisində qəbir olmayan, yalnız Allaha ibadət edilən yerlər sayilir.

Pirlər, ocaqlar və digər ziyarətgahlar isə insanlar tərəfindən uydurulan, içərisində sağlığında əməlisaleh olduğu iddia edilən insanların qəbirləri üzərində tikilmiş, Uca Allahdan qeyrisi üçün ibadət edilən yerlərdir.

Halbuki, Peyğəmbərimiz ﷺ qəbir kimin olursa-olsun onun üzərində tikili tikməyi qadağan etmişdir.
Aişə  rəvayət edir ki, Ummu Həbibə və Ummu Sələmə Həbə­şis­tanda gör­dükləri və içərisində rəsmlər olan kilsə haqqında Peyğəmbərə ﷺ xəbər verdikdə, o belə demişdir: “Onlar içərilərin­dən əmə­lisaleh bir adam öldükdə onun qəbri üstündə məbəd tikir və (divar­larında) həmin rəsmləri çəkirlər. Qiyamət günü onlar Allah yanında yaradıl­mışların ən pisi olacaqlar”. (əl-Buxari, 409,427)

Əbu Hureyra  rəvayət edir ki, Peyğəmbər ﷺ belə demişdir:
“Allahım, mənim qəbrimi ibadət olunan büt etmə! Öz peyğəmbərlərinin qəbirlərini səcdəgah edən bir qövmə Allahın şiddətli qəzəbi tutar”. (Əhməd, 7352)

Rəvayət edilir ki, İbn Məsud  demişdir: “Mən Peyğəmbər ﷺ qəbirlərin üzərində bina tikməyi, onların üzərində oturmağı və ya onların üzərində namaz qılınmasını qadağan etmişdir. (Əbu Yala “Musnəd” 66)
Peyğəm­bər ﷺ belə buyurmuşdur: “Heç bir qəbirə doğru namaz qılmayın və heç bir qəbirin üzərində namaz qılmayın”. (ət-Tabərani “Mucəmul-Kəbir” 3/145)
Həmçinin rəvayət edilir ki, Cundəb  demişdir: “Mən Peyğəmbərin ﷺ vəfatından beş gün əvvəl onun belə dediyini eşitmişəm: “...Məbadə sizdən əvvəlkilər öz peyğəmbərlərinin qəbirlərini səcdəgah etdikləri kimi siz də qəbirləri səcdəgah edəsiniz; mən bunu sizə qadağan edirəm”. (Muslim, 827, 1216)
Rəvayət edilir ki, İbn Məsud  demişdir: “Mən Peyğəm­bərin ﷺ belə dediyini eşitdim: “Ən pis adamlar Qiyamət gününədək sağ qalacaq adamlar və qəbirləri səcdəgah edənlərdir”. (Əhməd, 3844, 4143)

Alimlər müasir dövrdə dini bilgisi çox az olan müsəlmanların ziyarət yerinə çevirilən və Peyğəmbərə ﷺ ilk vəhyin gəldiyi yer olan Hira mağarası haqda demişlər: “Peygəmbər ﷺ peygəmbərlikdən öncə orada ibadətə çəkilərdi. İlk vəhy ona orada nazil oldu, lakin ona vəhyin ilk dəfə enməsindən sonra bir daha o, mağaraya çıxmadı, ona nə özü, nə səhabələri yaxınlaşmadı. Peygəmbərlikdən sonra Məkkədə on il qaldı. O, mağaranı ziyarət etmədi, oraya qalxmadı. Eyni şəkildə Məkkədə onunla birlikdə olan möminlər də oraya çıxmadılar. Peyğəmbər ﷺ hicrətdən sonra Hudeybiyyə ümrəsinə və Məkkənin fəthi vaxtı Məkkəyə gəldi və orada iyirmi gün qaldı. Lakin Hira mağarasına getmədi və oranı da ziyarət etmədi”. (Məcmuul-Fətava, 27/251)

Günümüzdə ziyarət yerinə çevrilən pirləri araşdıranda görürük ki, həmin qəbirdə bir çox hallarda dini cəhətdən elmsiz və ümumiyyətlə cahil bir adam yatır. Eləsi də var ki, həyatı boyu bu insan nə namaz qılıb, nə oruc tutub, hətta xəstə, əlil insan olub. Allah qarşısında aciz olan bu insan xəstə olarkən özünə şəfa verə bilmədiyi halda başqasına necə şəfa verə bilər, ömrünü uzada bilmədiyi halda başqasının ömrünü necə uzada bilər, özü zəif, gücsüz olduğu, kasıb yaşadığı halda başqasını necə varlandıra bilər?! Hətta dindar olsa belə bu həmin insanların onun qəbrini pirə, ziyarətgaha çevirməyə haqq vermir. Təəssüflər olsun ki, indiki dövrdə hələ də bu cür yerlərə ziyarətgah adı ilə gedənlərin sayı az deyil. Əgər “pirlər”, “ocaqlar” və s. vacib olsaydı, Peyğəmbərimiz ﷺ ondan öncə gəlib getmiş peyğəmbərlərin qəbirlərini ziyarət edərdi və Allah bu barədə Quranda bizə xəbər verərdi.