İnsanları Allaha şərik qoşmağa vadar edən əsas səbəb – elmsizlik

    18.02.2023

Uca Allah buyurur: 
“Bu ona görədir ki, onlar bilməyən bir qövmdür (din-imandan heç nə bilməyən adamlardır)” (ət-Tövbə, 6).
Ayə şirk qoşanların biliksiz bir toplum olduğunu bildirmişdir. Bəzi hallarda bu cahillik aldadılma, Allahın kitabında olanların gizlədilməsi nəticəsində yaranmışdır. İslam düşmənləri müsəlmanların Allaha və Rəsuluna ﷺ olan inamına görə, iman hissini qəlblərdən tam götürə bilməsə də, azdırmağı bacarmışlar. Müsəlmanları parçalamaq, bir-birinə düşmən etmək, qırdırmaq üçün daim haqq yoldan çıxartmağa, zəlalətə sürükləməyə, dini əslindən sapdırmağa çalışmış və çalışırlar.
İslamla əlaqəsi olmayan ziyarətgahlar uyduraraq insanların inancla bağlı fikirlərində bilərəkdən qarışıqlıq yaratmışlar. Bu “ziyarətgahlar” İslam adı altında fəaliyyət göstərən və ya öz işlərini İslam adı altında sırıyananların gəlir mənbəyidir, sərvət toplamaq, kimlərisə varlandır­maq məqsədilə tikilmiş yerlər - obyektlərdir.
Avam camaatı inandırmaq üçün, bir çox əfsanələr də uydururlar ki, guya filankəs sıxıntıdan qurtarmaq üçün qəbirlərdən kömək istəmiş və o, sıxıntıdan qurtulmuşdur, və ya filan kişi müsibətdən qurtulmaq üçün qəbirda olana dua etmiş və bu müsibətdən qurtulmuşdur, və yaxud kimsə neçə illər övlad azsusunda olmuş və qəbirdə meyit olan adamdan övlad istəmiş və onun övladı olmuşdur. Bunun nəticəsi olaraq insanlarda belə bir etiqad yaranmış­dır: Mən bu qəbrin ətrafına gəlib burada Allaha dua etsəm, qurban kəssəm, nəzir desəm daha tez qəbul olunar, nəinki evimdə oturub dua etsəm.
İnsanların saf olan inancından istifadə eləyənlər Allah qarşısında cavabdeh olduqlarını unudurlar. Uca Allah bu cür insanların Qiyamət günü ziyan çəkənlərdən olacağını bildirir:
“Elmsiz olaraq insanları azdırmaq üçün Allaha qarşı yalan uyduran kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, Allah zalım camaatı doğru yola yönəltməz” (əl-Ənam, 144);
“Şübhəsiz ki, Allahın na­­zil etdiyi kitabdan bir şey gizlədib onun müqabilində cüzi miq­dar­da pul əldə edənlər öz qarın­larına od­dan başqa bir şey dol­durmur­lar. Qiyamət gü­­nü Allah onları da­nış­dırmayacaq və onları tə­mizə çı­xarmayacaqdır. Onlar üçün ağrı­lı-acılı bir əzab vardır. Onlar doğru yol qarşılığında az­ğınlığı, bağışlanma qar­şılı­ğında da əzabı satın alan kəs­lər­dir. Onlar Cəhənnəm odu­na necə də sə­bir­lidirlər! Bu ona görədir ki, Allah kitabı haqq olaraq nazil et­miş­dir. Kitab barə­sində ixti­laf edən­lər isə, əlbəttə, haqdan uzaq bir zid­diy­yət içindədirlər” (əl-Bəqərə, 174-176);
“Qoy onlar Qiyamət gü­nü öz gü­nahlarının hamısını və na­dan­lıqları üzün­­dən azdır­dıq­ları kəs­lərin günah­la­rının bir qismini daşısınlar. Bax gör, da­şıyacaq­ları yük necə də pisdir!”  (ən-Nəhl, 25);
“...Allahın ayələrini yalan sayan və onlardan üz çevirən kimsədən daha zalım kim ola bilər? Ayələrimizdən üz çevirənləri üz çevirdiklərinə görə pis əzabla cəzalandıracağıq” (əl-Ənam, 157).

Aldanışdan doğan nəticələrdən biri də kor-koranə təqliddir. Allahın ayələri qarşısında “hamı belə edir”, “biz belə görmüşük” deyərək ata-babalarının dediklərini əsas tutur, onların yolu ilə gedir, onların getdikləri yola davam edirlər. Qurani-Kərimdə Allah Ona şərik qoşanlar haqda buyurur:
“Müşriklər deyəcəklər: “Əgər Allah istəsəydi nə biz Ona şərik qoşardıq, nə də atalarımız. Heç bir şeyi də haram saymazdıq. Onlardan əvvəlkilər də bizim gücümüzü dadana qədər beləcə yalan danışdılar. De: “Bizə gös­tərə biləcəyi­niz bir bil­gi­niz­mi var? Siz ancaq gümana uyur və yalnız yalan uydurursunuz” (əl-Ənam, 148).
Allaha şərik qoşanlar Allahdan qəti olaraq gələn xəbərləri bir yana buraxaraq zənn və təxminlə hərəkət edirlər:
“Onlara: “Allahın nazil etdiyinə və göndərdiyi Elçiyə tərəf gəlin" deyildikdə: “Atalarımızın tutduğu yol bizə bəsdir (Xeyr, biz atalarımızın tutduğu yolu tutacağıq)”– deyirlər. Əgər ataları bir şey bilməyib (bir şey anla­mayıb), doğru yola yönəlməyiblərsə onda necə olsun?” (əl-Maidə, 104);
”Xeyr! Onlar dedidər: Biz ata-babala­rımızı (özgə) bir e'tiqad üzərində gördük, biz də onların izi ilə düz gedirik. (Hər peyğəmbər öz ümmətinə) dedi: “Əgər mən sizə ata-babalarınızın üzərində gördüyünüz (etiqaddan) daha doğrusunu gətirsəm necə? Onlar dedilər: Biz sizinlə göndərilən şeylərə əsla inanmarıq”. (əz-Zuxruf, 22-24);
”Onlar bir pis iş tutanda deyirlər: “Ata-babalarımızı biz beləcə görmüşük və Allah bizə də bunu buyurub. De: “Allah əsla pis işlər buyurmaz. Doğrudan- mı siz Allah barəsində bilmədiyiniz şeyləri söyləyirsiniz?” (əl-Əraf, 28);
“Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar deyəcəklər: “Kaş biz Allaha ibadət edəydik, Onun Elçisinə müti olaydıq!” (əl-Əhzab, 67).
Ayələrdən anlaşıldığı kimi, Allahın halal etdiyi şeyləri ataları haram etmişsə, onu da haram hesab edərlər. Allahın vacib buyurmadığı, fəqət ata-babalarının din adından vacib saydıqları şeyləri yerinə yetirməyə çalışarlar. İnsanın ata-babalarına sitayiş etməsinin isə imanla heç bir əlaqəsi yoxdur. Bu sadəcə kor-koranə olan təqliddir. Allahdan qorxan və Onun razılığını qazanmaq istəyən bir insan atalarının İslam dininə uyğun olmayan adətlərini qorumağa deyil, sadəcə Allahın hökmünü yerinə yetirməyə borcludurlar:
“Allah və Peyğəmbəri bir işi hökm etdiyi zaman heç bir mömin kişiyə və qadına öz işlərində başqa yol seçmək, öz ixtiyarları ilə ayrı cür hərəkət etmək yaraşmaz. Allaha və Onun Peyğəmbərinə asi olan kəs, şübhəsiz ki, haqq yoldan açıq-aydın azmış­dır!” (əl-Əhzab, 36);
“Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allah­dan qorxun. Həqiqətən, Allah şiddətli cəza verən­dir” (əl-Həşr, 7).

Aldanışdan doğan nəticələrdən biri də qorxudur. Bəzi insanlar yalnız Allaha qarşı yönəlməsi lazım olan qorxu hissini, Onun yaratdıqlarına qarşı da duyurlar və bu qorxu insanın davranışına təsir edir. Allahdan çox insanlardan, hətta möminlərdən qorxurlar. Uca Allah buyurur:
“Axı siz (ey möminlər!) onların ürəklərində Allahdan da qorxulusunuz, çünki, onlar (haqqı) anlama­yan adamlardır” (əl-Həşr, 13); “O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Elə isə onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!” (Ali-İmran, 175).
Bəzi insanlar Allahdan qeyrisindən qorxaraq qəbirlərin ətrafında Kəbəyə təvaf edildiyi kimi təvaf edir, bəziləri də bunu sürünərək edirlər. Əllərini qəbirlərə sürtür, oranın toz-torpağını üzünə, bədəninə sürtür, onun quyusunun suyundan bərəkət tapmaq niyyətilə içir və o suyu yayır, suyu ora gəlməyənlərə aparır, ordan çıxarkən arxasını həmin qəbirə döndərməmək üçün arxa-arxaya yeriyərək ordan çıxır, oranı ucaltmaq, əzəmətləşdirmək üçün aləmə car çəkib insanları ora dəvət edirlər. Qəbir gördükdə boynunu bükür, səcdə edir, özünü qəbrin yanında aşağı sayaraq zəlil olur, xəstəsinin şəfa tapması, uşağının olması ya da bir işinin asanlıqla baş verməsi üçün istək və arzularını bildirərək yalvarırlar. Halbuki Allah Özünə qarşı bu hərəkətləri qadağan etmiş (sürünmək, iməklə­mək, özünü Onun iti adlandırmaq və s.), yalnız gözəl bir şəkildə Ona səcdə etməyimizi əmr etmişdir.
Bu qəbirlərin qarşısında zəlil olan insanlara bu əməlləri tərk etməyi nəsihət etdikdə, çox rahat bir şəkildə min bir bəhanə gətirərək nəsihətdən boyun qaçırırlar.
İnsanların dinlərini bilməmələri, Allahı tanımamaları, Allahın sifətlərini bilməmələri, Onun qüdrətini dərk etməmələri onları hər cür zəlalətə, səhv yola, zəlilliyə, nəhayət gülünc bir vəziyyətə gətirib çıxarırır.
Sevilməyə, qorxulmağa layiq olan tək varlıq Allahdır. Mütləq gücün sahibi Odur. Onun diləməsi olmadıqca, heç bir şey insana zərər və ya fayda verə bilməz. Allahdan başqasından qorxmaq onu ilahlaşdırmaqdandır.

Beləliklə, din adından hər danışana inanmaq olmaz. Xüsu­sən indiki dövrümüzdə belələri saysızdır. Onlar din və müsəlmanlar üçün bir fitnə və təhlükədir. “Din adamı” sifətilə ortaya çıxır, “dini biliklərilə” özlərini cahil xalqa alim qəbul etdirdikləri üçün insanlar onların dedikləri hər bir şeyi qəbul edərlər. Bir qədər Allahdan danışır, özünü sevdirir, insanlar ona inandıqdan sonra isə dində olmayan xurafatları (bidətləri) din adına insanlara sırıyırlar.
Peyğəmbərimizin ﷺ vəfatından sonra dini əslindən uzaqlaşdıran, Qurandan uzaqlaşdıran bu cür “din adamları” qurduqları batil yollarla milyonlarla insanı azdırmışlar.
Uca Allah bu cür şərli insanların bizi azdırmasından çəkindirərək belə buyurur:
“Əgər sən yer üzündə insanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdıracaqlar. Onlar ancaq zənnə qapılır və ancaq yalan uydururlar” (əl-Ənam, 116);
“Ey iman gətirənlər! Əgər bir fasiq sizə bir xəbər gətirsə, dərhal (onun doğruluğunu) yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizin peşmançılığını çəkərsiniz!” (əl-Hucurat, 6);
“İnsanlardan eləsi də var ki, onun dünya həyatı haqqındakı sözləri sənin xoşuna gələr. O, qəlbində olana da Allahı şahid göstərər. Halbuki, o, düşmənlərin ən qəddarıdır. (O, səndən) ayrılan kimi çalışar ki, yer üzündə fitnə-fəsad törətsin, əkini və nəsli məhv etsin. Allah isə fitnə-fəsadı sevməz!” (əl-Bəqərə, 204).
Buna görə insanın hər eşitdiyini (xüsusən din adına) danışması, əməl etməsi qadağındır. Peyğəmbər ﷺ demişdir: “İnsanın hər eşitdiyini danışması onun yalançı olmasına kifayətdir”. (Muslim, Müqəddimə, 10).

İbn Ömər  rəvayət edir ki, bir gün şərq tərəfdən iki nəfər gəlmişdir və onlar öz bəlağətli sözlərilə insanları məst etmişdilər. Bu xəbər Peyğəmbərə ﷺ çatdıqda buyurdu: “Həqiqətən də, bəlağətli danışıq (insana) sehrin təsiri kimi təsir göstərə bilər”. (əl-Buxari, 5767).
Buna görə insanlar diqqətli olmalı, Allahı, Rəsulunu, Kitabını qoyub hər özünü “din adamı” kimi göstərəndən elm götürmə­mə­lidirlər.
Uca Allah buyurur:
“(Xəbər verdiyi şeylərdə, Söz və vədində) Allahdan daha doğru sözlü kim ola bilər?” (ən-Nisa, 87);
Onlar Allaha və Onun dəlillərinə dair sözə inanmadıqdan sonra hansı sözə daha inanacaqlar?!” (əl-Casiyə, 6).
Allahın və Onun Elçisinin ﷺ adına yalan danışanlar Allah qatında ən zalım, insanların ən şərlisidir. Uca Allah Qiyamət günü bu cür insanları şiddətli əzab gözlədiyini xəbər verərək buyurur:
“Sən Qiyamət günü Allaha qarşı yalan uyduranların üzlərini qapqara görəcəksən. Məgər Cəhənnəmdə təkəbbürlülər üçün yer yoxdur?” (əz-Zumər, 60).
Peyğəmbər ﷺ demişdir: “Kim mən demədiyim sözü mənim adımdan deyərsə, Cəhənnəmdəki yerini hazır bilsin”. (əl-Buxari, 109)