Sizin dininiz sizə, mənim dinim mənə

    11.08.2024

Qureyş müşrikləri Peyğəmbərə ﷺ ortaq dində birləşməyi təklif etmək istəmişdilər. Onlar Allah Elçisinin ﷺ tam şəkildə batil əqidədə olduğunu demirdilər. Uca Allah buyurur: “Onun barəsində dərin bir şəkk içindədirlər” (əş-Şura, 14). Onlar hesab edirdilər ki, onunla dini məsələlərdə uyğunlaşa bilərlər, özlərinin bəzi dini adətlərindən əl çəkib, İslamın bəzi rüknlərini yerinə yetirməklə, guya Allah Elçisinin ﷺ də İslamın bəzi rüknlərini tərk edib onların bəzi dini adətlərini yerinə yetirməsinə nail ola bilərlər. Onlar fikirləşirdilər ki, bu yolla haqqa nail olmaq mümkündür.
Rəvayət edilir ki, Allah Elçisi ﷺ Kəbəni təvaf edərkən əl-Əsvad bin əl-Muttalib bin Əsəd bin Abduluzzə, Vəlid bin əl-Muğira, Umeyyə bin Xələf və əl-As bin Vail əs-Səhmi - bunlar öz tayfaları arasında hazırcavablıqları ilə tanınırdılar - onun qarşısını kəsib dedilər: “Ey Muhəmməd! Gəl, sən bizim məbudlarımıza ibadət et, biz də sənin məbuduna ibadət edək. Bu şəkildə iki tərəf bir işdə ortaq nöqtəyə gələ bilər. Əgər sən haqq üzərindəsənsə, biz öz payımızı, əgər biz haqq üzərindəyiksə, sən öz payını alarsan”. Uca Allah onların bu təklifini rədd edərək ayə nazil etdi: “De: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm, mən sizin ibadət etdik­lə­rinizə iba­dət etmərəm, siz də mənim ibadət et­di­yimə iba­dət edən deyilsi­niz. Mən sizin ibadət etdik­lə­rinizə iba­dət edən deyiləm, siz də mənim ibadət etdi­yimə iba­dət edən deyilsi­niz. Sizin dininiz sizə, mənim dinim də mənədir!” (əl-Kafirun, 1-6) Allah Elçisi ﷺ bu surəni onlara oxudu”. (İbn Hişam, 1/400, 2/208; ət-Tabəri “Təfsir” 38571).
Həmçinin qureyşlilər Allah Elçisinə ﷺ belə bir təklif etmişdi: “Gəl, sən bizim məbudlarımıza bir il ibadət et, biz sənin məbuduna bir il ibadət edək”. Buna görə də Uca Allah bu ayəni nazil etdi: “De: “Mənə Allahdan qeyrisinəmi ibadət etməyi əmr edirsiniz, ey cahillər?!” (əz-Zumər, 64). (əl-Mubaraffuri “ər-Rahiqul-Məxtum” 1/85).
Bu surənin fəziləti haqda olan hədislərdə deyilir: Rəvayət edilir ki, Fərvə ibn Nəufəl Peyğəmbərin ﷺ yanına gəlib dedi: “Ey Allahın Elçisi! Mənə yatağıma girdiyim zaman söyləyəcəyim bir şey öyrət”. O buyurdu: “De: “Ey kafirlər!” (əl-Kəfirun surəsini) oxu, çünki bu surə şirkdən uzaqlaşdırır”. (ət-Tirmizi, 3403, 3731). Rəvayət edilir ki, İbn Ömər N demişdir: “Allah Elçisi ﷺ belə buyurdu: “De: “Ey kafirlər!” (əl-Kəfirun surəsi) Quranın dörddə birinə bərabərdir”. (İbn Adiy “əl-Kamil” 1/55; ət-Tabərani “Mucəmul-Kəbir” 13311, 13493; əl-Hakim, 2078).
Rəvayət edilir ki, Səd demişdir: “Biz altı nəfər Peyğəmbərlə ﷺ bir yerdə idik. Müşriklər Peyğəmbərə ﷺ dedilər: “Bunları özündən uzaqlaşdır ki, cürət edib bizə qarşı çıxmasınlar”. Bu zaman mən, İbn Məsud, Huzeyl qəbiləsindən olan bir kişi, Bilal və adlarını bilmədiyim iki kişi onunla birlikdə idik. Allah Elçisi ﷺ bizi öz yanından uzaqlaşdırıb-uzaqlaşdırmaya­cağı barədə fikirləşdikdə, Allah U bu ayəni nazil etdi: “Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma…”. (əl-Ənam, 52)”. (Muslim, 4434, 6394).
Rəvayət edilir ki, Xabbab Uca Allahın “Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin verəcəyin hesabatında azca da olsa cavabdehdirlər. Onları qovsan zalımlardan olarsan” ayəsi haqqında demişdir: “əl-Əqra ibn Həbis ət-Təmimi və Uyeynə ibn Hısn əl-Fəzəri Allah Elçisinin ﷺ yanına gəldilər və onu Suheyb, Bilal, Əmmar və Xabbab ilə möminlərdən (cəmiyyətdəki mövqeləri) zəif olan insanların arasında oturdu­ğunu gördülər. Onlar Peyğəmbərin ﷺ ətrafına zəiflərin toplaşdığını gördükdə onlara xor baxdılar. (Bunu görən qureyşlilər bir-birlərinə deyirdilər: “Bir bunun səhabələrinə baxın! Allah hidayət və haqqı bunlaramı verib? Əgər Muhəmmədin bizə gətirdiyi xeyir əməl olsaydı, bunlar ona qoşulmaqda bizi qabaqlamazdılar, Allah da onları bu xeyirxah əməllə bizdən ayırmazdı”). (İbn Hişam, 2/237). Nəhayət, onlar Peyğəmbərə ﷺ yaxınlaşdılar və onunla təkliyə çəkildilər. Onlar dedilər: “Biz səndən istəyirik ki, bizim üçün bir məclis qurasan, bununla ərəblər bizim üstünlüyümüzü tanısınlar, çünki sənin yanına ərəb tayfalarının nümayəndə heyətləri gəlir. Biz ərəblərin bizi bu kölələrlə birlikdə olduğumuzu görmə­lərindən utanırıq. Ona görə də biz sənin yanına gələndə onları öz yanından qaldır, biz səndən ayrılanda isə istəsən, onlarla bərabər oturarsan”. Peyğəmbər ﷺ də: “Bəli” – deyə buyurdu. Onlar dedilər: “Elə isə bizim üçün bir yazı yaz”. Peyğəmbər ﷺ bir səhifə gətirilməsini istədi və yazını yazmaq üçün Əlini çağırdı. Biz də kənarda oturmuşduq. Bu əsnada Cəbrail u yerə endi və vəhy nazil edərək belə buyurdu: “Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin verəcəyin hesabatında azca da olsa cavab­dehdirlər. Onları qovsan zalımlardan olarsan”. (əl-Ənam, 52). Sonra əl-Əqra ibn Həbis ət-Təmimini və Uyeynə ibn Hısn əl-Fəzərini qeyd edərək buyurdu: “Beləliklə, Biz onların bir qismini digəri ilə sınadıq ki, onlar desinlər: “Məgər Allah bizim aramızdan ancaq bunlara lütf göstərmişdir?” Allah şükür edənləri daha yaxşı tanıyan deyilmi?” (əl-Ənam, 53). Daha sonra buyurdu: “Ayələrimizə iman gətirənlər sənin yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı əzəldən yazmışdır; sizlərdən hər kəs avamlığı üzündən pis iş görsə, sonra tövbə edib əməllərini islah etsə, Allah onu bağışlayar. Həqiqətən, O, Bağışlayandır, Rəhmlidir” (əl-Ənam, 54). Bu ayələr nazil olduqdan sonra biz ona elə yaxınlaşdıq ki, dizlərimizi onun dizinə dayadıq. Allah Elçisi ﷺ həmişə bizimlə bərabər oturardı, durmaq istədikdə isə ayağa qalxıb bizi tərk edərdi. Sonra Allah bu ayələri nazil etdi: “Səhər və axşam çağı Rəbbinin Üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar”. Kafirlərin əyan-əşrafı ilə oturma və “Dünyanın bərbəzəyini istəyərək nəzərlərini yoxsullardan çevirmə. Qəlbini Bizi anmaqdan xəbərsiz etdiyimiz, nəfsinin istəklərinə uyan və işləri səmərəsiz olan bir kimsəyə”, yəni Uyeynə və əl-Əqraya “itaət etmə!” (əl-Kəhf, 28). Xabbab dedi: “Onlar ikisi də həlak oldular. Bu ayələr Uyeynə və əl-Əqranın məsələsi haqda nazil edilmişdir. Sonra Allah onlara iki kişinin əhvalatını və dünya həyatını misal çəkdi. (Burada əl-Kəhf surəsinin 32-45-ci ayələrin nazil olması haqda xəbər verilir). Xabbab dedi: “Bundan sonra biz Peyğəmbərin ﷺ yanında oturardıq, onun durmaq vaxtı gəlib çatanda isə biz ayağa qalxıb onu tərk edərdik ki, o da dura bilsin”. (İbn Macə, 4127; İbn Əbu Şeybə “Musnəd” 377, “Musannəf” 12564).
Abdullah ibn Muslim əl-Hədrəmi rəvayət edir ki, onların Yəsər və Cəbr adlı Yəmənli olmayan azyaşlı iki köləsi var idi. Onlar Tövrat oxuyardılar və Allah Elçisi ﷺ də hərdən onların yanında oturardı. Ona görə də Qureyş kafirləri: “O, onların yanına (Quranı) öyrənmək üçün gedir”- dedilər və Uca Allah da bu ayəni nazil etdi: “Onların isnad etdikləri şəxsin dili əcnəbi dildir. Bu isə açıq-aydın ərəb dilidir” (ən-Nəhl, 103)”. (ət-Tabəri, 22073; əl-Beyhəqi “Şuabul-İman” 136; İbn Qani “Mucəmus-Səhabə” 669).
“Bir gün Cəbrail Allah Elçisinin ﷺ yanına gəlmişdi. Bu zaman adları yuxarıda çəkilmiş şəxslər Kəbəni təvaf edirdilər. Allah Elçisi ﷺ ayağa qalxıb Cəbrailin yanında dayandı. Bu zaman Əsvəd bin əl-Muttalib Peyğəmbərin ﷺ yanından keçirdi. Cəbrail onun sifətinə yaşıl yarpaq atdı və o, kor oldu. Sonra Peyğəmbərin ﷺ yanından Əsvǝd bin Abdu-yəğus keçdi. Cəbrail onun qarnına işarə etdi. Onun qarnına su yığılmağa başladı və o, qarnının şişməsindən öldü. Sonra Peyğəmbərin ﷺ yanından Vəlid bin əl-Muğira keçdi. Cəbrail onun dabanının altındakı yaraya işarə etdi. Onun ayağı çoxdan, o, uzun paltar geyindiyi vaxtlarda zədələnmişdi. Bir gün o, Xazaə qəbiləsindən olan və oxlara lələk düzəldən bir nəfərin yanından keçirdi. Oxlardan biri onun dabanına dəyib onu yüngülcə yaralamışdı. O, elə bu yaradan da öldü. Sonra Peyğəmbərin ﷺ yanından As bin Vail keçdi. Cəbrail onun da dabanına işarə etdi. As bin Vail ulağına minib Taifə gedərkən ulağı onu “şubariqa” adlanan kolun üzərinə yıxmış, kolun tikanı onun dabanına batmış və ölümünə səbəb olmuşdu. Daha sonra Peyğəmbərin yanından Haris bin ət-Tulatilə keçdi. Cəbrail onun başına işarə etdi, onun başı irinlədi, irin hər tərəfə yayıldı. Haris də bundan öldü...”. (ət-Tabərani “Mucəmul-Əvsat” 4986; əl-Beyhəqi “Sunənul-Kubra” 17509, 18187).

Paylaş: