Ramazanda edilən ibadətlərin qəbul olmasını bildirən əlamət

Möhtərəm müsəlmanlar, az öncə xeyir və bərəkət ayı olan Ramazan ayında idik. Gündüzünü oruc tutur, gecəsini isə namazla keçirirdik. Allaha müxtəlif ibadətlərlə yaxınlaşmağa çalışırdıq. Artıq bu mübarək mövsüm başa çatdı. Bundan bizə qalan isə yalnız saleh əməllər oldu. İnsanın bütün ömrü belə keçir, hər ötən saat, gün, ay ömrümüzü qısaldır və bizi Axirətə yaxınlaşdırır. Axirətdə bizə fayda verən isə yalnız saleh əməllərimiz olacaq. Uca Allah buyurur: “O gün (Qiyamət günü) hər kəs etdiyi yaxşı və pis əməlləri qarşısında hazır görəcək, özü ilə pis əməllərinin arasında çox böyük məsafə olmasını arzulayacaqdır” (Ali-İmran, 30).
Möhtərəm müsəlmanlar! Ramazan ayı başa çatdıqdan sonra, ibadətləri tərk etməyin! Günahlara və asiliklərə qayıtmayın! Bilin ki, Ramazan ayının Rəbbi olan Allah bütün ayların Rəbbidir. Bu ayda ibadət və itaətlərlə qurduğunuz evi digər aylarda günahlara qayıtmaqla dağıtmayın! Həqiqətən, saleh əməlin qəbul olunmasının əlaməti saleh əməlin ardınca digər saleh əməllər etməkdir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və əməllərinizi puç etməyin!” (Muhəmməd, 33).
Günahdan sonra yaxşı əməl etmək günahı silib apardığı kimi, yaxşı əməldən sonra günah işlətmək də saleh əməli silib apara bilər. Alimlərdən biri ölüm ayağında ağlayırdı. Ondan soruşdular: “Nə üçün ağlayırsan?” O dedi: “Oruc tutmadığım günlər və namaza qalxmadığım gecələr üçün ağlayıram”. Baxın, əgər insan ölüm ayağında nafilə ibadətlərin peşmançılığını çəkirsə, görün indi fərzləri ötürüb, haram əməllər edənlər necə peşman olacaqlar?!
Uca Allahdan Ramazan ayında etdiyiniz saleh əməllərin Onun dərgahında qəbul olmasını diləyin! Alimlər etdikləri saleh əməllərin qəbul olmayacağından qorxardılar. Abdullah ibn Ömər (Allah ondan razı olsun) deyir: “Uca Allahın mənim bir namazımı qəbul etməsi mənim üçün dünya və onun üzərindəkilərdən daha sevimlidir. Çünki Uca Allah buyurur: “Allah saleh əməlləri yalnız müttəqilərdən qəbul edir!” (əl-Maidə, 27).
Möhtərəm müsəlmanlar! Ramazan ayında edilən saleh əməllərin qəbul olub-olmamasının əlamətləri vardır. Hər kəs öz nəfsinə qayıtsın və halına nəzər yetirsin, kimin halı Ramazan ayından sonra yaxşıya doğru dəyişibsə, yəni saleh əməllər etməkdə davam edirsə, xeyirə rəğbəti çoxalıbsa, əxlaqı gözəlləşibsə, qəlbi yumşalıbsa və günahları tərk edibsə, bu onun Ramazan ayında etdiyi əməllərinin qəbul olmasına və Ramazan ayında etdiyi ticarətdən qazanc əldə etməsinə dəlalət edir.
Əksinə, kimin Ramazan ayından sonrakı halı əvvəlki halına bərabər və ya daha pis olarsa, yəni günahlarına davam edər, ibadət və itaətləri tərk edər, haram əməllər edərsə, bu insan Ramazan ayından heç bir qazanc əldə etməmişdir.
Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, bir dəfə Peyğəmbər ﷺ minbərə qalxdı. Minbərin birinci pilləsinə qalxıb: “Amin!”– dedi. Sonra ikinci pilləsinə qalxıb: “Amin!”– dedi. Sonra da üçüncü pilləsinə qalxıb: “Amin!”– dedi. Səhabələr soruşdular: “Ey Allahın elçisi! Biz sənin üç dəfə: “Amin!”– dediyini eşitdik”. Peyğəmbər ﷺ dedi: “Birinci pilləyə qalxdıqda Cəbrail yanıma gəlib dedi: “Ramazana yetişib günahları bağışlanmamış halda ondan ayrılan bəndə bədbəxt olsun!” Mən: “Amin!”– dedim. Sonra dedi: “Valideynlərinin hər ikisi, yaxud biri qocalanadək onlarla yaşayıb, sonra da onların üzünə ağ olub bu səbəbdən də Cənnətə daxil olmayan bəndə bədbəxt olsun!” Mən: “Amin!”– dedim. Sonra dedi: “Yanında xatırlandığın zaman sənə salavat gətirməyən bəndə bədbəxt olsun!” Mən də: “Amin!”– dedim” (əl-Buxari "Ədəbul Mufrad" 644). Ramazan ayından əvvəl günahları olan, bu aya girdikdən sonra günahları tərk edən və sonra yenidən günahlara qayıdan hər kəs bu hədisi gözlərinin önünə gətirsin.
Möhtərəm müsəlmanlar! Ramazan ayı bitsə də ibadətlər bitmədi. İnsan həyatda olduğu müddətcə Allaha ibadət etməlidir. Uca Allah buyurur: “Və sənə ölüm gələnədək Rəbbinə ibadət et” (əl-Hicri, 9). Ramazan ayının ardınca Şəvval ayı gəlir. Peyğəmbərimiz ﷺ bizə Şəvval ayında altı gün oruc tutmağı tövsiyə edir. Peyğəmbərimiz ﷺ deyir: “Kim Ramazan orucunu tutub, ardınca Şəvval ayından da altı gün oruc tutsa bir il oruc tutmuş kimi savab qazanar”. (Muslim, 1164). Çünki əməllər on qat misli ilə mükafatlandırılır. Lakin Şəvval orucuna başlamazdan əvvəl Ramazan ayından qalan qəza oruclarını mütləq tutmaq lazımdır.
Uca Allahdan etdiyimiz ibadətlərin qəbul olunmasını və günahlarımızın bağışlanmasını diləyirik!