Ölülər bizi eşidib, görürmü?

    18.02.2023

Uca Allah buyurur:
“Ona (Allaha) bənzər heç bir şey yoxdur. O, (hər şeyi) eşidəndir, (hər şeyi) görəndir!” (əş-Şura, 11);
“Heç yaradan (Allah) yaratmayana bənzə­yərmi?! Məgər düşünmürsünüz?!” (ən-Nəhl, 17);
“O, hər şeyi biləndir” (əl-Bəqərə, 29);
“Məgər yaradan (sizin gizli saxladığınız hər şeyi) bilməzmi?! O, (hər şeyi) incəliyinə qədər biləndir, (hər şeydən) xəbərdardır!” (əl-Mulk, 14);
“Şübhəsiz ki, sən nə ölülərə haqqı, nə də üz çevirib gedən karlara çağırışı eşitdirə bilməzsən” (ər-Rum, 52);
“Şübhəsiz ki, Allah istədiyinə haqqı eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən” (Fatir, 22).

Ayələrdən anlaşıldığı kimi, hər yerdə eşitmək, görmək, eyni anda bütün dünyadakı insanları eşitmək, görmək, qəlblərdəkini bilmək, müxtəlif dildə olan insanları hər kəsi öz dilində başa düşmək yalnız Allaha məxsus sifətlərdir. Yaradan yalnız Özünə xas bu xüsusiyyyətləri yaratdığı heç bir məxluqa, nə ölülərə, nə də dirilərə verməmişdir.\

Uca Allah diriləri yalnız müəyyən məsafəyə kimi görən eşidən yaratmışdır, o da həmin məxluqun sağlığında olan sifətidir. Məxluqlar müəyyən məsafədən sonra eşitmir, qaldı ki, bir-iki metr yerin dərinliyində olan çürümüş cəsəd! Ölülər müxtəlif dillərdə olan müraciətləri anla­mazlar. Bu keyfiyyətləti onlara verənlər onlara ilahi keyfiy­yətləri vermiş olurlar. Hər bir millət Peyğəmbərin ﷺ qəbrinin yanında duraraq öz dilində ona müraciət edir, elə zənn edirlər ki, onları eşidir və başa düşür. Bu isə insan­ların cəhalətləri üzündən etdikləri ən böyük şirklər­dəndir.  Uca Allah buyurur:

“Qiyamət gününə qədər ona cavab verə bilməyən Allahdan qeyrisinə müraciət edəndən də artıq yolunu azmış kim ola bilər! Bunlar isə onların müraciətini eşidə bilməzlər. İnsanlar bir yerə toplan­dıqda bunlar onlara düşmən kəsiləcəklər, onların iba­dət­lərini inkar edəcəklər”. (əl-Əhqaf, 5-6).
Həmçinin məxluqlar öldükdən sonra onların bu dünya ilə əlaqələri kəsilir. Necə ki Uca Allah buyurur:
“...Onların arxasında diriləcəkləri günə qədər bərzəx (maneə) vardır”. (əl-Muminun, 100).

Sağ ikən sən danışarkən səni hər yerdə görməyən, səni hər yerdə eşitməyən, öləndən sonra səni görüb-eşitməsi, sənin qəlbindən keçənləri bilməsi gülünc deyilmi?! Özü yaradılmış olub yaratmağa qadir olmayan, yaratmadığı şeyin daxilini, qəlbindən keçənləri necə bilə bilər?
 

Allahdan başqa bütün varlıqlar fanidir

Uca Allah buyurur:
“Yer üzündəki hər kəs fanidir (ölümə məhkumdur)”. (ər-Rahmən, 26);
“Səndən əvvəl də heç bir insana əbədilik vermədik. Əgər sən ölsən, onlar əbədi qalacaqlar?!” (əl-Ənbiya, 34).

Əbədi olan yalnız Uca Allahdır:
“Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədi­yindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur”. (əl-Bəqərə, 255).
 

Allahdan qeyrisini - ölüləri çağırmaq ona görə şirkdir ki…

Qəbirdəki insana dua etdikdə, həmin insan qəbir sahibinin eşitdiyinə etiqad edir. Əgər etiqad edirsə, deməli Allaha xas olan sifətlərdən birini o kimsəyə vermiş olur. Onlar isə hər şeydən bixəbərdilər. Uca Allah buyurur:
“Allahı buraxıb yalvarıb yaxardıqları, heç bir şey yarada bilməzlər. Çünki onlar özləri yaradılmışlar. Onlar diri deyillər, ölüdürlər. Nə zaman diriləcəklərini də bilməzlər”. (ən-Nəhl, 20-21);
“Ey insanlar! Çəkilən məsələ qulaq asın. Dua edilən Allahdan başqa qeyriləri hamılıqla toplansalar belə bir milçək də yarada bilməzlər. Əgər milçək onlardan bir şeyi aparsa onlar onu geri qaytara bilməzlər. İstəyən də aciz, istənilən də”. (əl-Həcc, 73).

 

Özü Allaha möhtac olan kəs, başqalarının möhtaclığını necə aradan qaldıra bilər?!

Allah bizə buyurur ki, Allahdan qeyri dua etdikləriniz də sizin kimi insanlardır. Sizin kimi yeyirdilər, içirdilər, yatırdılar, gəzirdilər, evlənirdilər, işləyirdilər və ölürdülər. Onlar da ehtiyac vaxtı övlad dilədikdə, şəfa istədikdə, müsibət anında əllərini göyə tərəf qaldıraraq Allaha dua edirdilər. Onlar da hər bir şeydə sizin kimi Allaha möhtac idilər. Əgər möhtac olmasaydılar əvvəlcə özlərinə xəstə­lən­mə­mək və ölməmək üçün kömək edərdilər. İnsanın özü kimi başqa bir məxluqa pərəstiş etməsi ağla və məntiqə də ziddir. Yaradılmış bir varlığın ibadətə layiq olmaması açıq-aşkar əqli və fitri bir qanundur. Bu qanun yuxarıdakı bölmələrdə qeyd edildiyi kimi Allahdan başqa bütün varlıqlara, hətta peyğəmbərlərə belə şamil olunur. Uca Allah bu haqda buyurur:
“Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan heç olmazsa, birini edə bilən varmı? O pakdır və müşrik­lərin Ona şərik qoşduqlarından ucadır” (ər-Rum, 40);
“Bu (deyilənlər) ona görədir ki, Allah haqq, (müşriklərin) Ondan qeyri ibadət etdikləri isə batildir. Həqiqətən, Allah (hər şeydən) ucadır, (hər şeydən) böyükdür!” (Loğman, 30).
Buna görə də bizə verilən nemətlərdə ölülərin müəyyən rolunun olmasına, onların eşitməsinə, cavab verməsinə, vasitəçi olmasına heç bir halda inanmaq olmaz.
Uca Allah buyurur:
“Məni yaradan və məni doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək sonra dirildəcək də Odur və Qiyamət günü xətamı bağışlayacağına ümüd etdiyim də Odur!” (əş-Şuəra, 78-82);
“Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz”. (ən-Nəml, 62);
“De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allahındır!”- deyəcəklər. De: “Bəs düşünüb ibrət almaya­caqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!”- deyəcəklər. De: “Bəs qorxmur­sunuz?” De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!”- deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” (əl-Muminun, 84-89).
Ayə və hədislərlə öz batil etiqadlarını avam camaata yeritməyə çalışanlar bidət əhlidir. Onlar avam camaatı azdırmaq, çaşqınlığa salmaq üçün bəzi Quran əyələrini və hədisləri gətirərək ölülərin eşidib cavab verməsinin mümkün olmasını deyirlər. Halbuki, o ayə və hədislərdə ölülərin yalnız bəzi məhdud məqamda eşitməsi xəbər verilir.
Ölülərin eşitməsindən bəhs edən ayə və hədislər aşğıdakılardır:

1. Ölünün dəfn ediləndən sonra qəbirin ətrafından axırıncı çıxan adamın ayaq səslərini eşitməsi. Bəra ibn Azib  rəvayət edir ki, bir gün Peyğəmbər ﷺ ilə birlikdə ənsarlardan birini dəfn etmək üçün qəbristanlığa yollan­dıq. Biz qəbrə yaxınlaşdıq, oranı hələ də qazırdılar. Peyğəmbər ﷺ üzünü Məkkəyə tərəf çevirərək oturdu. Biz də onun yanında sükut içərisində oturduq. O, əlində olan çubuq ilə yerə bir neçə dəfə vurduqdan sonra başını səmaya qaldırıb iki və ya üç dəfə: “Qəbir əzabından qorunmaq üçün Allaha sığının!"- dedi və sözünə davam edərək: “Mələklər ruhu torpağa qaytardıqdan sonra qul yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir”. (Əhməd, 4/287, 295-296)

2. Ölülərə qəbir yanında salam verərkən salamı eşitməsi. Peyğəmbər ﷺ qəbristanlığa girdikdə bu duanı deyərdi: “Ey bu diyarın mömin və müsəlman sakinləri! Sizə salam olsun! Allahın izni ilə biz də sizə qovuşacağıq. Allah bizdən əvvəl gedənlərə və qalanlara rəhmət etsin. Allahdan özümüzə və sizə salamatlıq diliyirəm”. (Muslim, 2/671)

3. Ölülərin (yuxarıda qeyd olunan iki halda) eşitsə də cavab vermək iqtidarında ola bilməməsi; Aşağıdakı ayədə Uca Allah ölünün eşitsə də, onların cavab vermək iqtidarında olmadıqlarını açıq-aydın bəyan edir:
“Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pər­də­sinə belə sahib deyillər. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz” (Fatir, 14).

4.  Bəzi ayələr ilə şübhələr haqda:
“Allah yolunda öldürülənlərə (şəhid olanlara) "ölü" deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz” (əl-Bəqərə, 154);
“Allah yolunda öldürü­lən­ləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur” (Ali-İmran, 169).

Qeyd 1: Bu ayələrdən açıq-aşkar şəkildə görünür ki, burada söhbət yalnız Allah yolunda öldürülmüş şəhidlərdən gedir və onların yalnız Allah qatında diri olmağından danışılır, bu dünyada yox. Çünki öldükdən sonra bu dünya ilə əlaqə kəsilir. Necə ki Quranda buyrulur:
"...Onların arxasında diriləcəkləri günə qədər bərzəx (maneə) vardır” (əl-Muminun, 100).

Qeyd 2. Allah burada Allah yolunda şəhid olanın Allah qatında hansı dərəcədə üstün olduqlarını nəzərə çatdırır və Quranın digər ayələrinə zidd olaraq bu ayələrdən sonra “şəhidlər sizi eşidir”, “onlardan istəyin” və ya “onlara deyin dediklərinizi mənə çatdırsın” buyurmur.

5. Yuxarıdakı hallar istisna olmaqla qalan heç bir halda ölünün eşitməməsi: Yuxarıdakı ayələr istisna olmaqla digər bütün ayələrdə Uca Allah ölülərin heç nəyə qadir olmadıqlarını, heç nə eşitmədiklərini və eşitsələr belə cavab verə bilmədiklərini bildirir:
“Allahdan başqasına dua (ibadət) edəndən daha çox azmış kim ola bilər? O kəs ki, qiyamət gününə qədər ona cavab verə bilməz! Halbuki onlar (dua etdikləri şeylər) onların yalvarışından xəbərsizdirlər” (əl-Əhqaf, 5);
“Əgər siz onları çağırsa­nız, onlar sizin duanızı eşit­məzlər, eşit­sələr də ca­vab verə bilməzlər. Özləri də Qiyamət günü sizin on­la­ra ibadət etdi­yinizi da­nacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah ki­mi sənə xəbər verə bilməz” (Fatir, 14);
“Sözsüz ki, sən nə ölülərə haqqı eşitdirə bilərsən, nə də dö­nüb gedən karlara çağırışı çatdıra bilərsən” (ən-Nəml, 80; ər-Rum, 52).

 

Qiyamət günü hər kəs öz hayında olacaq, üstəlik Allahdan başqa çağırılanlar onları çağıranların düşməninə çevriləcəklər.

İnsanlar (nemətin) ölən tərəfdən ona verildiyini fikirləşir, amma həmin ölünün bu işlərdən heç xəbəri belə yoxdur. Ölənin başı özünə qarışıb: ya o zövq alır və nemət içindədir, ya da qəbirdə əzaba məruz qalır. Nə vaxt ki, insanlar Axirət günü yığılacaq, Allahla yanaşı ibadət olunan bütün “salehlər” yığılacaq və onlar sizin onlara ibadət etdiyinizi inkar edəcəklər və həmin o ibadət edənlərin düşməninə çevriləcəklər. Hətta şeytan belə, ona ibadət edənin ibadətini rədd edəcək. Uca Allahın buyurduğu kimi:

“Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz” (Fatir, 14);
“İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə gerçək vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin (vədimə) xilaf çıxdım. Mənim sizin üstünüzdə heç bir hökmranlığım yox idi. Mən sizi (azğınlığa) dəvət etdim, siz də (dəvətimi) qəbul etdiniz. Buna görə də məni yox, özünüzü qınayın. Nə mən sizin köməyinizə çata bilərəm, nə də siz mənim köməyimə çata bilərsiniz. Heç şübhəsiz ki, mən əvvəllər də sizin məni (Allaha) şərik qoşmağınızı rədd etmişdim”. Həqiqətən, zalımlar üçün üzücü bir əzab hazırlanmışdır”. (İbrahim, 22);
“O zaman, tabe olunmuş (başçılar) tabe olunanlardan uzaqlaşacaq, (hamısı) əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir” (əl-Bəqərə, 166);
“İnsanlar bir yerə toplana­caqları zaman isə, onlara düşmən olacaqlar və onların ibadətini inkar edəcəklər”. (əl-Əhqaf, 6);
“O gün Allah onları çağırıb şəriklərim haradadır-  deyəcəkdir. Onlar da Biz sənə bildirdik ki, aramızda heç bir şahid yoxdur” (Fussilət, 47).
Həmçinin uzun bir hədisdə Peyğəmbər ﷺ belə buyurmuşdur: “Qiyamət günü Allah insanları böyük bir meydanda toplayacaq və aləmlərin Rəbbi olan Allah onlara belə deyəcək: “Hər kəs dünyada qulluq etdiyi şeyə tabe olsun”. Bundan sonra xaça ibadət edənlər xaçı, bütə ibadət edənlər bütləri, oda ibadət edənlər də odu təmsil edəcək, beləcə onlar ibadət etdikləri bu şeylərə tabe olacaqlar...”. (ət-Tirmizi, 2557, 2755)