əl-Əraf surəsinin 172-ci ayəsinin şərhi
Və aleykum Salam. Uca Allah əl-Əraf surəsinin 172-ci ayəsində belə buyurur:
"Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”– deyə onları özlərinin əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər"
Böyük təfsir alimi İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin şərhində belə demişdir:
"Uca Allah bu ayədə bildirir ki, O, Adəm oğullarının bellərindən gələcək nəsillərini çıxarıb Özünün onların Rəbbi və sahibi olduğuna, Özündən başqa ibadətə layiq haqq məbudun olmadığına onların özlərini öz əleyhlərinə şahid tutmuşdur. Uca Allah insanları məhz bu fitrət üzərində yaratmışdır. Başqa bir ayədə Uca Allah belə buyurur: “Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın insanlara – xəlq etdiyi şüurlu məxluq kimi verdiyi fitrət budur. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz” (“ər-Rum”, 30).
əl-Buxari və Muslimin “Səhih” əsərlərində Əbu Hureyradan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ demişdir: “Hər bir körpə öz fitrəti üzərində (tövhidə meyilli olaraq) doğulur”. (əl-Buxari, 1296, 1385). Başqa bir rəvayətdə isə belə deyilir: “Hər bir körpə bu din (İslam) üzərində doğulur. Sonra ata-anası onu ya yəhudi, ya xristian, ya da məcusi edir. Heyvanlar da gözəl biçimdə yaranır. Heç sən onların arasında qulağı kəsik bir heyvan görürsənmi?” (əl-Buxari, 1271, 1359). Muslimin “Səhih” əsərində İyad ibn Himardan (Allah ondan razı olsun) rəvayət edilən bir hədisdə Peyğəmbər ﷺ belə demişdir: “Uca Allah buyurur: “Şübhəsiz ki, Mən bütün qullarımı hənif (müsəlman) olaraq yaratdım. Sonra şeytanlar onları dinlərindən uzaqlaşdırdılar. Onlara halal etdiyim şeyləri haram etdilər və haqqında heç bir dəlil nazil etmədiyim şeyləri Mənə şərik qoşmalarını əmr etdilər”. (Muslim, 2865, 5109, 7386)." Həmçinin oxuyun: