Sabiilər kimlərdir?

    05.02.2024
Sual: 
Sabiiler- adları Qur'anda Ulduzlara ibadet eden bir qövm olaraq behs olunur.Hacc suresi 17-ci ayede adı keçen 6 esas din arasında Sabiiler yehidilerden sonra 3-cü yerde adları zikr olunur. Size yönlendirilen bir sualda Siz ise sabiilerin heç bir dinleri olmadığını qeyd edirsiz.
Cavab: 

Əssələmu aleykum. Uca Allah əl-Bəqərə surəsinin 62-ci ayəsində belə buyurur: "Şübhəsiz ki, möminlərin, yəhudi, nəsrani və sabiilərdən Allaha və Axirət gününə iman gətirənlərin və yaxşı iş görənlərin mükafatı öz Rəbbi yanındadır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər".

Böyük təfsir alimi İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində alimlərin "sabiilər" barədə dediklərini nəql edərək demişdir: "Sabiilərə gəlincə, onların kim olması barədə müxtəlif fikirlər var. Mucahid demişdir: "Sabiilər - atəşpərəstlər, yəhudilər və xaçpərəstlər arasında bir qövmdür. Dinləri yoxdur”. Həmçinin, Əta və Səid ibn Cubeyrdən də belə rəvayət edilmişdir. Əbul-Aliyə, əs-Suddi, İshaq ibn Rahaveyh və başqalarından isə, sabiilərin Kitab əhlindən bir firqə olub, Zəburu oxuduqları rəvayət olunur.

Abdur-Rahmən ibn Zeyd (Allah ona rəhmət etsin) belə demişdir: "Sabiilər mövcud olan dinlərdən birinin mənsublarıdır. Onlar Mosul ətrafında yaşayan və "Lə İləhə İlləllah" (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) deyən bir qövm olmuşlar. Buna baxmayaraq, onların nə əməlləri, nə kitabları, nə də peyğəmbərləri var idi. Yalnız “Lə İləhə İlləllah” (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) sözünü deyirdilər. Onlar heç bir peyğəmbərə iman gətirməmişlər. Bu səbəbdən müşriklər Peyğəmbərə ﷺ və onun səhabələrinə: "Bunlar sabiilərdir"- deyirdilər. Yəni, "Lə İləhə İlləllah" dedikləri üçün onlara bənzədirdilər”.

Bu rəylərdən ən doğru olanı - Allah daha yaxşı bilir - Mucahid və onun davamçılarının və Vahb ibn Munəbbihin sözüdür ki, onlara görə, sabiilər nə yəhudi, nə xaşpərəst, nə atəşpərəst, nə də müşrik olan bir qövmdür. Onlar fitrət üzərində olduqları kimi qalmışlar. Tabe olduqları və əməl etdikləri bir dinləri yoxdur. Bu səbəbdən müşriklər, İslamı qəbul edənləri “Sabii” ləqəbi ilə adlandırırdılar. Yəni, onları o vaxt yer üzündə mövcud olan dinlərdən çıxmış hesab edirdilər".

Teqlər: 
Paylaş: