Quranda keçən "bəlkə", "olsa bilsin" sözlərinin mənası nədir?
Və aleykum Salam. Qurani-Kərim ərəb dilində nazil olmuşdur. Buna görə də Quranda işlənən لعل (ləallə) və عسى (asə) "ola bilsin", "bəlkə" sözləri ərəb dilində daşıdıqları mənalara, cümlənin məzmununa və mövcud olan dəlillərə əsasən başa düşülür. Əgər bu ifadələr Allaha nisbət edilirsə, onların ümid və təşviq mənasında işlənməsi daha üstün görünür və o zaman onlar gerçəkləşməsi qəti olan və vacib edilən bir məna daşıyır. Quranda "bəlkə", "ola bilsin" kimi tərcümə olunması onların Allah haqqında şübhə və ya qeyri-müəyyənlik bildirməsi demək deyil. Ərəb dilində bu sözlər kontekstə görə ümid, təşviq və gözlənti mənasında işlənir. Allah haqqında işlədildikdə isə alimlər bildiriblər ki, Allahın vəd etdiyi və ümid etdirdiyi şey mütləq gerçəkləşir. Məsələn, Uca Allah buyurur: "Ey iman gətirənlər! Sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizə də oruc tutmaq vacib edildi ki, bəlkə pis əməllərdən çəkinəsiniz" (əl-Bəqərə, 183). Yəni oruc sizi mütləq pis əməllərdən çəkindirəcək.