Qəbirləri ziyarət edərkən qadağan olunan əməllər

    18.02.2023

1. Ziyarət əsnasında artıq-əskik sözlər danışmaqdan çəkinmək. Peyğəmbər ﷺ demişdir: “Artıq-əksik sözlər danışma­yın”. (əl-Hakim, 1/532)
Burada artıq-əksik sözlər deyildikdə, şəriətin qadağan etdiyi sözlər nəzərdə tutulur ki, bunların da önündə qəbirlərə dua edib onlardan istəməklə Allaha şərik qoşmaq, onlardan yardım diləmək gəlir.

2. Qəbirlərin yanında Qurban kəsmək. Əgər arzuları yerinə yetirmək üçün ölülərə qurban kəsilirsə, böyük şirk sayılır. Yox əgər başqa məqsədlə edilirsə, onda bu, şirkə aparan ən böyük vasitə­lərdən hesab edilir. Peyğəmbər ﷺ demişdir: “İslamda (cahiliyyə dövründə olduğu kimi) qurban kəsmək yoxdur”. Abdur-Rəzzaq  demişdir: “O zaman müşriklər qəbirlərin yanında inək və ya qoyun kəsərdilər”. (Əbu Davud, 3222)

3. Qəbirin içərisindən çıxan torpaqdan əlavə torpaq qoymaqla onu hündür etmək, üzərində yazı yazmaq, üzərində tikili ucaltmaq və üzərində oturmaq barədə. Bütün bu sadalananlar həmin o bidətlərdir ki, yəhudilər və xaçpərəstlər bunların vasitəsilə azğınlığa düşmüşlər. Bunlar şirkə aparıb çıxaran ən böyük vasitələrdən sayılır.

4. Qəbirlərə tərəf və ya onların yanında namaz qılmaq. Peyğəmbər ﷺ qəbirlərə doğru namaz qılmağı qadağan etmişdir: “Heç bir qəbirə doğru namaz qılmayın və heç bir qəbirin üzərində namaz qılmayın”. (Muslim 3/62)

“Qəbristanlıq və hamam istisna olmaqla, bütün yer üzü səcdəgahdır”. (Əbu Davud, 492)

Ənəs  rəvayət edir ki, bir gün mən bir qəbrin yanında namaz qılırdım. Ömər məni gördü və dedi: “Qəbirdən uzaq dur! Qəbirdən uzaq dur!” (əl-Buxari, “Fəthul Bəri” 1/437)

Peyğəmbər ﷺ qəbristan­lıqda namaz qılmağı onun murdarlığına görə deyil, şirkin murdarlığına görə qadağan etmişdir, çünki şirkə aparan yol əsasən qəbirlərin yanında ibadət etməkdən başlayır.

5. Qəbirləri ziyarət etməyi adət halına salmaq. Bu da, özündə böyük zərər olduğuna görə barəsində açıq-aydın qadağalar gələn bidətlərə aiddir. Peyğəmbər ﷺ demişdir: “Mənim qəbrimi ziyarətgaha çevirməyin, evlərinizi də qəbirstanlığa döndərməyin, harada olsanız mənə salavat deyin və bilin ki, sizin salavatınız mənə çatdırılır“. (Əbu Davud, 2042)

Təəssüflər olsun ki, bu günkü gündə bu qadağaların tam əksini görürük, əlavə olaraq xaçpərəstlər kimi şam yandırıb cüt sayda gül qoymağa başlamışıq.