əl-Ənbiya surəsi 30-cu ayənin təfsirini bilmək istərdim

    07.04.2025
Kimdən: 
Anonim
Sual: 
Axşamınız xeyir olsun. Sizə Qurani Kərimin bir ayəsi haqqında sual verəcəm. Qurani Kərimi oxuyanda orda bir ayə diqqətimi çəkdi. Ayədə deyirki Yer və göy(səma) bitişik idi biz onları ayırdıq. Biz bu ayəni necə başa düşək. Göy yerdən çox böyükdür yəni göyün yanında ən balaca bir şeydir. Necə ola bilər ki, yer göyə bitişmiş olsun?! Bu ayəni elmi cəhətdən izah edə bilərsizmi ki burda nə demək istəyir. Təşəkkür edirəm sayt və sualları cavablandırdığız üçün.
Cavab: 

Və aaleykum Salam. Sualda qeyd etdiyiniz ayə əl-Ənbiya surəsinin 30-cu ayəsidir. Uca Allah bu ayədə buyurur: "Məgər kafirlər gör­mürlərmi ki, göylərlə yer bir ol­duğu zaman Biz on­ları bir-birindən araladıq və hər bir canlını sudan ya­rat­dı­q? Ye­nə­dəmi inan­mır­lar?" (əl-Ənbiya, 30). 

Böyük təfsir alimi İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə demişdir: "Uca Allah varlıqları yaratmada qüdrətinin kamilliynə, səltənətinin əzəmətliyinə, bütün məxluqatı üzərində mütləq hakimiyyətinə işarə edərək belə bu­yurur: Məgər kafirlər gör­mürlərmi”, yəni Uca Allahın məbud olduğunu inkar edənlər, Onunla yanaşı başqa məbudlara ibadət edənlər bilmirlərmi ki, Allah yeganə yaradan, yeganə idarə edəndir. Elə isə Allahdan başqası ibadət edilməyə və Ona şərik qoşulmağa necə layiq ola bilər? Məgər kafirlər gör­mürlərmi ki, göylərlə yer bir ol­duğu zaman Biz on­ları bir-birindən araladıq”, yəni göylərlə yer başlanğıcda bir-birinə bitişik, bir-birinin üzərində sıxılmış vəziyyətdə idi. Sonra Uca Allah onlardan birini digərindən ayırdı, göyləri və yer üzünü yeddi qat etdi. Dünya səması ilə yer üzünü hava ilə bir-birindən ayırdı. Göy yağış yağdırdı və yer üzü bitkilərini bitirdi. Odur ki Uca Allah ayənin davamında belə buyurur: “...və hər bir canlını sudan ya­rat­dı­q? Yenə­dəmi inan­mır­lar?” Yəni onlar gözləri ilə varlıqların tədricən əmələ gəlməsinin şahidi olurlar. Bu isə istədiyini yaratmağa qadir olan, istədiyini yaradan Allahın varlığına dəlildir.

Rəvayət edilir ki, bir dəfə bir kişi İbn Ömərin (Allah ondan razı olsun) yanına gəlib ondan Uca Allahın...göylərlə yer bir ol­duğu zaman Biz on­ları bir-birindən araladıq... ayəsi barədə soruşdu. İbn Ömər (İbn Abbasa işarə edərək) dedi: "O yaşlı kişinin yanına get və ondan bu barədə soruş. Sonra gəl, sənə nə dediyini mənə də xəbər ver!” Kişi İbn Abbasın yanına gedib ondan bu ayə barədə soruşdu. İbn Abbas belə dedi: “Bəli, göylər bitişik idi, yağış yağdırmırdı. Yer üzü bitişik idi, bitki bitirmirdi. Uca Allah yer üzünün sakinlərini yaratdıqda, göyləri yağış yağdıran, yer üzünü isə bitki bitirən etdi”. Kişi İbn Ömərin yanına qayıdıb bunları ona xəbər verdi. İbn Ömər dedi: “İndi, həqiqətən, İbn Abbasa Quran elmi verildiyini bildim. Doğru söyləmişdir, həqiqətən, elə idi”. İbn Ömər dedi: “Mən əvvəllər İbn Abbasın Quranı təfsir etmək cürətinə təəccüblənərdim. İndi isə ona, həqiqətən, Quran barədə elm verildiyini bildim”. (İbn Əbu Hatim, 14504).

Teqlər: 
Paylaş: