Bəzən Allaha dua edib şəfa istəyərkən dua nə üçün qəbul olmur?
Salam aleykum. Uca Allah sevdiyi qulları həmişə müxtəlif vasitələrlə sınağa çəkər və bu sınaqlara qarşı səbirli olanları sonunda ən gözəl mükafatla müjdələyər və savabını artırar. Bəlalar nəticəsində möminin günahları bağışlanır və ya axirətdə dərəcəsi yüksəlir. Möminin etdiyi dualar heç vaxt boşa çıxmır. Səhih hədisdə bildirilir ki: "Hər bir müsəlman günah və qohumluq əlaqələrinin kəsilməsini tələb etmədən dua edərsə, Uca Allah ona bu üç şeydən birini mütləq verər: Ya istədiyini tezliklə verər, ya Qiyamət gününə saxlayar, ya da etdiyi duanın müqabilində bəlanı ondan uzaqlaşdırar". (İmam Əhməd, 3/18).
Həmçinin, duada israrlı olmaq, uzun müddət dua etmək və səbr etmək lazımdır. Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) demişdir: "Qul tələsmədən, günah və qohumluq əlaqələrinin kəsilməsi üçün dua etmədikcə diləyi qəbul olunmaqda davam edər". Soruşdular: "Ey Allahın Rəsulu, tələsmək nədir?" Belə buyurdu: "Deyər ki, çoxlu dua etdim amma duam qəbul olmadı. O zaman bezər və duanı tərk edər". (Muslim, 2736).
Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbr edənlərə müjdə ver". O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!" - deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).
Ən çox ibadət etmələrinə baxmayaraq ən çox sınağa çəkilən insanlar da peyğəmbərlər (Allahın onlara salamı olsun) olublar: "Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt gələcək?" - dedilər. Həqiqətən, Allahın köməyi yaxındır". (əl-Bəqərə, 214).
"İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!" - demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?" (əl-Ənkəbut, 2).
Siz ruhdan düşmədən dua etməyə davam edin, duanızın qəbul olacağına ümid edin və hər duanıza görə savab qazandığınızı unutmayın. Həmçinin, şəriətimizdə buyurulan şəkildə duaların qəbul olması üçün səbəblərən istifadə edin. Daha ətraflı:
Dualarım qəbul olmur, nə edim?
Səbir edənləri müjdələ!