Uca Allahın "O kəslər ki, qeybə iman gətirir..." (əl-Bəqərə, 3) ayəsinin mənası nədir?

    04.08.2026
Kimdən: 
Emil
Sual: 
Salam Aleykum.. Beqere suresinin 3cu ayesinde - O kəslər ki, qeybə iman gətirir ... zehmet olmasa bu barede izah vererdiz.. Burda tam olaraq neden behs edir? Ne nezerde tutulur?
Cavab: 

Və aleykum Salam. Uca Allah əl-Bəqərə surəsində belə buyurur: "Əlif, Ləm, Mim. Bu, özündə heç bir şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər" (əl-Bəqərə, 1-3). Böyük təfsir alimi İbn Kəsir (Allah ona rəhmət etsin) ayədə keçən "qeyb" sözünün təfsirində belə demişdir: "Ayədə gələn “qeyb” sözünün mənasına gəlincə, sələf alimlərinin bu barədə sözləri müxtəlifdir. Bu deyilənlərin hamısı doğrudur və hamısı ayədə nəzərdə tutulmuşdur. Əbul-Aliyə demişdir: “Qeybə iman gətirir”- yəni, Allaha, mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, Cənnət və Cəhənnəminə və Onunla görüşəcəyinə iman gətirərlər. Həmçinin, ölümdən sonrakı həyata və dirilməyə iman gətirərlər. Bunların hamısı qeybdir. Qatədə də belə söyləmişdir. İbn Abbasdan(Allah ondan razı olsun) rəvayət olunur ki, o demişdir: “.... qeybə iman gətirir”- yəni, Allahdan gələnlərə iman gətirərlər”. Zirr (Allah ona rəhmət etsin) demişdir: "Qeyb – Qurandır". Əta ibn Rabəh (Allah ona rəhmət etsin) demişdir: “Allaha iman gətirən qeybə iman gətirmişdir”. Zeyd ibn Əsləm (Allah ona rəhmət etsin) demişdir: “Qeybə”- yəni, qəza və qədərə”. Bu deyilənlərin hamısı biri-birinə yaxın və eyni mənalıdır, çünki bu söylənilənlərin hamısı iman gətirilməsi vacib olan qeybdən sayılır.

Abdur-Rahmən ibn Yəzid (Allah ona rəhmət etsin) demişdir: "Bir dəfə Abdullah ibn Məsudun yanında oturmuşduq və biz orada Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələrindən və onların xeyirxah işlərdə öndə getməklərindən danışırdıq. Abdullah ibn Məsud (Allah ondan razı olsun) dedi: "Həqiqətən, Muhəmmədin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) peyğəmbər olması onu görən üçün aydın idi. Özündən başqa haqq məbud olmayan Allaha and olsun ki, Peyğəmbəri (ona və ailəsinə Allahın salavatı və salamı olsun) görmədən iman gətirənin imanından daha üstün iman yoxdur”. Sonra bu ayəni oxudu: “Əlif Ləm Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir Kitabdır. O kəslər ki, qeybə iman gətirir, axirətə də yəqinliklə inanırlar. Onlar öz Rəbbindən gələn doğru yoldadırlar. Məhz onlar nicat tapanlardır” (əl-Bəqərə, 1-5) sözünə qədər oxudu”. (Səid ibn Mənsur, 180; əl-Hakim, 3033). ...Əhməd bu hədisin mənasında olan Əbu Cumadan rəvayət edilən başqa bir hədis gətirmişdir. Əbu Cuma demişdir: “Bir dəfə Peyğəmbərlə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nahar yeməyi yedik. Əbu Ubeydə ibn əl-Cərrah da bizimlə idi. O dedi: "Ey Allahın Elçisi, bizdən daha xeyirli kimsə varmı? Səninlə birlikdə iman gətirdik, səninlə birlikdə cihad etdik”. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Bəli, var. Sizdən sonra gələn qövm, məni görmədikləri halda mənə iman gətirənlərdir”. (Əhməd, 16977 , 17018, 17102). Hədisi İbn Mərdəveyh daha uzun mətnlə rəvayət etmişdir. Hədisin sonunda Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Sizə iman gətirməyə nə mane ola bilər ki? Allahın Elçisi aranızda və sizə səmadan vəhy gətirir. Sizdən sonra elə qövm gələcək ki, onlara iki lövhə arasında kitab gələcək, ona iman gətirib, içindəkilərə əməl edəcəklər. Onlar savab baxımından sizdən daha üstündütrlər (bunu iki dəfə təkrarladı)”. (ət-Tabərani “Mucəmul-Kəbir” 3460; Silsilə əs-Səhihə, 3310).​​​​​​​

Teqlər: 
Paylaş: