Quran açdırmaqla gələcəyi bilmək olarmı?

    24.06.2014
Kimdən: 
EBRU
Sual: 
quran acdirmaq gunahmidir ve dogrulugu varmidir?men ALLAHIMA inaniram ondan isteyirem ama meni zorla talehimi oyrenmekcun quran acdiranin yanina apardilar bezileri dogru dedi burda dogruluq ola bilermi?mene gunah yazildimi?xahiw cvb yazin tewekkurler
Cavab: 

Salam aleykum. İslamda bu kimi əməllər fal, sehr, tilsim və cadu kimi çirkin işlərdən sayılır və böyük günahlardandır. Quran açdırmaq üçün deyil, onu açıb oxuyub, başa düşüb və orada yazılanlara əməl etmək üçündür: "And olsun ki, Biz Quranı ondan ibrət almaq, öyüd-nəsihət qəbul etmək üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan, öyüd-nəsihət qəbul edən varmı?!" (əl-Qamər, 22).
"
Bu, insanlar üçün bir açıqlama, doğru yolu göstəricisi və öyüd-nəsihətdir". (Ali İmran, 138).
"Bu Quran isə aləmlərə yalnız bir öyüd-nəsihətdir!" (Yusuf, 104).

Gələcəkdən xəbər vermək hər hansı yolla olursa-olsun, hətta Quranla edilsə belə, haramdır. Ayə və hədislərdə gələcəkdən xəbər vermə, qeybi bilmə, insanın qədərini dəyişdirmə iddiası daşıyan, Uca Allahdan başqa varlıqlardan yardım diləmə qayəsi güdən hər cür xurafat və batil inanclar qadağan edilmişdir. Allahdan başqa heç bir kəsin bilmədiyini, hətta peyğəmbərlərin və mələklərin də onlara vəhy olunmadığı təqdirdə qeybi bilməmələri açıqca bildirilmişdir: "De: "Allahdan savayı göylərdə və yerdə olan heç kim qeybi bilə bilməz!" (ən-Nəml, 65).
"De: "Mən sizə Allahın xəzinələri mənim yanımdadır demirəm. Qeybi də bilmirəm". (əl-Ənam, 50).
"De: "Allahın istədiyi istisna olmaqla, mən özümə nə bir xeyir, nə də bir zərər vermək gücünə sahibəm. Əgər qeybi bilsəydim, əlbəttə, bol-bol fayda əldə etməyə çalışardım və başıma heç bir müsibət də gəlməzdi. Mən yalnız inanan bir qövm üçün nəsihət edən və müjdəçiyəm!" (əl-Əraf, 188).

 

Paylaş: