Mübarək Ramazan ayını necə qarşılayaq?

Möhtərəm müsəlmanlar, hal-hazırda Şaban ayının son günlərindəyik. Qarşıdan mübarək Ramazan ayı gəlir. Uca Allah Ramazan ayını digər aylardan üstün etmişdir. Uca Allahın fəzlilətli ayları, günləri və yerləri bildirməsi qullarına olan rəhməti və lütfüdür. Bunda olan hikmət isə bu zamanlarda və məkanlarda savabların artırılmasıdır. Ramazan ayında Qurani Kərimin nazil olması və İslamın ərkanlarından biri olan oruc ibadətinin məhz bu ayda yerinə yetirilməsi onun fəzilətinə kifayət edir. Uca Allah buyurur: “İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar” (əl-Bəqərə, 185).
İbn Abbas deyir: “Quran bir cümlə kimi Qədr gecəsi Lövhi-Məhfuzdan dünya səmasında yerləşən “Beytul-İzzə” adlanan evə nazil olub. Sonra Cəbrail onu 23 il ərzində oradan Peyğəmbərə ﷺ tədricən gətirmişdir”. Peyğəmbərimiz ﷺ bu ayın gəlişi ilə səhabələrini müjdələyər və onlara xəbər verərdi ki, bu ayda Cənnətin qapıları açılır, Cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir. Peyğəmbər ﷺ buyurmuşdur: “Ramazan ayının ilk gecəsi girdikdə şeytanlar və cinlərin şər olanları zəncirlənir, Cəhənnəmin qapıları bağlanır və bir qapısı belə açıq qalmır. Cənnətin qapıları açılır və bir qapısı belə bağlı qalmır. Bir carçı səslənir: “Ey xeyir istəyən yaxın gəl, çalış! Ey şərr istəyən dayan! Allahın bu gecələrin hər birində oddan azad etdiyi kəslər olur” (ət-Tirmizi, 682-684). Başqa bir hədisdə Peyğəmbər ﷺ belə buyurur: “Kim Ramazan ayını imanla və mükafatını yalnız Allahdan umaraq ibadətlə keçirərsə keçmiş günahları bağışlanar. Kim Qədr gecəsini imanla və mükafatını yalnız Allahdan umaraq oyaq qalarsa keçmiş günahları bağışlanar” (əl-Buxari, 2014).
Oruc əzəmətli ibadətlərdəndir. Bu ibadətin əvəzini Uca Alah Özü xüsusi olaraq verəcəkdir. Peyğəmbər ﷺ buyurur: “(Allah buyurur:) “Adəm övladının orucdan başqa hər bir əməli özünə aiddir. Oruc isə Mənim üçündür və elə buna görə də Mən (oruc tutan adama) ayrıca mükafat verəcəyəm”. Oruc bir qalxandır. Sizdən biriniz oruc tutduğu zaman günah işlər görməsin və dava-dalaş salmasın. Əgər kimsə onu söysə və ya onunla dalaşmaq istəsə, qoy desin ki: “Mən oruc tutmuşam”. Muhəmmədin canı Əlində olan Allaha and olsun ki, oruc tutan adamın ağzından gələn qoxu, Allah yanında müşk qoxusundan daha gözəldir. Oruc tutan adamın iki sevinc anı vardır: bir dəfə orucunu açarkən sevinir; bir dəfə də Rəbbinə qovuşduğu zaman sevinəcəkdir” (əl-Buxari, 1904). Yəni qulun digər əməlləri ixlasından asılı olaraq on qatdan yeddi yüz qata qədər artırılır. Yalnız orucun savabını Uca Allah Özü xüsusi olaraq verəcək.
Ramazan ayının və bu ayda oruc tutmağın fəziləti barədə hədislər çoxdur. Əgər müsəlman bu aya yetişibsə, bilsin ki, bu, Uca Allahın bir nemətidir və bundan istifadə etsin. Sələflər bu ayı səbirsizliklə gözləyərdilər. Ramazana 6 ay qalmış dua edərdilər ki, “Allahım bizi Ramazana yetişdir!” Ramazandan sonra isə dua edərdilər ki “Allahım bunu bizdən qəbul et!”
Ramazanda edilən ibadətlər
Hər şeydən əvvəl bu ayda vaciblərə riayət etmək lazımdır, xüsusilə də, namazlara. Çalışmaq lazımdır ki, namazlar vaxtlı-vaxtında, məscidlərdə camaatla qılınsın. Çünki namaz Kəlmeyi-şəhadətdən sonra ən əzəmətli fərzdir. Namazdan sonra ən xeyirli əməllərdən biri də zəkat və sədəqə verməkdir. İbn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki: “Allah Elçisi ﷺ insanların ən səxavətlisi idi. Ramazan ayında, Cəbrail ilə görüşdüyü zaman isə daha səxavətli olardı. Cəbrail Ramazan ayının hər gecəsində Peyğəmbər ﷺ ilə görüşər, onunla birgə Quranı oxuyub təkrar edərdi. Odur ki, (bu günlərdə) Allah Elçisi ﷺ xeyirxah işlər görməkdə sərbəst əsən küləkdən daha comərd olardı” (əl-Buxari, 6).
Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər ﷺ demişdir: “Kim halal (yolla qazandığı) maldan sədəqə verərsə, – Allah ancaq halal olanı qəbul edir, – Allah bu sədəqəni sağ Əli ilə qəbul edər, sonra da onu sahibi üçün, biriniz öz dayçasını bəsləyib böyütdüyü kimi, dağ boyda olanadək böyüdər” (əl-Buxari, 1410).
Həmçinin oruc tutan adam günahlardan çəkinməklə tutduğu orucu qorumalıdır. Çünki oruc tutmaqda məqsəd Allaha itaət, Onun haram buyurduqlarından çəkinmək, əmrlərini yerinə yetirmək və nəfslə cihad etməkdir. Əgər oruc tutan yeməyini və içməyini tərk edib digər günahları tərk etməsə bilsin ki, onun yeyib-içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur. Peyğəmbər ﷺ demişdir: “Kim yalan danışmaqdan və bu yalana əməl etməkdən əl çəkməsə, yeməyini və içməyini tərk etməsinə Allahın ehtiyacı yoxdur” (əl-Buxari, 1903). Həmçinin demişdir: “Elə oruc tutan var ki, orucundan ona qalan yalnız aclığı və susuzluğudur” (İbn Məcə, 1380). Bu və digər hədislərdən görünür ki, oruc tutmaqda məqsəd sadəcə yeyib-içməyi tərk etmək deyil. Bütün əxlaqi keyfiyyətlərə riayət etmək lazımdır.
Cabir deyir: “Oruc tutanda qoy qulağın, gözün və dilin də oruc olsun. Belə ki, yalandan və qeybətdən uzaq olsun. Oruclu olduğun zaman sakit, təmkinli və səbirli ol. Oruc tutduğun günü, oruc tutmadığın günlə eyni etmə!” Sələflərdən bəziləri oruc olanda məsciddən çıxmırdılar və deyirdilər ki, orucumuzu qoruyuruq.
Uca Allahdan diləyirik ki, bizi gözəl şəkildə, afiyət içində Ramazan ayına yetişdirib bu ayı Uca Allahın razı qadığı şəkildə ibadətlə və itaətlə keçirməyi nəsib etsin!