"Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq" ayəsinin təfsiri nədir?
Və aleykum Salam. Uca Allah əl-Ənam surəsi 38-ci ayədə belə buyurur: "Yer üzündə gəzən heyvanların və göydə uçan ikiqanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanacaqlar".
Ayədə "Kitabda" dedikdə Quran deyil, Lövhi-Məhfuz nəzərdə tutulur. İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir:
"Uca Allah buyurur: “Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq”, yəni hər şey barədə elm Allah dərgahındadır. İstər quruda olsun, istər dənizdə, Allah onlardan heç birinə ruzi verməyi və onları idarə etməyi əsla unutmaz. Necə ki başqa bir ayədə Uca Allah belə buyurur: “Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-Məhfuzdadır)” (“Hud”, 6). Yəni onların adlarını, saylarını və yerlərini aydın bilən, hərəkət və duruşlarını elmi ilə əhatə edən Odur. Uca Allah buyurur: “Neçə-neçə canlı var ki, ruzisini öz yanında daşıya bilmir. Onların da, sizin də ruzinizi Allah verir. O, Eşidəndir, Biləndir” (“əl-Ənkəbut”, 60).