"Əhd sandığı" barədə dinimizdə nə deyilir?

    18.08.2025
Kimdən: 
Zaqatala çoci..
Sual: 
ASALAMALEYKUM...Ahit sandığı haqqında şəriətimizdə nə deyilir..yəni səhihdirmi?
Cavab: 

Və aleykum Salam. Yəqin ki sualda Uca Allahın İsrail oğullarına verdiyi "Sandıq" nəzərdə tutulur. Uca Allah bu xüsusda əl-Bəqərə surəsində belə buyurur: "Musadan sonra İsrail oğullarından olan əyanların başına gələnləri bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: “Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!” O dedi: “Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?” Onlar dedilər: “Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?” Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla hamısı döyüşdən üz çevirdilər. Allah zalımları tanıyır. Peyğəmbərləri onlara dedi: “Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O bizə necə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir”. O dedi: “Allah sizin üzərinizə onu hökmdar seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah hər şeyi Əhatəedəndir, Biləndir”. Peyğəmbərləri onlara dedi: “Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər var. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir" (əl-Bəqərə, 246-248). İbn Kəsir bu ayənin təfsirində belə demişdir: 

"Peyğəmbərləri sonra onlara belə deyir: “Talutun hökmdarlığının bərəkətinin əlaməti, sizdən daha əvvəl alınan tabutu Allahın sizə geri qaytarmasıdır. Onun içərisində Rəbbinizdən bir təskinlik- yəni, təmkin və əzəmət vardır. İbn Cureyc (Allah ona rəhmət etsin) demişdir: “Ətadan Uca Allahın Onun içərisində Rəbbinizdən bir təskinlik- ayəsi barədə soruşdum. O, dedi: "Allahın ayələrindən bilib təskinlik tapdıqlarınız"- deyə cavab verdi. əl-Həsən əl-Bəsri də belə demişdir.

Uca Allah buyurur:Musanın ailəsindən və Harunun ailəsindən qalan bəzi şeylər var”. İbn Cərir (Allah ona rəhmət etsin) rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) bu ayə barədə belə demişdir: "Bunlar Musanın əsası və lövhələrin parçaları idi". Qatədə və başqaları da belə demişlər.

Uca Allah buyurur: Onu mələklər gətirəcək”. İbn Abbas (Allah ondan razı olsun) demişdir: “Mələklər tabutu göylə yer arasında daşıyaraq gəldilər və insanların gözü qarşısında onu Talutun önünə qoydular”.

Uca Allah buyurur: Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir- yəni, əgər Allaha və Axirət gününə inanırsınızsa, şübhəsiz ki bunda, sizə gətirmiş olduğum peyğəmbərliyimin və Taluta itaət barədə sizə əmr etdiklərimin doğruluğuna qəti bir dəlil var". 

Teqlər: 
Paylaş: