İslam əxlaqı – başqasını özündən üstün tutmaq

    10.10.2025

İslam dini ən yüksək əxlaqi keyfiyyətləri əmr edir, istənilən pis əxlaqı isə qadağan edir. Peyğəmbər öz ümmətinə tövhidi, qəlbi günahlardan təmizləməyi və əxlaqı dirçəltməyi buyurmuşdur. O buyurur: “Mən yalnız ən gözəl əxlaqı kamilləşdirmək üçün göndərilmi­şəm” (Əhməd, 8939). Peyğəmbər   bu xüsusda səhabələrinə və ümmətinə ən gözəl nümunə oldu. Ənəs (Allah ondan razı olsun) demişdir: “Allah Elçisi söyüş söyməzdi, çirkin söz danışmazdı, lənət etməzdi”. Peyğəmbər buyurur: “Sizə Qiyamət günü mənə ən sevimli və ən yaxın olan şəxslər barədə xəbər verimmi? Ən gözəl əxlaqa sahib olanlar!” (Əhməd, 17732).
İslamın təşviq etdiyi ən böyük əxlaqi keyfiyyətlərdən biri də səxavətli olmaq və öz malını başqaları üçün sərf etməkdir. Ailəsini, həmçinin müsəlman bacı və qardaşlarını özündən üstün tutmaq və onların ehtiyaclarını öz ehtiyaclarından önə çəkmək səxavətin ən böyük nü­mu­nələrin­dəndir. Uca Allah Quranda ənsarları (Mədinə əhlini) bu xüsusiyyətlə vəsf edərək buyurur: “Onlardan (mühacirlərdən) öncə (Mədinədə) yurd salmış, (sonra da) iman gətirmiş kimsələr (ənsarlar) öz yanlarına hicrət edənləri sevər, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır” (əl-Həşr, 9). Bu ayənin nazil olmasının səbəbi vardır. Əbu Hureyra (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi Peyğəmbərin yanına gəlib ehtiyac içində olduğundan şikayət etdi. Peyğəmbər zövcələrinə yemək üçün xəbər göndərdi. Onlar dedilər: “Bizim evimizdə sudan başqa bir şey yoxdur”. Peyğəmbər buyurdu: “Bu kişini kim qonaq edər?” Ənsarlar­dan olan bir kişi dedi: “Mən edərəm”. Həmin kişi qonağı evinə apardı və zövcəsinə dedi: “Allah Elçisinin qonağına hörmət et!” Qadın dedi: “Evdə uşaqların yeməyindən başqa heç nə yoxdur”. Kişi dedi: “Yeməyini hazırla, lampanı yandır, uşaqlar yemək istəyəndə onları yatızdır”. Qadın yeməyi hazırladı, lampanı yandırdı, uşaqları yatızdırdı. Yeməyi qonağa təqdim etdilər. Sonra qadın güya lampanı düzəldirmiş kimi etdi və onu söndürdü. Beləliklə, ikisi də özlərini qonağa yemək yeyirmiş kimi göstərdilər, amma özləri ac yatdılar. Ertəsi gün səhər kişi Peyğəmbərin  yanına gəldi. Peyğəmbər  buyurdu: “Allah bu gecə sizin əməlinizə güldü, yaxud təəccüb etdi”. Sonra Uca Allah bu ayəni nazil etdi: “…özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar” (əl-Həşr, 9).
İndi isə Aişənin (Allah ondan razı olsun) danışdığı bu hekayəyə diqqət edək: “Bir dəfə kasıb bir qadın iki qızı ilə yanıma gəldi. Mən ona üç xurma verdim. O, hər qıza bir xurma verdi, üçüncü xurmanı isə özü yemək istədi. Lakin qızları üçüncü xurmanı da ondan istədilər və o həmin xurmanı da bölüb qızlarına verdi. Mən bu işə heyran qaldım və bunu Peyğəmbərə  danışdım. Peyğəmbər  buyurdu: “Allah ona bu əməlinə görə Cənnəti vacib etdi, yaxud onu Cəhənnəmdən azad etdi”. (İbn Hibban, 448; Muslim, 2630).
İbn Huzeyfə əl-Ədəvi (Allah ondan razı olsun) rəvayət edir ki, Yərmuk döyüşü günü yaralılar arasında əmim oğlunu axtarmağa çıxdım. Öz-özümə düşündüm: “Əgər hələ sağdırsa, heç olmasa ona su içirdim”. Onu tapanda dedim: “Sənə su verimmi?” O, işarə ilə mənə “Bəli” – dedi. Birdən yaxında olan bir nəfərin “ah” səsi gəldi. Əmim oğlu işarə etdi ki, əvvəl onun yanına get. Gördüm ki, o, Hişam ibn əl-Asdır (Allah ondan razı olsun). Ondan da soruşdum: “Sənə su verimmi?” O da işarə edərək: “Bəli” – dedi. Birdən yaxında olan başqa bir adamın “ah” səsi gəldi. Hişam işarə etdi ki, əvvəl onun yanına get. Onun yanına çatanda gördüm ki, o artıq ölüb. Qayıdıb Hişamın yanına gəldim, gördüm o da vəfat edib. Əmim oğlunun yanına qayıtdım, gördüm ki, o da vəfat edib. (İbn Mubərak “əz-Zuhd”, 116).
Məqaləmizi bu hekayə ilə bitirmək istərdim: Əbu Musa Əşari (Allah ondan razı olsun) ölüm ayağında övladlarına vəsiyyət edərək belə dedi: “Ey övladlarım, “çörək sahibini” daim xatırlayın!” Övladları soruşdu: “Çörək sahibi kimdir?” Əbu Musa (Allah ondan razı olsun) dedi: “Əvvəlki ümmətlərdə bir abid vardı. O, yetmiş il ibadətlə məşğul olmuşdu. İbadətini bir dağda olan düzəldilmiş otaqda edər, yalnız ildə bir dəfə şəhərə enərdi. İllərlə Allaha bağlı qaldı, lakin bir gün şəhərdə şeytan onun gözündə bir qadını bəzəyib gözəl göstərdi. Adam yoldan çıxdı və yeddi gün, yeddi gecə onunla günaha batdı (zina etdi). Sonra bəsirət gözü açıldı və qəflətdən oyandı. Oyanıb günahını anladı və dərindən peşman oldu. Evdən çıxdı, göz yaşları içində hər addımında səcdəyə qapanaraq Allaha tövbə etdi. Gecə düşəndə yol onu bir daxmaya gətirdi. Orada on iki miskin qalırdı. Yorğunluqdan taqəti qalmamışdı, özünü onların arasına atıb uzandı. Adəti üzrə bir rahib hər gecə həmin kasıblara çörək göndərirdi. Hər kəsə bir çörək verirdi. Tövbə edən adamı da miskin sandılar və ona da bir çörək verdilər. Sonda on iki nəfərdən biri çörəksiz qaldı. Kişi çörək paylayana dedi: “Mənim çörəyimi niyə vermədin? Mən də acam”. Çörək paylayan cavab verdi: “Mən kiməsə iki çörək verdimmi? Hər adama bir çörək paylamışam. Bu gecə sənə artıq verə bilməyəcəyəm”. Tövbə edən kişi bunu eşitdi, ona verilən çörəyi götürdü və çörəksiz qalan adama uzatdı. Səhər açılanda tövbə edən kişi artıq ölmüşdü. O zaman mələklər onun əməllərini ölçdülər. Yetmiş il ibadəti ilə yeddi gecəlik günahını tərəziyə qoydular, bu zaman günah ağır gəldi. Sonra həmin yeddi gecəlik günahı verdiyi çörəklə tərəziyə qoydular, çörək üstün gəldi”. (İbn Əbu Şeybə “əl-Musannəf”, 13/184-185).

Paylaş: