Ramazan ayının son on günü

    17.03.2025

Möhtərəm müsəlmanlar, mübarək Ramazan ayındayıq və qarşıdan Ramazan ayının son on günü gəlir. Uca Allah Ramazan ayının son on gününü Ramazanın digər günlərindən fərqləndirmiş və bu günləri bir çox xüsusiyyətlərinə görə fəzilətli etmişdir. Bu xüsusiyyətlər aşağıdakılardır: 
Birinci: Ramazanın son on günü gəldikdə, Peyğəmbərimiz ﷺ ibadətləri çoxaldardı və Ramazanın digər günlərinə nisbətən daha çox çalışardı. Bir hədisdə Aişə anamız belə deyir: “Peyğəmbər ﷺ  Ramazanın son on günündə digər günlərdən daha çox ibadət edərdi”. Başqa bir hədisdə isə belə demişdir: “(Ramazanın) axır on günü yetişdikdə Peyğəmbər ﷺ belbağını bərk-bərk bağlayardı (yəni, Ramazanın axır on günündə canla-başla ibadət etməyə ciddi hazırlıq görərdi) və gecələri həm özü ibadət edər, həm də ailəsini yuxudan oyadardı (ki, onlar da ibadət etsinlər)” (əl-Buxari, 2024).
İbadət dedikdə, onun bütün növləri nəzərdə tutulur. Namaz qılmaq, Quran oxumaq, elm öyrənmək, iftar vermək, Allahı zikr etmək, sədəqə vermək, və s. Hətta qardaşının çətinliyində ona kömək etmək, valideyinləri sevindirmək, onları ziyarət etmək də ibadət sayılır. Peyğəmbər ﷺ bizim üçün ən gözəl nümunədir. Uca Allah buyurur: “Allahın Elçisi sizlərə – Allaha və Axirət gününə ümidini bağlayanlara və Allahı çox zikr edənlərə gözəl nümunədir” (əl-Əhzab, 21). 
İkinci: Ramazanın son on gününün xüsusiyyətlərindən biri də bu günlərin gecələrini oyaq qalıb ibadətlə keçirməkdir. Gecə namazlarında rükunu, səcdəni, qiyamı uzatmaq, səcdədə dualar etmək müstəhəbdir. Bu gecələrdə ailəni də ibadət etmək üçün oyatmaq lazımdır. Hətta uşaqları da oyatmaq lazımdır ki, bu fəzilətli gecələrdə edilən ibadətlərin şahidi olsunlar. Onlar da gələcəkdə həm bu gecələrə dəyər versinlər, həm də əcr və savabda iştirak etsinlər.
Üçuncü: Ramazanın son on gecəsinin fəzilətlərindən biri də budur ki, bu on gecənin içində Qədr gecəsi vardır. Hansı ki, bu gecə min aydan üstündür. Uca Allah buyurur: “Qədr gecəsi min aydan xeyirlidir. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər. O gecə sübh açılanadək əmin-amanlıq olur” (əl-Qədr, 3-5).
Alimlər bildirmişlər ki, bu gecədə edilən əməl 1000 ayda edilən əməldən daha xeyirlidir. 1000 ay isə 83 il, 4 aya bərabərdir. Təsəvvür edin ki, bu gecədə edilən hər hansı bir əməl 83 il 4 ayda edilən əməldən daha xeyirlidir. Bu gecə bir insanın ömrünə bərabərdir. Mucahid demişdir: “Qədr gecəsi, içində Qədr gecəsi olmayan min aydan üstündür”.
Peyğəmbərimiz ﷺ buyurur: “Kim Qədr gecəsini imanla (yəni Allaha imanla və Qədr gecəsinin savabına imanla) və əcrini Allahdan umaraq ibadətdə keçirərsə keçmiş günahları bağışlanar”. (əl-Buxari, 1901; Muslim, 759). 
Qurani Kərim də məhz Qədr gecəsi nazil olmuşdur. Bu gecənin “Qədr gecəsi” adlanmasına səbəb budur ki, bu gecədə mələklər nazil olur və Allahın izni ilə məxluqatların bir illik qədərini, yəni bir il ərzində baş verəcəklərin müqəddaratını yazırlar. Bu gecədə çox sayda mələk və Cəbrail Allahın əmri ilə insanların illik qədərini yazmaq üçün yerə enirlər. Mələklərlə birlikdə bərəkət də nazil olur. Bu gecə mübarək gecədir. “O gecə sübh açılanadək əmin-amanlıq olur”, yəni, bu gecə sübh açılanadək xeyirli olur. Buna görə də müsəlman kəs gərək bu fürsətdən faydalansın. Bu gecədə çoxlu dua etmək lazımdır. Sələflər bu gecələri dua ilə, ibadətlə keçirərdilər. Aişə rəvayət edir ki, bir dəfə mən soruşdum: “Ey Allahın Elçisi, əgər Qədr gecəsinin hansı gecə olduğunu bilsəm nə dua edim?" Allah Elçisi ﷺ buyurdu: “De, Allahım! Sən əfv edənsən, əfv etməyi sevirsən və məni də əfv et!” (ət-Tirmizi, 3513; İbn Məcə, 3850).
Qədərin yazıldığı bir gecədə bu duanı etmək olduqca faydalıdır. Çünki, Allah kimi əfv edib ona salamatlıq verərsə, artıq o, nicat tapmışdır. Rəvayət edilir ki, Peyğəmbərin ﷺ əmisi Abbas belə demişdir: “Bir dəfə mən Peyğəmbərə ﷺ dedim: "Ey Allahın Elçisi, mənə elə bir şey öyrət ki, Allahdan onu diləyim. Peyğəmbər ﷺ dedi: “Allahdan salamtlıq istə!” Bir neçə gün keçdikdən sonar mən təkrar dedim: “Ey Allahın Elçisi, mənə elə bir şey öyrət ki, Allahdan onu diləyim”. Peyğəmbər  dedi: “Ey Abbas, ey Peyğəmbərin əmisi, Allahdan dünya və axirətdə salamatlıq istə!” (ət-Tirmizi, 3514, 3856). Başqa bir hədisdə Peyğəmbər ﷺ belə demişdir: “Yəqinlikdən sonra salamat olmaqdan başqa ikinci xeyir yoxdur”. (ət-Tirmizi, 3558, 3906).

Qədr gecəsi hansı gecədir?

Hədislərdə Qədr gecəsinin Ramazanın son on gününün tək gecələrində olması bildirirlir. Uca Allahın Qədr gecəsinin vaxtını gizlətməsində də bir rəhmət vardır. Çünki insanlar bunun hansı gecə olduğunu dəqiqliklə bilsəydilər digər gecələrdə ibadətləri tərk edərdilər. əl-Buxarinin rəvayət etdiyi hədisdə Ubadə ibn Samit rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ Qədr gecəsini xəbər vermək üçün (evindən) çıxdı. Bu vaxt müsəlmanlardan iki nəfər çənə-boğaz edirdilər. Peyğəmbər ﷺ dedi: “Mən sizə Qədr gecəsini xəbər vermək üçün çıxdım. Filankəslə filankəs mübahisə etdiklərinə görə (bu bilgi) qeyb oldu. Bəlkə də, bu sizin xeyrinizədir. Elə isə onu (iyirmi) yeddinci, (iyirmi) doqquzuncu və (iyirmi) beşinci günlərdə axtarın” (əl-Buxari, 49).
Başqa bir hədisdə Əbu Səid demişdir: “Biz Peyğəmbərlə ﷺ birlikdə Ramazan ayının orta on gününü (məsciddə etikaf etdik). İyirminci günün səhəri o, (minbərə) qalxıb xütbə verdi və dedi: “Qədr gecəsinin nə zaman olacağı mənə göstərildi, sonra isə bu mənə unutduruldu. Siz onu son on günün tək gecələrində axtarın!”  (əl-Buxari, 2016).

Qədr gecəsinin əlamətləri varmı?

Qədr gecəsinin əlamətlərinə gəlincə isə bu sakit, nə çox isti, nə də çox soyuq bir gecədir. Bir rəvayətdə isə “Bu gecədə nə külək, nə də yağış olmayacaq, ertəsi gün Günəşin şüaları çox zəif olacaq”– deyilir.

Dördüncü: Ramazanın son on gününün xüsusiyyətlərindən biri də bu günlərdə etikaf etməyin müstəhəb olmasıdır. Etikaf – itaət və ibadət məqsədilə dünya işlərindən və insanlardan ayrılıb məscidlərdə qalmaqdır. Yalnız zəruri hallarda məsciddən çıxmaq icazəlidir. Bu əməl Quran və Sünnədə sabit olan ibadətdir. Peyğəmbərin ﷺ zövcəsi Aişə rəvayət etmişdir ki, Peyğəmbər ﷺ vəfat edənədək (hər) Ramazan ayının son on gününü etikafda keçirərdi. Onun vəfatından sonra onun zövcələri etikaf etməyə davam etdilər”. (əl-Buxari, 2026).

Paylaş: