Uca Allah insanın zahirinə deyil, qəlbinə baxar!

    15.01.2025

Uca Allah insanın zahiri görünüşünə, surətinə, mal-dövlətinə baxmaz. Uca Allah insanın qəlbinə baxar. Peyğəmbərimiz buyurur: “Həqiqətən, Uca Allah cisminizə və surətinizə baxmaz. O sizin qəlbinizə (barmaqları ilə sinəsinə işarə etdi) və əməllərinizə baxar” (Muslim, 2564).

Qəlb elə bir bədən üzvüdür ki, o islah olunarsa, bütün bədən islah olunar, əgər qəlb korlanarsa, bütün bədən korlanar. Peyğəmbərimiz buyurur: “Diqqət edin! Bədəndə bir ət par­çası vardır. Əgər o yaxşı olarsa, bütün bədən yaxşı olar, yox əgər korla­nar­sa, bütün bədən korlanar. Bilin ki, o (ət parçası) qəlbdir” (əl-Buxari, 52).
Qul Rəbbini qəlbi ilə tanıyır, Onu qəlbi ilə sevir, Ondan qəlbi ilə qorxur və Ona ümid edir. Niyyət də qəlbdə olur. Əməllərin qəbul olub olmaması da məhz niyyətdən asılıdır. Peyğəmbərimiz buyurur: “Əməllər ancaq niyyətlərə görədir. Hər kəsə də yal­nız niyyət etdiyi şey qala­caq­dır”. (əl-Buxari, 1).
İbn əl-Qeyyim deyir: “Qəlb insanın bədən üzvlərindən ən şərəflisidir. Çünki Rəbbi tanımaq, Ona döğru can atmaq və Onu sevmək qəlblə olur. Allaha imanın əsli qəlbdədir. Digər bədən üzvüləri və əzalar isə qəlbə tabedir. Hökmdar öz rəiyyətini idarə etdiyi kimi, qəlb də digər əzaları idarə edir”.
Həmçinin, hər hansısa bir ibadətin Allah dərgahında dərəcəsi bu ibadətin qəlblə nə dərəcədə bağlı olmasından asılıdır. Qəlblə bağlı olmayan ibadət sadəcə hərəkətdən ibarətdir.
Qəlb sözünün lüğəvi mənası “çevrilmək” deməkdir. Qəlb tez-tez bir haldan başqa hala düşdüyünə görə belə adlanır. Qəlblər Uca Allahın Barmaqlarından ikisinin arasındadır və onu istədiyi kimi çevirər. Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərin  ən çox etdiyi dua “Ey qəlbləri çevirən! Qəlbimi dinin üzərində sabit et!” olardı. Mən ondan: “Ey Allahın Elçisi! Nəyə görə ən çox bu duanı edirsən?” - deyə soruşdum. O buyurdu: “Ey Ummu Sələmə! Elə bir Adəm oğlu yoxdur ki, onun qəlbi Allahın Barmaqlarından ikisinin arasında olmasın. O istədiyini düz saxlayır, istədiyini də döndərir”. Sonra o, bu ayəni oxudu: "Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma!" (Ali İmran, 8)”. (ət-Tirmizi, 2140; İmam Əhməd, 26562). 
Bəzi hallarda insanın qəlbi sərtləşib daş kimi və ya daşdan da bərk olur. Bu hal onu Allahdan uzaqlaşdırır. Uca Allah İsrail oğulları barədə belə buyurur: “Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu” (əl-Bəqərə, 74).
Qəlb sərtləşdicə heç nə ona təsir etmir. Allahdan ən uzaq düşən qəlblər sərt qəlblərdir. Bu cür qəlblər nəsihət qəbul etmir, Allahın adı çəkildikdə təsirlənmir. Bu cür qəlb sahibləri kökslərində sanki qəlb deyil, daş gəzdirirlər. Bəzi qəlblər isə yumşaq olur. Belə qəlblər insanı Allaha yaxınlaşdırır, Allahın adı çəkildikdə titrəyir, qorxur, nəsihəti qəbul edir.
Buna görə də qəlbi qorumaq, onu sərtləşdirən səbəblərədən uzaq tutmaq lazımdır. Düzdür qəlblər Allahın Barmaqlarından ikisinin arasındadır, amma qəlblərin sərtləşib və yaxud yumşalmasının səbəbləri vardır. Necə ki ruzi Allahdandır, lakin ruzi əldə etmək üçün səbəblər vardır. Qəlbi yumşaldan müəyyən əməllər var. Bu əməllərdən bəzilərini qeyd edək:
Birinci: Quran oxumaq. Quran oxumaq, onu dinləmək və onun ayələri barədə düşünmək qəlbi yumşaldan ən böyük səbəbdir. Uca Allah bu xüsusda belə byuyrur: “Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır” (Qaf, 37); “Allah Sözün ən gözəlini – ayələri bir-birinə bənzəyən və təkrarlanan Kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir” (əz-Zumər, 23); “Möminlərin qəlbinin Allahın zikri və haqdan nazil olan Quran ayələri üçün yumşalması vaxtı gəlib çatmadımı? Onlar daha öncə özlərinə Kitab verilmiş, uzun bir müddət keçdikdən sonra isə qəlbləri sərtləşmiş, çoxusu da fasiq olmuş kimsələr kimi olmasınlar” (əl-Hədid, 16).
İkinci: Ölümü və Axirəti xatırlamaq. Qəlblərin yumşalmasına səbəb olan əməllərdən biri də ölümü, Axirəti xatırlamaq, dünyanın fani olub Axirət yurdunun əbədi olmasını düşünməkdir. Ölümü unudub dünyaya can atmaq qəlbin sərtləşməsinə səbəbdir. Uca Allah byuyrur: “Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir” (Ali-İmran, 185).
Peyğəmbərimiz ﷺ buyurur: “Qəbirləri ziyarət edin, çünki qəbirləri ziyarət etmək Axirəti xatırladır”. Başqa bir hədisdə belə buyurur: “Ləzzətləri darmadağın edən ölümü çox yada salın”. (ət-Tirmizi, 2307).
Üçüncü: Əvvəlki ümmətlərin başlarına gələn bəlalardan ibrət almaq: Qəlblərin yumşalmasına səbəb olan əməllərdən biri də bizdən əvvəlki ümmətlərin başına gələn bəla və müsibətlərdən ibrət almaqdır. Bundan qafil olmaq isə qəlbi sərtləşdirir. Uca Allah ibrət almağımız üçün Qurani-Kərimdə bizdən əvvəlki ümmətlərin başına gələn bəla və müsibətlərdən danışaraq byuyrur: “Neçə-neçə şəhərlər olmuşdur ki, əhalisi zülm edərkən Biz onları məhv etdik. İndi onlar özülünə qədər uçulmuşdur. Neçə-neçə tərk edilmiş quyular və neçə-neçə boş qalmış qəsrlər də vardır. Məgər onlar yer üzündə gəzib dolaşmırlarmı ki, zalımların aqibətini qəlbi ilə düşünüb, qulaqları ilə eşitsinlər? Çünki əslində gözlər deyil, kökslərdəki qəlblər kor olur” (əl-Həcc, 46-47).
Dördüncü: Allahı çox zikr etmək: Uca Allah buyurur:  “Möminlər ancaq o kəslərdir ki, Allah anıldığı zaman onların qəlbi qorxuya düşər, Onun ayələri onlara oxunduqda imanları artar, yalnız öz Rəbbinə təvəkkül edər” (əl-Ənfal, 2); “Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır” (ər-Rad, 28).
Beşinci: Kasıblara, xəstələrə və fiziki qüsurla imtahana çəkilmiş insanlara baxıb ibrət almaq. Peyğəmbərimiz buyurur: “Dünya işlərində özünüzdən aşağı olan təbəqəyə baxın, özünüzdən yuxarı olan təbəqəyə baxmayın, bu sizin Allahın nemətlərinə xor baxmamağınız üçün daha yaxşı olar”. (ət-Tirmizi, 2513). Rəvayət olunur ki, bir dəfə bir kişi Peyğəmbərə qəlbinin sərtləşməsindən şikayətləndi. Peyğəmbər ona belə dedi: “Qəlbinin yumşalmasını istəyirsənsə, kasıblara yemək ver, yetimin başına sığal çək” (ət-Tərğib vət-Tərhib, 3/315).
 
Uca Allah qəlblərimizi dinində sabit etsin!

Paylaş: