Ərimə qarşı itaətsizlik etmədiyim halda qürurumu sındırmağa çalışır, İslamda buna münasibət necədir?

    17.07.2026
Kimdən: 
G
Sual: 
Yoldaşım ailəsindən belə gördüyü üçün ona qarşı itaətsizlik etmədiyim halda mənim onun qarşısında əzilməyimi, sınmağımı istəyir. Mən isə xarakter olaraq belə biri deyiləm. Daima “sən sınacaqsan,” qələt eləmişəm de” və,s kimi etik olmayan sözlərdən istifadə edir. Özünə də haqq qazandırır ki qadının ərinin yanında qüruru olmaz. Haqlıdırmı?
Cavab: 

Əssələmu aleykum. İslamda ərin haqqı böyükdür, lakin bu, qadının şəxsiyyətini alçaltmaq, onu sındırmaq və ya təhqir etmək mənasına gəlmir. Uca Allah buyurur: "Onlarla xoş rəftar edin" (ən-Nisa, 19). İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində belə demişdir: "Uca Allah buyurur: “Onlarla xoş rəftar edin”, yəni onlarla gözəl şəkildə danışın, davranışınızı və zahiri görünüşünüzü bacardığınız qədər yaxşılaşdırın. Qadının sənə qarşı necə olmağını istəyirsənsə, sən də ona qarşı elə ol. Necə ki Uca Allah başqa bir ayədə buyurur: “Kişilərin qadınlar üzərində şəriətə müvafiq haqları olduğu kimi, onların da kişilər üzərində haqları vardır” (“əl-Bəqərə”, 228). Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: “Sizin ən xeyirliniz öz ailəsinə qarşı xeyirli olanınızdır. İçinizdə ailəsinə qarşı ən xeyirli olan mənəm”. (ət-Tirmizi, 3895, 4269; İbn Məcə, 1977​​​​​​​). Gözəl rəftar, daim gülərüz olmaq, ailəsi ilə arabir zarafat etmək, onlara qarşı mülayim olmaq, onların maddi dolanışığını təmin etmək və qadınları ilə deyib-gülmək Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əxlaqı idi. Hətta o bəzən möminlərin anası Aişə (Allah ondan razı olsun) ilə yarışar və bununla ona olan sevgisini göstərərdi. Aişə (Allah ondan razı olsun) belə deyirdi: “Bir dəfə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənimlə qaçışda yarışdı və mən onu keçdim. Bu mən kökəlməmişdən öncə idi. Mən kökəldikdən sonra bir daha yarışdıq və bu dəfə o məni keçdi və dedi: “Bu, əvvəlkinin əvəzi idi”. (Əbu Davud, 2578). Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) zövcələri hər axşam onun gecələyəcəyi evdə toplaşardılar. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bəzən şam yeməyini onlarla birlikdə yeyər, sonra hər kəs dağılışıb öz evinə gedərdi". (Əzəmətli Quranın Təfsiri). 

Ərin itaət tələb etməsi yalnız şəriətin icazə verdiyi çərçivədədir, qadını alçaltmaq və ləyaqətini tapdalamaq isə İslamın əxlaqına ziddir. Yoldaşınızla sakit vaxtda bu məsələni hikmətlə müzakirə edin, mümkün olarsa, elm sahibi və etibarlı bir şəxsi də vasitəçi edin. Ailə həyatının əsası qarşılıqlı hörmət, mərhəmət və gözəl rəftardır, bir-birini sındırmaq deyil. Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: