Biz namaz qılanda cinlər və mələklər bizimlə namaz qılırlarmı?
Əssələmu aleykum. Bizə məlum olan budur ki, cinlər də insanlar kimi Allaha ibadət etməkdə mükəlləfdirlər. Onların əməlisaleh olanları da insanlar kimi namaz qılır, oruc tutur və digər ibadətləri yerinə yetirirlər. Lakin insanlarla birlikdə namaz qılmaları barədə məlumat bildirilməyib. Uca Allah cinlərin özləri barədə belə dediklərini buyurur: "Əlbəttə, aramızda saleh əməl sahibləri də, onlar kimi olmayanları da var. Biz ayrı-ayrı yollar tutmuşuq" (əl-Cinn, 11).
Lakin bir hədisdə bildirilir ki, insan namaz qılarkən mələklər onunla birlikdə namaz qılır. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Əgər bir kişi səhrada və ya çöllükdə olarkən namaz vaxtı çatarsa, qoy dəstəmaz alsın. Əgər su tapmasa, təyəmmüm etsin. Əgər namaz üçün yalnız iqamə gətirsə, onunla birlikdə iki mələyi namaz qılar. Əgər namaz üçün azan deyib iqamə gətirsə, onun arxasında Allahın ordularından (mələklərdən) ucu-bucağı görünməyən qədər çoxu namaz qılar" (Sahih ət-Tərğib, 249; ət-Tabərani, 6120; əl-Beyhəqi, 1982).