İlk müsəlmanların çəkdiyi əziyyətlər

    21.08.2024

Peyğəmbərliyin 4-cü ilinə qədər bütpərəstlər müsəlmanlara qarşı əsasən mübahisələrlə qarşı çıxırdılar, lakin bunun bir fayda vermədiyini gördükdən sonra müsəlmanlara işgəncələr verməyə başladılar. Onlar Allah Elçisinə ﷺ fiziki cəhətdən əziyyət verə bilmirdilər, çünki əmisi Əbu Talib onu müdafiə edirdi. Qureyş müşrikləri Allah Elçisinə ﷺ tabe olmuş və İslamı qəbul etmiş səhabələrə qarşı açıq-aşkar düşmənçilik nümayiş etdirməyə başlamışdılar. Hər bir tayfa öz aralarında olan müsəlmanlara qarşı çıxaraq onların yolunu kəsir, döyür, təhqir edir, aclıq və susuzluğa düçar edir, Məkkənin şiddətli istilərində qızmar günəş altında işgəncələr verirdilər. Onlar imanında zəif hesab etdikləri şəxslərə əzab və zülm verərək onları İslam dinindən çəkinməyə məcbur edirdilər. İslamı qəbul etmiş şəxslərdən bəziləri bu zülmlərə dözə bilməyib təslim olur, bəziləri isə öz inadlarında möhkəm dayanırdılar. Allah onların inadını daha da möhkəmləndirirdi.
Rəvayət edilir ki, Abdullah ibn Məsud y demişdir: “İslamı qəbul edən ilk yeddi nəfər bunlar idi: Allah Elçisi ﷺ, Əbu Bəkr, Ammar, Ammarın anası Sumeyyə, Suheyb, Bilal və Miqdad. Allah Elçisini Allahın izni ilə onun əmisi Əbu Talib qorudu. Allah Əbu Bəkri qövmü ilə qorudu, lakin digər müsəlmanları müşriklər tutdular və İslamdan dönmək üçün dəmir paltarlar geyindirərək günəşin altında saxladılar. Bilaldan başqa bu əzablara dözə bilməyən müsəlmanlar müşriklərin dediyini etdilər. O, canını Allah yolunda fəda etməyə hazır idi. Qövmü də onun canına qəsd etməyə hazır idi. Buna görə müşriklər onu uşaqlara verdilər. Bu cavanlar onu Məkkə küçələrində sürüyürdülər. O isə deyirdi: “Allah Təkdir, Təkdir!” (İbn Məcə, 150. Hədis həsəndir. Bax: Səhih Siratun-Nəbəviyyə, 1/122, 154).
Bilal ibn Rabah: Cuməh tayfasından olan Bilal ibn Ribah, anasının adı isə Həmmamə idi. O, İslama sidq ürəklə inanmışdı. Umeyyə bin Vəhb bin Huzafə Bilala əzab və işgəncələr verir, günortanın qızmar istisində kürəyi üstə qaynar torpaq üzərinə uzadaraq iri bir daşın onun sinəsinə qoyulmasını əmr edirdi. Umeyyə deyirdi: “Ya ölənə qədər bu vəziyyətdə qalacaqsan, ya da Muhəmməddən əl çəkib bütlərimiz olan Lat və Uzzaya sitayiş edəcəksən!” Torpaq kürəyini yandırsa da, daş sinəsini əzsə də Bilal deyirdi: “Allah Təkdir, Təkdir!” (İbn Hişam, 2/159-160).
Əmmar ibn Yasir: Rəvayət edilir ki, Qureyşin bir qolu olan Məxzum tayfasının adamları İslamı qəbul etmiş Əmmar ibn Yasirə, onun ata-anasına günün günorta vaxtı, göydən od ələnəndə Məkkənin qızmar istisi ilə əzab verir işgənclərə məruz qoyurdular. Allah Elçisi ﷺ onların yanından keçərkən deyirdi: “Ey Yasirin ailəsi, səbir edin, sizin yeriniz Cənnətdədir”. (İbn Hişam, 2/162. Hədis səhihdir. Bax: Fiqhus-Sira, 103.).Qureyşlilər Əmmarın anasını öldürsələr də, o, İslamdan imtina etmədi. Kafir olan Əbu Cəhl qureyşliləri müsəlmanlara qarşı qızışdırırdı. O, tayfasından olan şərəfli adamlardan birinin İslamı qəbul etdiyini eşidən kimi onu dilə tutmağa, məzəmmət edib, utandırmağa çalışaraq deyərdi: “Sən əcdadının dinindən üz döndərmisən, sən heç ona layiq deyilsən! Biz sənin qəbul etdiyin dini səfeh, atdığın addımı isə səhv hesab edirik. Bununla sənə olan hörmətimizi yerə vurmuş oldun”. Əgər İslamı qəbul edən kəs tacir idisə, o zaman Əbu Cəhl deyirdi: “Allaha and olsun, biz sənin ticarətinə əngəl törədəcək, mal-dövlətini məhv edəcəyik!” Əgər belə adam kimsəsiz idisə, o zaman Əbu Cəhl onu döyər, başqalarını da bu işə təhrik edərdi”. (İbn Hişam, 2/162-163). Əmmarın anası Sumeyyəyə Əbu Cəhl əziyyət verəndə, Sumeyyə onun üzünə tüpürdü. Əbu Cəhl də nizə ilə vurud onu öldürdü. Sumeyyə İslamda ilk şəhid olan qadın oldu. Bu əziyyətlərdə Əmmarın atası da vəfat etdi. (İbn Kəsir “əl-Bidatə van-Nihayə” 3/65; əl-Beyhəqi “Dələilun-Nubuvvə” 2/282).
Osman ibn Əffan: Həkəm ibn Əbul-As onun əl-qolunu bağlayıb deyirdi: “Atalarının dininə dönəcəksənmi?” O da deyirdi: “Allaha and olsun ki, mən bu dindən heç vaxt dönməyəcəyəm!” Əmisi onun israrlı olduğunu görəndən sonra ondan əl çəkdi. (İbn Sad “Tabaqatul-Kubra” 3/31).
əz-Zubeyr ibn əl-Əvvam: Əmisi onu həsirə bağlayar və aşağı tərəfdən həsiri yandırardı. Həsirin tüstüsü yuxarı qalxdıqda əz-Zubeyr əziyət çəkirdi. Məhz bu tüstü ilə əziyyətdən sonra əz-Zubeyr boğulma xəstəliyinə tutulmuşdu. (əl-Hakim, 5601; Əbu Nueym “əl-Hilyə” 1/131).
Musab ibn Umeyr: Musab Məkkənin ən gözəl və yaraşıqlı olan cavanı idi. O, uzaqdan gələndə onu ətirinin qoxusundan tanıyırdılar. Onun valideynləri çox varlı insanlar idi. O, Darul-Ərqamda İslamı qəbul etmişdi. Onun müsəlman olduğunu biləndə onu həbs etdilər və işkəncələr verməyə başladılar. Həbəşistana hicrət edilməsinə qədər Musab ibn Umeyr belə əziyyətlər gördü. (İbn Sad “Tabaqatul-Kubra” 3/62).
Nəhdiyyə və bu qadının qızı: Əbu Bəkr əs-Siddiq onun əziyyət çəkdiyini görəndə onu müşriklərin əlindən alıb azad etmişdi. (İbn Hişam, 1/355).
Səid ibn Zeyd: Ömər ibn əl-Xattabın əmisi oğlu. Ona Ömər ibn əl-Xattab bağlayaraq əziyyət verərdi. (əl-Buxari, 3573, 3862).

Ardı var...

Paylaş: