Çərşənbə günü Zöhr və Əsr namazları arasında dua etmək barəsində rəvayət edilən hədis səhihdirmi?
Sual:
Salam aleykum. Çərşənbə günü zöhr və əsr namazları arasında dua etmək barəsindəki hədis barədə sual vermək istəyirəm. İnternetdə araşdırdım, bəzi mənbələrdə zəif olduğu, bəzi mənbələrdə əsassız olduğu deyilir. Hədisdə deyilir ki,
Allah Rəsulu bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günü bu məsciddə (Fəth Məscidində) dua etdi. Onun duası çərşənbə günü Zöhr və Əsr namazları arasında qəbul olundu. Bu saatlarda dua etmək sünnə kimi qəbul edilə bilər?
Hədisin səhih olub olmamağını öyrənmək istəyirdim. Allah razı olsun
Cavab:
Və aleykum Salam. Bu hədisi İmam Əhməd "Musnəd" əsərində (14563) və əl-Buxari "Ədəbul-Mufrad" əsərində (704) Cabir ibn Abdullahdan (Allah ondan razı olsun) belə rəvayət etmişdir: "Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Fəth məscidində üç gün – bazar ertəsi, çərşənbə axşamı və çərşənbə günü dua etdi. Onun duası çərşənbə günü iki namaz (Zöhr və Əsr namazları) arasında qəbul olundu. O an üzü sevincdən parladı".
Cabir (Allah ondan razı olsun) dedi: "Mənə hər nə zaman mühüm və çətin bir iş üz verdikdə, o saatı gözləyib həmin vaxtda dua edərdim və duamın qəbul olunduğunu hiss edərdim".
Bu hədis səhihdir. Doğrusunu Allah bilir.